Deputatlar “Tərtər işi”nə görə Hərbi Prokurorluğun ləğvini, işgəncə əmri verən və icraçıların adının açıqlanması istəyir
“Respublika Baş prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir.
Yalnız cənab prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyası yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirərək, kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərərçəkən şəxsin işini yenidən icraata qəbul edərək ümumilikdə 405 nəfərin hüquqlarını təmin edirlər”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Z. Orucun sözlərinə görə, Hərbi prokuror 5 il işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırıb, sonda isə bəlli olub ki, dövlətə və xalqa yalanı kim danışır: “Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidir”.
Komitə sədri qeyd edib ki, Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olunub: “Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkilatçıları, müdafiəçiləri, hərbi hissələrdə “samosud” təşkil edənlər, qurbanları hospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır. Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir”.
O vurğulayıb ki, 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərənləri cəzalandıranlar, döyüş ruhuna zərbə vuranlar işğalçılarla, 2020-ci ildə dövlətimizi müharibədən çəkindirmək istəyənlərlə eyni cərgədədir: “Zəfərimizdə müstəsna rolu olan 4 günlük müharibəyə qarşı təxribatın tələsinə düşənlər ordunu düşmənlə sövdələşməkdə suçlamaqla işğala dəstək veriblər. İndi görün, kimdir satqın?”
Z. Oruc əlavə edib ki, 11 nəfər həyatını itirsə də, əksəriyyəti əzablara dözərək o adı üzərinə götürməyib: İstintaqın əlinin çatmadığı yüz minlərlə döyüşçü ilə yanaşı, azadlıqda olan zərərçəkən şəxslər də ermənilərlə igidliklə vuruşaraq, düşmənə əsir düşmədi. İstintaqsa onlardan satqın düzəltmək istəyirdi. Prezidentin tapşırığı ilə Baş Prokurorluq elə bir qərar qəbul etdi ki, bir daha hüquq tariximizdə belə ləkəli hadisə təkrarlanmasın. Aprel döyüşlərindən sonra 405 adamı linç etdirən düşmən Qələbəmizdən sonra görün, hansı təxribatları hazırlayır. O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar? Onlar xalqın etibarını itiriblər. Ona görə də Hərbi Prokurorluğu ləğv edib Tərtər işini ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək, MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlmatqda fayda var”.
Z. Oruc bildirib ki, zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir: “Daha 12 nəfərlə bağlı da obyektiv qərar çıxarılacağına inanırıq. Nə qədər ki, cinayətkarlar azadlıqdadır, onların növbəti saxta casusluq və xəyanət ssenarisi ilə orduya və dövlətə qarşı qəsdlər davam edəcək. Dövlətin gücü Ulu öndərin “qoy ədalət Zəfər çalsın” ideologiyasını əbədi və dönməz etməsidir.”
Millət vəkili Qənirə Paşayeva da qeyd edib ki, bu hadisəni törədənlər üzr istəməlidir: “Onlar Tərtər hadisələrindən sonra bəraət alanlardan, şəxsən bizdən də üzr istəməlidirlər. Çünki onların valideynləri gəlib bizə ağlayırdılar, həmin insanların uşaqları məktəbə getməyə utanırdı. Biz bunlarla bağlı müraciət edəndə millət vəkillərini ittiham edirdilər ki, casusları müdafiə edirik”.
Deputat bildirib ki, bu hadisəni törədənlər ortaya çıxmalıdır: “Televiziya ekranlarında əvvəllər necə ittiham edirdilərsə, indi də çıxıb zəhmət çəkib üzr istəsinlər. İnsanlarımızın heç çoxunun xəbəri yoxdur ki, bəraət alanlar var. Onlara işgəncə verənləri cəmiyyət görməlidir. Müstəntiqlər təkrar bu sistemdə çalışacaqlarmı? Onda xalqın bu hüquq sisteminə inamı qala bilərmi? Prezident İlham Əliyevə təşəkkür edirik ki, bu məsələni nəzarətə aldı. O ailələr məhz Prezident bu məsələni nəzarətə götürdüyü üçün haqlarını bərpa edə bildilər. İşgəncə əmrini verənlər, işgəncələri verənlər xalqa göstərilməlidir. Azərbaycan cəmiyyəti o müstəntiqləri görməlidir. Biz müdafiə edəndə bizi ittiham edənlər çıxsınlar ortaya. Demək ki, biz casusları yox, ədaləti müdafiə etmişik. Televiziyalarımız geniş şəkildə bəraət alan insanlarla bağlı verilişlər versin ki, onların uşaqları artıq məktəblərə utanmadan getsinlər. Bir daha ədalətin bərpası üçün çalışanlara təşəkkür edirəm”.
Bu xəbər üçün şərh yazın