Daşkəsən və Göygöl rayonlarında aqrar sahədə aparılan monitorinqlərin nəticələri müəyyənləşib - FOTOLAR
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (Agentlik) dəstəyi ilə icra olunan “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsi çərçivəsində Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu (“Şadax” daxil olmaqla), Bayan kəndləri, eləcə də Göygöl rayonunun Tülallar kəndində aparılmış monitorinqlərin nəticələri məlum olub.
Belə ki, cari ilin 24-27 iyul tarixlərində adıçəkilən ərazilərdə aqrar sahədə mövcud vəziyyətin yoxlanılması, cəmiyyətin aktiv hasilat və istehsalat fəaliyyətinin ətraf ərazilərə təsirinin qiymətləndirilməsi məqsədilə heyvan, bitki, torpaq və su mənbələrindən götürülmüş nümunələr əsasında aparılmış laborator analizlərin nəticələrinə görə məhsuldarlığa, eləcə də sağlamlığa mənfi təsir edən faktorların olmadığı müəyyən edilib. Həmçinin fermerlər arasında aparılmış sorğu zamanı onların maddi-texniki ehtiyacları, təsərrüfat fəaliyyətlərində qarşılaşdığı əsas problemlər təhlil edilərək, ümumiləşdirilib.
Faktinfo.az xəbər verir ki,növbəti mərhələdə qlobal antropogen amillərin aqrar sahədə məhsuldarlığa mümkün təsirləri nəzərə alınaraq, fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsi məqsədilə müvafiq sahələri əhatə edən tədbirlər planının hazırlanması və beləliklə, praktiki addımların atılması, zəruri dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “AzerGold” QSC-nin Agentliyə müraciəti əsasında icra edilən layihədə əsas məqsəd Cəmiyyətin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi bölgələrdə dayanıqlı inkişafı məqsədlərinə nail olunması, o cümlədən yerli icmalarla işin gücləndirilməsi, aqrar sahənin dəstəklənməsi və inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi, bölgə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasıdır.
Bu xəbər üçün şərh yazın