Diqqət! “OREO” peçenyeləri TƏHLÜKƏLİDİR?

Diqqət! “OREO” peçenyeləri TƏHLÜKƏLİDİR? 

Son illər tərkibində zərərli qatqılar olması ilə gündəmə gələn “Oreo” peçenyeləri barədə yayılan məlumatlar yenidən istehlakçılar arasında narahatlıq yaradıb. “Mondelēz International” şirkətinin markası “Oreo”nun “OREO Chocolate Brownie”, “OREO Enrobed Milk & White”, “OREO Cadbury Coated & OREO Crunchy Bites Dipped” məhsullarına vurulan aromatizatorların etanol ehtiva etdiyi iddia olunur.Marketlərdə baha qiymətə satılan “Oreo” məhsullarının peçenyesində kakaonun tünd rəngdə görünməsini tərkibinə qatılan ammonyak maddəsi ilə əlaqələndirirlər. İddia olunur ki, peçenyenin arasındakı krem heç də krem deyil, raps yağıdır, bu da yeməli kley effetki verir və xüsusilə uşaqlar üçün ziyanlıdır.Bəzi mütəxəssislər isə deyirlər ki,  “Oreo” peçenyesinin tərkibinə kakao əvəzinə emulqatorlar qatılır, bu isə qədərindən artıq istehlak etdikdə insanda arteriyada tıxanıqlıq yaradır. “Oreo” peçenyelərinin tez alışıb yanma təhlükəsini əks etdirən görüntülər də ayrıca müzakirə yaradıb. Bu da peçenyenin tərkibinə qatılan maddələrlə əlaqələndirilib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki,  konkret olaraq hər hansı markanın məhsulunun içində “zəhərli maddə var” demək, yaxud bu kimi paylaşımlara birmənalı şəkildə inanmaq düzgün deyil.

 

Mütəxəssis bildirib ki, məhsulun üzərində yazılan əlavələrə baxmaq lazımdır: ““Oreo” peçenyelərinin tərkibində daha çox un, şəkər, palma yağı, soya və ya raps yağı, eyni zamanda işlənmiş, emal olunmuş kakao, invert şəkər və qabartma maddələri istifadə olunur. Qabartma maddələri şəklində kodlarla bir çox kimyəvi maddələrin adı qeyd oluna bilər. Eləcə də şokolad və aroma maddələri də göstərilə bilir. Bunlara baxmaq lazımdır. Maddələrin hər biri ayrı-ayrılıqda Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq qidada istifadəsi mümkündürsə, bu zaman məhsulun üzərinə yazılır. Dünyanın bir çox yerlərinə ixrac olunan müxtəlif məhsullarda da həmin maddələrdən istifadə edirlərsə, bu da icazə verilən dozada tərkibinə qatılır. Xüsusilə, peçenyeyə ammonium-karbonat maddəsi qarışdırılır. E503 formulu şəklində yazılır və qabartma maddəsi kimi istifadə olunur. İnsanlar bəzən  ammonium-karbonat  ammonyak qazı ilə qarışdırırlar. Ammonyak qazı, təbii ki, zəhərli qazdır. Toksikidir, kəskin qoxusu var. Ammonium-karbonat isə qida sənayesində istifadə olunan kimyəvi maddədir, yəni istifadəsinə icazə var. Sadəcə, qızdırıldıqda emal prosesində müxtəlif qazlar şəklində ammonyakın bir hissəsi xaric olunur. Bu da Ümumdünya Kənd Təsərrüfatı, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Komissiyasının məlumatlarında E503 ammonium-karbonat kimi göstərilir. Dediyimiz kimi, müxtəlif qidalarda istifadəsinə icazə verilir. Zərərləri nə ola bilər? Sadəcə, bu maddə deyil, doymuş yağlar, rafinə şəkər çox olarsa, yaxud üzərində qeyd olunduğu kimi həddindən artıq dozada qəbul olunarsa, təbii ki, təhlükəlidir. Rəf ömrü uzun olan, paketlənmiş qidaların, xüsusilə, şirniyyatların tərkibinə yüksək miqdarda əlavə şəkərlər, rafinə edilmiş un, palma yağı, yaxud digər doymuş yağlar qatılır. Liflər az olduğuna görə müxtəlif insanlarda sağlamlıq problemlərinə səbəb ola bilər.  Məhsulun zərərli, zəhərli olduğu deyilsə, istifadəsində kəskin qadağalar olsa, xüsusilə, yeniyetmə gənclər, uşaqlar bu kimi qidaları gündəlik qida kimi istifadə etməməlidirlər. Lakin hər hansı elmi sübut yoxdur. Sosial şəbəkələrdə, informasiya mənbələrində belə məlumatlar olduqda araşdırılmalıdır. Dövlət nəzarəti olmalıdır, yaxud aidiyyəti qurumun səhifələrində məhsulun zərərli olmasına dair məlumatlar varsa, o zaman yayılan informasiyalar da əsaslı ola bilər”.

 Pravda.az məsələni dəqiqləşdirmək üçün “Mondelēz International” şirkətinin Azərbaycanda distribyutoru olan "AzTrade" MMC-yə sorğu ünvanlayıb.

 Aytəkin Qardaşova

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər