DİM-in sual kitabçalarını imtahandan sonra iştirakçılara verməməsi narazılığa səbəb olur
“Dövlət İmtahan Mərkəzi yenə də sual kitabçalarını imtahandan sonra iştirakçılara vermir.
Bu dəfə də magistratura imtahanından sonra sual kitabçaları DİM-ə təhvil verilib. Halbuki iştirakçı bu xidməti almaq üçün yetərincə böyük məbləğ, 50 manat ödəyir. DİM imtahan kitabçasının verilməməsini böyük vəsait xərcləməsi, testlərin təşkilatın intellektual mülkiyyəti olması və başqa imtahanda da istifadə ediləcəyi ilə izah edir. Düşünürəm ki, bu cür yanaşma, bu formada izahat çox qüsurludur və ağlabatan deyil”.
Bunu ekspert Osman Gündüz bildirib.
“Hər bir testin müəllifi müəllimdir-onu hazırlayandır və DİM sadəcə onu dövlət resursu hesabına əldə edir, bu testlərin yalnız kommersiya hüququ DİM-dədir. Dövlətə məxsus olduğundan istifadədən sonra açıq olmalıdır. Eyni zamanda DİM imtahanlarda əvvəlki illərdə formalaşan bazadan da yetərincə suallar istifadə edir, hansı ki, onun da xərcləri əvvəldən ödənilib və əvəzində DİM ondan pul qazanıb. Uzun illər dövlət resursları hesabına formalaşan test bankı DİM-ə imkan verir ki, imtahanları daha az xərclərlə təşkil etsin. Odur ki, ya gərək DİM hər bir imtahan iştirakçısı üçün çəkilən xərci ağlabatan formada izah etsin, ya da sual kitabçalarını iştirakçılara versin. Adi hesablamalar göstərir ki, DİM-in test bankını formalaşdırmağa və onun emalına çəkdiyi xərclər ilə 50 manatdan olmaqla kütləvi yığımlardan toplanan vəsaitlər arasında kəskin fərq var.
Əlbəttə, DİM publik hüquqi şəxsdir. Pul qazana bilər. Amma kommersiya maraqları hər şeyi üstələməli deyil. Düşünürəm ki, hökumət, DİM indiki durumda təhsili ön plana çəkməli, daha çox iddiaçının imtahan verməsi üçün imkanlar yaratmalıdır. Sual kitabçaları əsasında iştirakçılar sonradan daha effektiv hazırlaşa, bilikləri paylaşa, appelyasiya müraciətləri edə bilər. Əgər DİM normal test bazası formalaşdıra bilmirsə onda pulu tələbədən, şagirddən deyil hökumətdən istəməlidir. DİM-in peşəkar komandası, çoxsaylı ekspert qrupu, şəffaf iş prinsipləri və texnoloji imkanları var. Datanı, test bankını genişləndirmək və yeniləmək DİM üçün problem olmamalıdır. Yeri gəlmişkən, DİM son zamanlar dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır və buradan da böyük vəsaitlər əldə edir. Artıq DİM-ə yaxın qurumlar DİM-in datasından istifadə edərək böyük bir biznes də qurublar. DİM bu datalardan bütün maraqlı tərəflərin bərabər əsaslarla istifadəsi üçün şərait yaratsa, düşünürəm ki, daha böyük vəsait əldə edə bilər. Beləliklə, indiki halda, DİM-in sual kitabçalarını iştirakçılara qaytarmaması məntiqsiz və qanunsuzdur, bununla bağlı DİM-in izahatı ağlabatan deyil. Odur ki, 50 manat xidmət haqqı ödəyərək imtahan verən iştirakçı sual kitabçasını da özü ilə götürə bilər” – O.Gündüz qeyd edib.
Bu xəbər üçün şərh yazın