DİM-dən narazılıq günbəgün artır

DİM-dən narazılıq günbəgün artır 

Buraxılış imtahanlarının martın əvvəlində keçirilməsi çoxsaylı problemlərə səbəb olub.

Bildiyimiz kimi, abituriyentlərin test üsuli ilə ali təhsil ocaqlarına qəbul olunması prosesinə 1992-ci ildə başlanılıb. Ona qədər isə tələbə qəbulu yalnız üzbəüz imtahanla aparılırdı. Hamıya məlumdur ki, üzbəüz şəraitdə imtahan götürən müəllimlər “seçmə adamların” rüşvətlə ali məktəbə qəbul olmasına şərait yaradırdı. Kütləvi rüşvətxorluğun geniş yayıldığı bir zamanda müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının test üsülunu tətbiq etməsi hər kəsə, hətta imkansız ailələrin uşaqlarına da ali mətkəblərdə oxumaq imkanı verdi.

O dövrün gəncləri deyirlər ki, 1992-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması, test üsulunun tətbiqi həm valideynlərin, həm də ali təhsil ocaqlarında oxumaq arzusunda olan gələcəyin minlərlə tələbəsinin sevincinə səbəb oldu.

“Hürriyyət” qəzetində dəfələrlə test üsulunun müsbət cəhətləri haqda məqalələr dərc olunub. Amma təəssüflə qeyd etməliyik ki, son illər test üsulunun əvvəlki effektivliyini görə bilmirik. Həm buraxılış, həm də qəbul imtahanlarında bir sıra ciddi nöqsanlara yol verilir. Çətinlik dərəcəsi tənzimlənməyən test imtahanları şagirdlərin psixikasını zədələyirr. Buraxılış və qəbul imtahanlarından yetərincə yüksək nəticə əldə edə bilməyən yeniyetmələr arasında intihar halları təhlükəli həddə çatıb. Bu il də Bakıdakı məktəblərdən birinin məzunu olan qızcığaz  buraxılış imtahanlarından az bal topladığına  görə intihar etdi. Bütün bunlar bizi artıq  həyəcan təbili çalmağa vadar edir.

Bəs görəsən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu haqda nə düşünür? Təhsilin yarıtmazlığında yalnız müəlllimləri və şagirdləri günahlandıran Məleykə xanım nə dərəcədə haqlıdır?

Bəlkə 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında rəhbər vəzifələrdə çalışan, Məleykə Abbaszadə artıq səriştəsini itirib, ya da uzun illər eyni vəzifədə çalışdığından bu sahəni öz inhisarına almağa çalışır?

Bu il DİM müəllimlərə, şagirdlərə və onların valideynlərinə heç də xoş olmayan daha bir sürpriz etdi. Belə ki, gözlənilmədən buraxılış imtahanlarının martın 5-i və 6-da keçiriləcəyi elan edildi. Bununla da həm müəllimlər, xüsusilə də repetitorlar, həm şagirdlər, həm də onların valideynləri çox çətin vəziyyətə düşdülər. Bildiyimiz kimi, adətən buraxılış imtahanları may-iyun aylarında keçirilib. Tədris proqramı da məhz buna uyğun tərtib edilib. Amma bu il imtahanların martın əvvəlində keçirilməsi müəllimləri və repetitorları 3-4 aylıq proqramı 1-2 aya sığışdırmaq məcburiyyətində qoydu. Belə böyük həcmli materialı bir aya qavramaqda çətinlik çəkən şagirdlər isə ciddi psixoloji sarsıntısı keçirdi, üstəlik valideynlər də övladları ilə birgə stress yaşadı.

Vəziyyətin absurdluğu həm də ondadır ki, martda buraxılış imtahanlarını verib faktiki məktəbi bitirən şagirdlərə qəbul imtahanlarınadək məktəbə gəlməli olduqları, əks halda onlara attestat verilməyəcəyi bildirildi. Ali məktəblərə qəbul imtahanları isə may ayının sonlarında baş tutacaq.

Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək.

Təsəvvür edin, mart ayının əvvəlində buraxılış imtahanlarını verən abituriyentlər mayın sonunda, iyun və iyul aylarında qəbul imtahanları verəcəklər. İyunun 15-dək də məktəbə gəlməlidirlər. Maraqlıdır, əgər qəbul imtahanlarının vaxtı belə uzadılacaqdısa, tədris ili başa çatmamış, tez-tələsik buraxılış imtahanları vermək nəyə lazım idi?

Bu suallara cavab tapmaq və DİM-in, özəlliklə də hörmətli Məleykə Abbaszadənin builki buraxılış və qəbul imtahanları ilə bağlı sürpriz qərarının məntiqini anlamaq üçün DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadəyə müraciət etdik.

                   DİM -in sektor müdiri Xanlar Xanlarzadə qəbul imtahanlarından danışıb

     DİM-in sözçüçü “Hürriyyət”ə açıqlamasında bildirdi: “İlk növbədə qeyd etmək istərdik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda tədris planları, qüvvədə olan dərsliklər və qəbul proqramları həmişə nəzərə alınır. Buraxılış imtahanlarında da yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınıb. İmtahanlar artıq başa çatıb və məzmunla əlaqədar kimsə narazılığını bildirməyib.

Bundan əlavə, nəzərə alınmalıdır ki, fənn kurikulumlarına görə 1-ci sinifdən 11-ci sinfədək ayrı-ayrı fənlər üzrə məzmun xətləri dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə görə müəyyən bacarıqlar formalaşır. Kurikulumların mahiyyəti yalnız biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında  əsas etibarı ilə bacarıqlar yoxlanılır və qiymətləndirilir. Fənn kurikulumlarına  görə buraxılış fənləri üzrə əsas bilik və bacarıqlar isə mart ayınadək formalaşmış olur.

Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər”.

Xanlar Xanlarzadə onu da xatırlatdı ki, buraxılış imtahanlarında cəmi 3 fənn üzrə bilik və bacarıqlar qiymətləndirilir: “Tədris dili, riyaziyyat və xarici dil. Bu 3 fənn üzrə imtahan vermək o demək deyil ki, siz artıq tədrisi başa vurmusunuz. Məktəbin özündə də tədris ilinin sonunda bütün fənlər üzrə qiymətləndirmə aparılır və yekun qiymətlər şagirdin attestatına yazılır.

Qəbul imtahanlarının ikinci mərhələsinin isə iki  dəfə - may və iyul aylarında keçirilməsi nəzərdə tutulur. Burada abituriyentlərə seçim etmək imkanı verilir. Onlar öz arzularına uyğun olaraq iki və ya bir dəfə imtahanlarda iştirak edə bilərlər. Yəni kimsə istəsə, birbaşa iyulda olan imtahanda iştirak edə bilər. Bunun üçün ayrıca qeydiyyat aparılacaq”.

Təhsil Nazirliyinin brifinqini müzakirə edirik - Təhsil eksperti Kamran Əsədov CANLI YAYIMDA ​ - YouTube

Təhsil eksperti Kamran Əsədovun isə sözügedən məsələyə münasibəti belə oldu: “ Bu il buraxılış imtahanları əvvəlki illərlə müqayisədə daha tez, mart ayında  keçirildi. Heç kəs üçün sirr deyil ki, orta ümumtəhsil məktəblərində oxuyan şagirdlərin nəticələri hazırlıq kurslarında repetitorlardan əldə etdiyi biliklərə əsaslanır. Bu kifayət qədər ciddi məsələdir. Təbii ki, imtahanların mart ayında keçirilməsi, üstəlik həmin imtahanların tarixinin yanvar ayında elan edilməsi ilə arada çox qısa bir müddətin olması şagirdlər arasında ciddi psixoloji problemlərə səbəb oldu. Şagirdlər bir neçə ayın materialını qısa müddətdə mənimsəmək məcburiyyətində qaldı, bu üzdən bir çoxu lazımi bal toplaya bilmədi. Bu həqiqətən çox ciddi problemdir.

DİM hesab edir ki, bu yolla şagirdlərin əvvəlki illərdə qazandığı biliklər yoxlanılıb qiymətləndirilir. Amma bu tamamilə səhv yanaşmadır. Tövsiyə olunur ki, keçiriləcək imtahanların tarixləri ən azı 6 ay öncədən müəyyən edilsin, bu şagirdlərin daha hazırlıqlı olmalarına imkan yaradacaq.

İkincisi, təbii ki, təhsilin səviyyəsi davamiyyətlə bağlıdır. Amma orta ümumtəhsil məktəblərində şagirdlərin buraxılış imtahanlarında qazandığı nəticələr onların attestat alıb-almamağına təsir göstərməyəcək. Yəni birinci yarımildə bütün qiymtləri “3” olan şagird, ikinci yarımildə dərslərdə iştirak etməsə belə, problemsiz attestatını alacaq. Bu isə şübhəsiz ki, mart ayından sonra birmənalı şəkildə davamiyyətə öz mənfi təsirini göstərəcək. Hesab edirəm ki,  növbəti illərdə buraxılış imtahanları ən tezi may ayında keçirilməlidir ki, şagirdlər daha yaxşı hazırlaşıb, daha yüksək nəticələr əldə edə bilsinlər. İstənilən halda imtahanların vaxtından əvvəl keçirilməsi yolverilməzdir”.

P.S. Mövzunu davam etdirəcəyik.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər