“Direktorların çoxu müəllimə bənzəmir” - Fazil Mustafa
"14 yaş özlüyündə psixoloji dəyişimin ən sərt qaydalarını uşaqlara yoluxdurur. Sevgi, əyləncə, özünütəsdiq, eqoistlik, fərqlilik, nəzarətdən qaçma, yasaqlara meyl... Doğrudur, günahkar kimdir sualının cavabını hüquqi anlamda istintaqın gedişi söyləyə bilər. Ancaq anlaşılan bir gerçək var ki, evdə də, məktəbdə də mənəvi mühit arzuolunan səviyyədə deyil”.
Bunu millət vəkili Fazil Mustafa intihar edən 14 yaşlı məktəbli Elina ilə bağlı baş verən olay haqda yazıb. O, bildirib ki, dünyagörüşü məhdud bir direktorun ifadələri "günah keçisinin" varlığı barədə ictimai təskinliyi qismən yaratmış oldu, ancaq yenə də bir sual açıq qaldı ki, bu direktor olmasaydı, intihar baş verməyəcəkdimi?
"Bu intiharda Nobel mükafatı laueratı Markesin məşhur "Gözlənilən bir qətlin tarixçəsi" əsərinin süjetini doğrudanmı xatırlamadınız? Uşaq məktəbə virusu ailədən daşıyır. Boşanmaların sayının artmasından, narkomaniyanın, alkoqolizmin, əxlaqsızlığın bir qisim ailələrin içində şaxələnməsi səbəbinə görə bu virusun uşaqlara necə yoluxmasından xəbərsizikmi? Eyni zamanda uşaq məktəbdən virusu ailəyə daşıyır. Savadsız direktor, məktəbə, bağçaya sadəcə iş yeri kimi baxmağa məhkum edilmiş ideyasız müəllim çoxluğundan xəbərsizikmi?”.
F. Mustafa qeyd edib ki, ailə başçısı ilə məktəb başçısı, habelə sinif başçısı bir çox hallarda uşaq üçün yaxşı və ya pis mənada oxşar obrazlardır. Azərbaycanda bu gün ailə dəyərləri də, məktəb dəyərləri də mənəvi kateqoriya olmaqdan çıxıb, statistik meyarlara calaq edilib. "2 uşaq, 100 manat müavinət, 4 repititor, 12 illik təhsil, 1-ci ixtisas, 450 bal və s. Ailə ilə məktəb arasındakı uçrumun üzərindəki körpü özlüyündə elə intihar körpüsüdür. 50 il öncə də, bu gün də fərqli ictimai-siyasi formasiyalarda təhsilə qeyri ciddi yanaşan bir cəmiyyət özəlliyimizi hələ də dəyişməmişik.
Bir intihar hadisəsi üzərindən nəticə çıxarmaq düşüncəsində deyiləm. Psixoloji səbəblər də ola bilər, məktəb yoldaşlarının lağlağısı və yaxud şantajı da səbəb ola bilər, ailədəki psixoloji sarsıntı da...
Hətta bəlkə də bu məsələdə ən günahsız köntöy ifadəsi ilə gündəmə gələn və işdən qovulan direktor ola bilər. Ehtimalları bir tərəfə qoyuram. Ailələrdəki durumu da. Çünki bir çox hallarda yaxınlarımızın belə arzuladığımız ailə qurmasına çox vaxt müdaxilə edə bilmirik. Ancaq müdaxilə edə biləcəyimiz bir sfera var, o da məktəbdir.
Çoxlu təmaslarım olur, direktorlarla da, müəllimlərlə də. Vallah intellektual olaraq söyləmirəm, heç virtual olaraq da, vizual olaraq da xeyli hissəsi bənzəmirlər direktora, bənzəmirlər müəllim obrazına...
Bu təyinatların doğru meyarını tapmaq lazımdır, şagirdi intihardan saxlaya biləcək qüdrətə, təfəkkürə sahib direktoru, müəllimi kəşf etmək çətin deyil. Marsdan gətirmək imkanımız yox, doğru. Ancaq savadlı, sağlam düşüncəli, gözəl əxlaqlı, ideyalı insanları məktəblərin, universitetlərin, peşə məktəblərinin, kolleclərin, bağçaların başına gətirmək Marsa uçmaq qədər çətin deyil axı..”.
Bu xəbər üçün şərh yazın