Deputat bahalaşmanı tənqid etdi-

Deputat bahalaşmanı tənqid etdi- Neft 40 faiz baha olduğu bir vaxtda ...

“Ötən il infilyasiyanın 13 faiz, ərzaq məhsulları qiymətlərinin isə 15 faizdən çox artırılması müqabilində bu ilin martından əmək haqları 10 faiz artırıldı.

 Beləliklə, maaşları artırılan vətəndaşların əksəriyyətinin əmək haqqına 20-30-40 manat əlavə oldu. Bu məbləğ çox az olduğundan, əhalinin infilyasiya nəticəsində məruz qaldığı itkilərini belə ödəmir. Əhalinin aztəminatlı təbəqəsinin güzəranının ağırlaşdığı bir zamanda metro və avtobuslarda gediş haqqının artırılması, həmin nəqliyyat növlərindən daha çox istifadə edənlərin ailə büdcəsinə mənfi təsir göstərəcək”.

Bu fikirləri İqtisadi İnnovasiyalar İnstitunun rəhbəri, millət vəkili Əli Məsimli Tarif Şurasının ictimai nəqliyyatda qiymətləri 50 fazi artırması barədə qərarını Strateq.az-a şərh edərkən bildirib.

Deputat ictimai nəqliyyatdan daha çox istifadə edən vətəndaşların ciddi zərər çəkəcəyini deyir: “Elə ailə var ki, gündə evində 3-4 şəxs azı 2-3 marşrut dəyişərək işə, məktəbə və sair yerlərə gedir. Təbii ki, işdən də evə qayıdarkən 2-3 nəqliyyat vasitəsi dəyişir. Metro və avtobuslarda gediş haqqının 50 faiz artırılması, sözügedən kateqoriyaya aid insanların vəziyyətinə daha ciddi təsir göstərəcək”.

Ə.Məsimli hesab edir ki, bu bahalaşma digər sahələrdə də qiymət artımına yol açacaq. O ki qaldı tarifləri qaldıran zaman verilən əsaslandırmalara, millət vəkili bunu doğru saymır: “Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin başqa ölkələrlə müqayisədə aşağı olması ilə bağlı müqayisələr birtərəfli xarakter daşıyır və real mənzərini tam əks etdirmir. Çünki müqayisə olunan ölkələrin hamısında minimum və orta aylıq əmək haqları da Azərbaycandakından yüksəkdir. Digər tərəfdən, Azərbaycan neftinin dünya bazarında qiymətinin 2018-ci ilin büdcə proqnozlarında göstərildiyindən 40 faiz baha olduğu bir vaxtda, Tarif Şurasının qiyməti qaldıran zaman gətirdiyi arqumentlər əhəmiyyətsiz bir şeyə çevrilir”.

Əli Məsimli hesab edir ki, tariflərin artmasının aztəminatlı təbəqənin güzəranına mənfi təsirini aradan qaldırmaqdan ötrü əlavə tədbirlərə ehtiyac var:

“Biz 2018-ci ilin büdcəsinə yenidən baxılarkən irəli sürdüyümüz təklifi bir də səsləndiririk. 2018-ci il ölkəmiz üçün əlamətdar ildir, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilidir. Bir də belə bütöv yubiley 100 ildən sonra olacaq. Digər cəhətləri ilə yanaşı, həm də mənəvi bir yük daşıyan yubiley ilində hökumətin atdığı addımların heç biri əhalinin güzəranının pisləşməsinə yönəldilməməlidir. Ona görə də heç olmasa AXC-nin yubiley ilində əhalinin güzəranının pisləşməsinin qarşısını alan addımlar atılmalıdır. Tariflər qaldırılırsa, mütləq əmək haqları, xüsusən də əhalinin aztəminatlı təbəqəsinin maaşları, pensiyaları, müavinətləri, tələbə təqaüdləri və sair ödəmələr də artırılmalıdır”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər