Deputat Qarabağ qazilərinin müdafiəsinə QALXDI:

Deputat Qarabağ qazilərinin müdafiəsinə QALXDI: “Bu insident ürəkaçan deyil!”

Bu günlərdə Azərbaycanın Dövlət Neft Şirkətilə (SOCAR) bir qrup Qarabağ əlili arasında insident yaşanır. İnsident zamanı hər iki tərəfdən xəsarət alanlar və müxtəlif xəstəxanalara yerləşdirilənlər var.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə qeyd olunan hadisəyə təəssüfünü gizlətməyib:

“Neft boruları və kəmərlərinin üzərində tikinti gedirsə, bu, qanunsuzdur. Amma digər tərəfdən baxanda ki, həmin evin sağında və solunda tikintilər gedib, onda sual yaranır Qarabağ əlili üçün bu şərait niyə yaradılmır?

Mən görüntüləri izləyəndə gördüm ki, Qarabağ əlilinin yarımçıq tikintisi olub. Tikinti davam etdirilmək istəyəndə gəlib müqavimət göstəriblər. Yəni ərazidə əvvəlcədən özül var, az da olsa tikinti aparılıb. Niyə davam etdirilməsi bu cür qarşılanır? Bu baxımdan hesab edirəm ki, vaxtilə ərazidə tikintiyə icazə verənlər, nəyinsə müqabilində buna göz yumanlar - istər bələdiyyə olsun, istər İcra Hakimiyyəti olsun, onlar qalıb kənarda, özünə daxma düzəldən Qarabağ əlilinə qarşı qanun tətbiq olunur. Axı hansı haqla?! Bu, başadüşülən deyil! Mən hesab edirəm ki, istər SOCAR əməkdaşlarına qarşı, istərsə də qazilərimizə qarşı bu insidentin yaranması ürəkaçan deyil. Əməkdaşlar da əmr alıb müdaxilə edirlər. Ona görə düşünürəm ki, məsələyə obyektiv qiymət verilməlidir”.

Ç.Qənizadə vurğulayıb ki, qanunsuz tikili olsa belə, məhkəmə qərarı olmadan orada söküntü aparıla bilməz:

“Bunun icrası məhkəmə qərarı ilə məhkəmə icraçıları tərəfindən həyata keçirilə bilər. Xəbərdarlıq edilə bilərdi, tikintini dayandıra bilərdilər. Amma əməkdaşların vətəndaşın həyətinə keçib lapatka ilə, taxta parçaları ilə dama çıxıb söküntü aparması qanunsuzdur. Bu baxımdan hesab edirəm ki, SOCAR əməkdaşlarının həmin anda etdikləri qanunaziddir. İkinci tərəfdən polis əməkdaşlarının əraziyə çağırılmasını məqsədəuyğun hesab etmirəm. Məlum olur ki, polisləri də SOCAR-ın əməkdaşları ora dəvət ediblər. Belə olan halda, bu da polisin zor tətbiq edilməsi kimi qiymətləndirildi. Amma sonra aydınlaşdırıldı ki, polis münaqişə edənləri ayırmaq üçün əraziyə gəlib. Mən SOCAR əməkdaşlarını məsələyə obyektiv yanaşmağa çağırıram”.





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər