“ÇİRKLİ PULLAR” İTTİHAMI VƏ DEPUTAT MANDATI...

“ÇİRKLİ PULLAR” İTTİHAMI VƏ DEPUTAT MANDATI... - Londonda məhkəməsi gedən Feyziyev Azərbaycanda müəssisə alır!...

Bir neçə gün əvvəl “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərtütün” ASC-nin 85 faizlik səhm paketinin “Tabaterra Leaf” QSC adlı şirkət tərəfindən 17 milyon 281 min 464 min manata alındığı barədə məlumat yayıldı.

Ardınca məlum oldu ki, müəssisəni alan Elman Cavanşir adlı şəxsdir ki, o da Milli Məclisin oliqarx üzvlərindən olan Cavanşir Feyziyevin qardaşı oğludur. Bu o deməkdir ki, reallıqda şirkəti C.Feyziyev alıb.

O Feyziyev ki, cəmi bir ay əvvəl barəsində Böyük Britaniya Məhkəməsində “çirkli pulların yuyulması”yla bağlı iddia qaldırılıb. İngiltərə hüquq-mühafizə orqanları isə onun ailə üzvlərinin hesablarındakı 20.5 milyon dollara həbs qoyub. Yeri gəlmişkən, bu məbləğə “Azərtütün”ü rəsmən alan Elman Cavanşirin hesabındakı təxminən 1 milyon funt sterlinq də daxildir.

İttiham tərəfi bildirir ki, Feyziyev Azərbaycandakı iri əczaçılıq şirkəti “Avromed”in həmtəsisçisidir, bu şirkət müsadirə prosesinə aid deyil, amma o, “çirkli pullar”ın Londona daşınmasında mərkəzi fiqur olub. Çünki müsadirəsi nəzərdə tutulan pullar onun nəzarətindəki bank hesablarından göndərilib. Həmin pullar deputatın Latviyadakı ABLV bankdakı hesabından daxil olub, öz növbəsində həmin bankda “Avromed” şirkətinin hesabı olub və ora 34.5 milyon dollar köçürülüb. “Avromed” şirkətinin hesabına “Hilux” və “Polux” adlı iki offşor şirkətdən cəmi 36 milyon dollar daxil olub, amma həmin pulların tranzaksiyasına dair təqdim edilən sənədlər saxtadır. Lakin bütün bu ittihamlara və faktlara, həmçinin İngiltərə məhkəməsində barələrində qalmaqallı korrupsiya araşdırması davam etməsinə baxmayaraq, sanki heç nə olmamış kimi Azərbaycanda bu adamlara kifayət qədər ciddi əhəmiyyətə və dəyərə malik müəssisə verilir...

Doğrudur, bizim parlament ailə üzvlərinin adına Rusiyada striptiz-klub işlədən Oqtay Əsədov kimi spiker, siqaret monopolisti olmuş Rüfət Quliyev, mandatını girov qoyub borc götürən və tikinti sektoruna girişən Rafael Cəbrayılov və digər çoxlu sayda bu kimi biznemen-deputatlar görüb və görməkdədir. Lakin onların adı xarici ölkə məhkəmələrində iri məbləğdə korrupsiya, maliyyə cinayətlərində, beynəlxalq fırıldaqçılıqda, “çirkli pulların yuyulmasında” hallanmayıb. Yəni “qəhrəmanlıqları” ölkə hüdudlarını aşmayıb. C.Feyziyev isə onların hamısını geridə qoyaraq, Azərbaycanın, Azərbaycan parlamentinin adını İngiltərə məhkəmələrinin divarları arasında heç də xoş olmayan akustikada sələndirməyə nail olub...

Yaxşı, bütün bunların qarşılığında ölkənin hüquq-mühafizə, məhkəmə, vergi orqanlarının, həmçinin parlamentin özünün bu deputatla bağlı susqunluğunu nəylə izah etmək olar? Niyə Azərbaycanın qanunverici orqanının təmsilçisinin adı belə çirkli işlərdə keçməlidir - bunu ondan soruşan olubmu?

Burada Milli Məclisin də mövqeyi əhəmiyyətlidir. Belə ki, deputatlar bu ilin yayında polisə şillə vuran Eldəniz Səlimovun məsələsini dərhal müzakirəyə çıxarmışdılar. Ardınca bu deputatın toxunulmazlığını götürdülər, onu hər cür qınağa, tənqidə məruz qoydular və nəticədə məhbəsə gedən yolunda yaşıl işıq yandırdılar. Hansı ki, həmin deputatın xuliqanlıq əməlilə müqayisədə Cavanşir Feyziyev barədə Londonda başlanan araşdırma və ortaya qoyulan faktlar daha heyrətamiz və Azərbaycanın imici, dövlətçiliyi, eləcə də parlamentin özünün nüfuzu adına qat-qat daha zərərli və təhlükəlidir.

C.Feyziyev həm də Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. O ölkə ki, onunla əlaqələr Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Bəs, belə reputasiyalı deputatın hansısa xarici ölkədə, beynəlxalq təşkilatın tribunasında Azərbaycanı təmsil edəcək siyasi, mənəvi haqqı olacaqmı? Onun dilindən səslənən Azərbaycan həqiqəti və ümumilikdə ölkəmizin mövqeyi nə dərəcədə ciddi və inandırıcı görünəcək?

Dünyanın əksər ölkələrində biznesmenlər deputat olmağa, parlamentə düşməyə, siyasətə qatılmağa can atırlar və buna normal baxılır. Lakin o şərtlə ki, sözügedən şəxslərin biznesləri şəffaf, özləri isə korrupsiyadan və digər kriminal məsələlərdən uzaq olsunlar. Ən azından bu şərtlər təmin olunduğu təqdirdə hansısa biznesmenin deputat olmasına heç bir maneə yoxdur, əksinə, bundan həm dövlət, həm bütövlükdə cəmiyyət, həm də onun seçiciləri qazanmış olur.

Ancaq təəssüf ki, Azərbaycanda bu şəffaf şərtlər altında parlamentə düşən deputat yoxdur. Biznesmen-deputatların sayəsində Milli Məclis az qala “iş adamları dərnəyinə” çevrilsə də, bu adamların demək olar ki, hamısının biznesi "çirklidir". Eyni zamanda, qanunvericilik buna imkan verməsə də, reallıqda öz bizneslərini qohum-əqrəbalarının adlarına rəsmiləşdirib, yenə özləri idarə etməkdədirlər. Bəziləri heç zəhmət çəkib bunu da etmirlər, yəni deputat ola-ola biznesləri öz adlarında qalır. Bəs, görəsən, nə vaxta qədər parlament və deputat mandatı kimlərinsə çirkli biznesləri üçün “krışa” rolu oynayacaq?...

Cəlal Məmmədov

AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər