“CİDDİ SINAQLARLA ÜZ-ÜZƏ QALACAĞIQ...” – “Milli Məclisdə tənqidi çıxışların edilməsinə imkan yaradılmalıdır”
“Siyasətdə bu və ya digər motivlərlə kimlərəsə daxili rəğbətin müxtəlif formalarda nümayiş etdirilməsi, reveranslar edilməsi rast gəlinən haldır.
Bir çox hallarda doğru, yaxud yanlış olaraq vəziyyətin dəyişəcəyi barədə düşüncələr belə davranışa rəvac verir. Son vaxtlar Rusiyada tez-tez belə halları müşahidə etmək mümkündür”.
AzPolitika.info xəbər verir ki, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirə edilərkən, israr etsə də, ona söz verilməməsi haqda danışarkən deyib.
Q.Həsənquliyev “xalqcebhesi.az” saytına açıqlamasında daha sonra bildirib:
“Daxili Nizamnamənin 13-cü maddəsinə görə, iclasa sədrlik edən çıxış etmək üçün israr edən deputatlara söz verir. Dəfələrlə bu barədə danışılsa da, qanunun bu tələbi yadda qalmır. Ona görə həmin normanın iri hərflərlə yazılıb Milli Məclisin iclas salonunda hər kəsin görə biləcəyi yerdə asılmasına ehtiyac var...
Milli Məclisdə tənqidi və fərqli çıxışların edilməsinə imkan yaradılmalıdır. Sədrin mənə cavabından ikinci oxunuşda da çıxış etmək imkanı yaradılmayacağı qənaətindəyəm, ona görə də çıxışımın mətnini sizə təqdim edirəm...”
Millət vəkilinin baş tutmayan çıxışının mətnini təqdim edirik:
"Bazar iqtisadiyyatına keçid etməliyik"
Büdcə gəlirlərinin artması səbəbindən, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi təqdirəlayiq hal olsa da, narahatlıq doğuran müəyyən məsələlər də var.
Qanun layihəsinə dair təqdim olunmuş izahatda vergilər xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 8 milyard 903 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə 545 milyon manat çoxdur. DGK-nın xətti ilə daxilolmalar 5 milyard 728 milyon manat məbləğinə çatdırılır ki, bu da 2023-cü ilin təsdiq olunmuş göctəriciləri ilə müqayisədə 924 milyon manat və ya 19.3 % çoxdur. Hökumət bu artımı əmtəə bazarlarında qiymət dinamikaları və cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti ilə əlaqələndirir (İzahatın 3-cü səhifəsi).
Neftin qiymətinin baha olması səbəbindən bu sektordan daxilolmaların artması başadüşüləndir, amma qeyri-neft sektorundan əlavə dəyər yaratmadan gömrük və vergi daxilolmaları üzrə proqnozların bu qədər artırılmasının qiymət artımına və inflyasiyaya yol açacağı şübhəsizdir.
Bizə məlumat verilmir ki, nə qədər yeni iş yeri açılıb, idxal əməliyyatları ilə məşğul olan fiziki və hüquqi şəxslərin sayında nə qədər artım var? İdxal niyə artır? İdxal olunan malların çeşidində və həcmində artım nə qədərdir? Bu rəqəmlərdə ciddi artım olmadan yalnız qiymət dinamikasına görə proqnozların bu qədər artırılması kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmır.
Hamımız başa düşürük ki, Qarabağı bərpa etmək, Ordunu gücləndirmək lazımdır. Amma ömür də keçir. Mənə verilən məlumata görə, 8 minə qədər müharibə əlili, şəhid ailəsi ev növbəsindədir, ehtiyata buraxılmış zabitlər 5-6 il mənzil növbəsində gözləyir, onlara ev verilənə qədər cəmi 350 manat mənzil kirayə haqqı ödənilir. Həmin vəsaitlə necə normal mənzil kirayələmək olar? Həm də ordudan başqa Silahlı Qüvvələrə daxil olan digər hərbi birləşmələrin zabitlərinə bu hüquq tanınmır. Niyə? Axı onların hamısı müharibə dövründə Ordumuzla birlikdə torpaqlarımızın azadlığı üçün çiyin-çiyinə döyüşürdü. Bu ədalətsizliyin aradan qaldırılması və qeyd etdiyim kateqoriyadan olan şəxslərin də digərləri ilə birlikdə ən geci 2-3 il ərzində mənzillə təmin olunması məqsədilə əlavə vəsait ayrılmasını təklif edirəm. Neft Fondundan bu məqsədlə vəsait ayırmaq lazımdır. Çox da səmərəli istifadə olunmayan Neft Fondunun vəsaitləri həmin kateqoriyadan olan insanlara göz dağına çevrilməməli, həssas təbəqədən olan insanların sosial problemlərinin həllinə yönəldilməlidir. Cari ilin 1-ci rübündə orta illik inflyasiyanın 13.4 % , ərzaq malları üzrə orta illik inflyasiyanın 16.6 % olmasını nəzərə alaraq, digər dövlət orqanları ilə müqayisədə ən az maaş alan DİN və FHN-nin əməkdaşlarının, Ədliyyə Nazirliyində müəyyən kateqoriyadan olan şəxslərin, həkimlərin, müəllimlərin əmək haqlarının, pensiyaların əhəmiyyətli məbləğdə artırılmasına ehtiyac var.
Bundan başqa, mülki cəmiyyəti və çoxpartiyalı sistemi inkişaf etdirmək üçün reklam bazarı olmadığını nəzərə alaraq, KİV-lərə, xarici donorlardan qrant almaq imkanı olmadığından QHT-lərə, o cümlədən siyasi partiyalara kömək məqsədilə büdcədən ayrılan vəsait artırılmalıdır. Yeri gəlmişkən, onu da qeyd edim ki, Qarabağda təbiətimizi vəhşicəsinə istismar edən işğalçılara Şuşada etiraz edən QHT-lərin fəaliyyəti daha ciddi dəstəklənməli idi və dəstəklənməlidir.
Büdcə gəlirlərini artırmaq, onun oğurlanmasının qarşısını almaq və ondan daha səmərəli istifadə üçün şəffaflıq artırılmalı, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı, dövlət inhisarçılığına son qoyulmalı, rəqabət mühiti yaradılmalı, vergi və rüsumlardan azad etməklə proteksionizmə son qoyulmalı, böyük özəlləşdirməyə gedilməli, investisiya cəlbi üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər görülməlidir.
İzahatda Rusiyada sanksiyalar ucbatından neft hasilatının azalacağı proqnozlaşdırılsa da, Rusiya-Ukrayna müharibəsinin uzun müddət davam etməsi ehtimalı çox azdır. Allah yardımçı olsun ki, müharibə tez bitsin, insanlar həyatını itirməsin. Amma onu da nəzərə almalıyıq ki, müharibə başa çatan kimi Rusiyanın müəyyən xərcləri qarşılaması üçün sanksiyalar aradan qaldırılacaq və Rusiya neft və qaz hasilatını kəskin artıracaq, bunun nəticəsində enerji daşıyıcılarının qiymətləri aşağı düşəcək və biz 2014-cü ildə olduğu kimi ciddi sınaqlarla üz-üzə qalacağıq. Bütün bunları nəzərə alıb, nəhayət ki, dövlətin iqtisadiyyatda iştirakını minimuma endirib bazar iqtisadiyyatına keçid etməliyik.
Bu xəbər üçün şərh yazın