DEPUTATLA MOK-un VİTSE-PREZİDENTİ ARASINDA 500 MİNLİK QALMAQAL – İbrahimovlar onları üz-üzə qoyub
Deputat Adil Əliyev iddia edir ki, 11 il əvvəl mənzil və obyekt almaqdan ötrü yarım milyon manatdan çox pul xərcləsə də, aldadılıb.
Deputat bu məsələ ilə əlaqədar son iki ildə məhkəmə yollarında qalıb. Onun şikayətinə bir dəfə Nərimanov rayon Məhkəməsində, iki dəfə Bakı Apellyasiya Məhkəməsində, iki dəfə də Ali Məhkəmədə baxılıb.
A.Əliyevin sözlərinə görə, o, 2008-ci ilin fevral və iyun aylarında «Sahil-D Company» şirkətinin Xətai rayonu, F.Bayramov küçəsi-1156 ünvanında tikdiyi binalardan birinin 10-cu mərtəbəsində 101.5 kvadratmetrlik ikiotaqlı mənzil, o birinin isə birinci mərtəbəsində 200 kvadratmetrlik qeyri-yaşayış sahəsi alıb. Mənzilə görə 77 min, obyektə görə də 425 min manat pul ödəyib. 10 il sonra məhkəməyə üz tutan deputat iddia edib ki, bu əmlakların pulunu ödəsə də, indiyədək istifadə edə bilmir. Məhkəmədən də istəyi belə olub ki, «Sahil-D Company»nin üzərinə mənzil və qeyri-yaşayış sahəsini ona təhvil vermək öhdəliyi qoyulsun.
Şirkət rəhbərliyi deputatın haqsız olduğunu deyir
Məhkəmədə məlum olub ki, sözügedən əmlaklar xeyli vaxtdır başqa adamların istifadəsindədir. O adamlar - Çingiz Hüseynzadə, Şəvahət Əsgərov, Kəmalə Qasımova da maraqlı tərəf kimi məhkəmə prosesinə cəlb olunub.
Şirkət rəhbərliyi isə deputatın haqsız olduğunu iddia edir. Nümayəndəsi də məhkəmədə deyib ki, «Sahil D Company» ilə A.Əliyev arasında bağlanmış müqavilə yoxdur. Onun sözlərinə görə, deputatın tələb etdiyi əmlaklar qanuni qaydada adları çəkilən maraqlı şəxslərə satılıb.
A.Əliyevin məhkəməyə təqdim etdiyi müqaviləyə gəlincə, nümayəndə belə izah edib:«Şirkətin keçmiş icraçı direktoru Məzahir Cəfərov müxtəlif adamları aldadıb, eyni mənzilləri bir neçə nəfərə satmışdı. Ona görə də barəsində cinayət işi başlanmışdı. Lakin o intihar etdi, bu əsasla barəsindəki işə xitam verildi. Adil Əliyev ötən 10 ildə bir dəfə də olsa, əmlakların ona təhvil verilməsi üçün müraciət etməyib. Bu 10 ildə əmlakları ilə maraqlanmayıb. Bütün bunlar onun təqdim etdiyi müqavilələrin sonradan, qanunsuz yolla bağlandığını deməyə əsas verir».
A.Əliyev isə bildirir ki, bu müddətdə dəfələrlə müraciət edib, amma əmlaklarını ala bilməyib.
K.Qasımova da deyir ki, deputatın iddia etdiyi qeyri-yaşayış sahəsi ona məxsusdur, pulunu tam ödəyib, alıb.
Məhkəmə deputatın xeyrinə qərar çıxarıb
Nərimanov rayon Məhkəməsi deputatın iddiasını təmin edib – həm mənzilin, həm də obyektin ona təhvil verilməsi barədə qərar çıxarıb. Şirkət rəhbərliyi və maraqlı şəxslər qərardan apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi mənzillə bağlı hissədə qərarı olduğu kimi saxlasa da, obyektin ona verilməsi hissəsində ləğv edib. A.Əliyev də bu qərarla razılaşmayıb, Ali Məhkəməyə üz tutub.
Bu dəfə Ali Məhkəmə apellyasiya instansiyasının qərarını ləğv edib, obyekt məsələsinin yenidən araşdırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Bu dəfə isə həmin məhkəmə tam deputatın xeyrinə qərar çıxarıb – həm mənzilin, həm də obyektin ona təhvil verilməsini nəzərdə tutan qətnamə qüvvədə saxlanılıb.
«Sahil D Company» və maraqlı şəxslər Ali Məhkəməyə şikayət versələr də, nəticə dəyişməyib.
Bu işdəki maraqlı tərəflərdən biri olan Ç.Hüseynzadə Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.
«Sahil D Company» şirkəti Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimova məxsus olub. Həbsdə intihar edən icraçı direktor Məzahir Cəfərov da N.İbrahimovun qaynıdır.
/Azadlıq radiosu
Bu xəbər üçün şərh yazın