"Deyirlər ki, 500 milyon pul qazanmışam" - Rasim Məmmədovdan ŞOK İFADƏ
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Natiq Həşimov ifadə verib.
Natiq Həşimovun sözlərinə görə, “Azeri Steel 2009” şirkətinə dəmir qırıntıları təhvil verib, buna görə pul alıb. Ondan adına olan şirkətlər haqda soruşanda bildirib ki, pal-paltar gətirərək satmaq məqsədilə onları yaradıblar.
Natiq Həşimov deyib ki, şirkətlərə dəmirin pulu köçürülüb, həmin pulları çıxararaq “Hacı”ya verib. Bir qədər keçəndən sonra bildirib ki, ümumiyyətlə, o şirkətlərin necə yarandığını bilmir. Şirkətlərin hesablarına hansı dövrdə nə qədər pul köçürüldüyünü xatırlamır.
Natiq Həşimovun istintaqa ifadəsi elan olunandan sonra isə fərqli danışıb. Bildirib ki, 2003-2004-cü ildə Şirvanda hərbi xidmətdə olanda Elmar Ələkbərov adlı şəxslə tanış olub. İllər sonra onu görəndə söhbət əsnasında işsiz olduğunu, maddi baxımdan çətinlik çəkdiyini deyib. Bir müddət sonra Elmar Ələkbərov ona zəng edərək, iş təklifi olduğunu deyib:
“Dedi ki, adıma şirkətlər açılacaq, ora göçürülən pulun 1.5-2 faizi də mənə veriləcək. Razılaşdım. Pul köçürüləndə gedib çıxarırdım hesabdan, aparıb Hacıya verirdim”.
Natiq Həşimovun istintaqa ifadəsində 28 şirkət adı çəkilib. Bu şirkətlər onun və başqalarının adlarına təsis edilib. Hər şirkət 200-300 manat müqabilində kiminsə adına açılıb:
“Azeri Steel 2009” MMC-dən həmin şirkətlərə nəqliyyat xərci adı altında pullar köçürülürdü. O pulları mən çıxarırdım, aparıb Mübariz Səmədova verirdim”.
Daha sonra Rasim Məmmədov bildirib ki, “Baku Steel Company”nin onunla bağlı cinayət işində zərərçəkmiş kimi tanınmasına etiraz edir: “Bu zavodu alan mən, tikən mən, pulumu qoyan mən, tutulan da mənəm. Amma zərərçəkmiş kimi zavodu tanıyırsız? Bu, necə olur? Əsl zərərçəkmiş mənəm. Bütün əmlaklarım satılıb, kiminsə borcunu ödəməyə görə 22 aydır həbsdəyəm. Sanki yatmışam, yuxudayam, kimsə məni oyatmalıdır ki, belə şey ola bilməz".
Rasim Məmmədov daha sonra qeyd edib: "Mənə DTX-də deyirlər ki, 500 milyon pul qazanmışam. Birincisi, o qədər qazanmamışam. İkincisi yaxşı eləmişəm. Mən dövlət məmuru deyiləm ki, nə vaxtsa bu söhbətlərin üstü açılacaq, məni bura saldıranların özləri gəlib burada oturacaq. Kimisə şərləmək kişi işi deyil.
Çingiz Həsənov Nərimanov prospektində banan satırdı, onu orada gətirib iş verdim. İndi gəlib burada mənimlə elə danışır, çünki mən həbsdəyəm. Anlamır ki, illərlə dostluq elədiyi adamın üzünə durana heç kim hörmət eləmir”.
Bu cinayət işi üzrə əsas şahidlərdən biri də uzun illər Rasim Məmmədovla birlikdə işləmiş və dost olmuş Yusif Hənifəzadədir. O, məhkəməyə teleqram və “Zəfəran hospital”dan arayış göndərib. Arayışda yazılıb ki, Yusif Hənifəzadə hospitala müraciət edib, ona xroniki böyrək xəstəliyi diaqnozu qoyulub. Ona 10 gün yataqda qalmaq tövsiyə edilib.
Rasim Məmmədov və vəkilləri Yusif Hənifəzadənin məhkəmədə dindirilməsində israrlı olduğunu bildiriblər. Vəkillər deyiblər ki, ümumiyyətlə, istintaq zamanı Rasim Məmmədovun əleyhinə ifadə vermiş şahidlərin hamısının məhkəməyə gətirilməsini istəyirlər. İndiyədək məhkəmə çağırışı göndərilən, amma gəlməyən şəxslər haqqında isə məcburi gətirilmə qərarı çıxarılmasını tələb ediblər.
Növbəti prosesi oktyabrın 14-də davam edəcək.
Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.
Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.
Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.
Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir. İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Bu xəbər üçün şərh yazın