
“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır” -DEPUTAT
31 iyul 1997-ci il İlham Əliyev ilk dəfə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bu qərarla ölkədə Olimpiya hərəkatının sistemli inkişafına hesablanmış uzunmüddətli strategiyanın əsası qoyuldu.1990-cı illərin ortalarında mövcud olan mürəkkəg geosiyasi şəraitdə idman yalnız yarışlarda iştirak və medal qazanmaq vasitəsi kimi deyil, ölkənin beynəlxalq nüfuzunun artırılması, sağlam həyat tərzinin təşviqi və vətənpərvər gənc nəslin formalaşdırılması istiqamətində mühüm dövlət siyasəti kimi müəyyənləşdirildi.Bu yanaşma qısa müddətdə real nəticələr verdi. Azərbaycanın müxtəlif bölgələrində müasir Olimpiya İdman Kompleksləri tikildi, idman federasiyalarının fəaliyyəti gücləndirildi, milli komandaların hazırlıq sistemi beynəlxalq standartlara uyğunlaşdırıldı, idmançılara göstərilən dövlət dəstəyi genişləndirildi. Artıq 2000-ci illərin əvvəllərində Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq Olimpiya ailəsinin nüfuzlu üzvlərindən birinə çevrilərək digər ölkələr üçün uğurlu idarəetmə modeli kimi təqdim edilməyə başladı.Sonrakı illərdə bu siyasət Azərbaycanın idman uğurlarını daha da genişləndirdi.
Olimpiya Oyunlarında qazanılan medalların sayı artdı, dünya və Avropa çempionları yetişdi. Azərbaycan eyni zamanda Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları kimi mötəbər yarışları yüksək səviyyədə təşkil etməklə beynəlxalq idman təşkilatlarının etibarlı tərəfdaşı statusunu qazandı.Prezident İlham Əliyev Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlarla bağlı bildirib: “Biz güclü idman dövlətləri arasındayıq. Bütün dünyaya göstəririk ki, Azərbaycanda idman inkişaf edir, gözəl gənc nəsil yetişir və idman hər bir ölkənin ümumi inkişafının təzahürüdür.”Bu fikir ötən 29 ildə həyata keçirilən dövlət siyasətinin nəticəsini aydın şəkildə ifadə edir. Bu gün idman ölkənin beynəlxalq nüfuzunun, sosial inkişafının və müasir dövlət idarəçiliyinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.Azərbaycanın idman sahəsində qazandığı uğurlar beynəlxalq aləmdə ölkəmizin nüfuzunu artırdığı kimi, təəssüf ki, bəzi qərəzli dairələrin narahatlığına da səbəb olur.
Bəzən idmançıların fərdi qərarları məqsədli şəkildə siyasiləşdirilir, Azərbaycanın idman sahəsində əldə etdiyi sistemli nailiyyətlərə kölgə salmağa cəhd göstərilir. Halbuki on minlərlə gəncin idmana cəlb olunması, müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışların uğurla təşkili və idmançılarımızın qazandığı uğurlar ölkədə həyata keçirilən ardıcıl dövlət siyasətinin real nəticələridir.Təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi şəxslər və qruplar bu uğurların təbliği, gənclər üçün sağlam nümunələrin təşviqi əvəzinə, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə xidmət edən kampaniyalarda iştirak etməyə üstünlük verirlər. Belə yanaşma Azərbaycan idmanına, ölkənin milli maraqlarına xidmət etmir. İdman siyasətinin yaratdığı uğurları kölgədə qoymağa çalışan bu cəhdlər Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzu dəyişmir. Çünki ölkənin idman sahəsində əldə etdiyi nəticələr konkret faktlar, rekordlar və beynəlxalq yarışlarda qazanılmış uğurlarla təsdiqlənir.44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə Azərbaycan idmanına yeni məsuliyyət gətirdi. Bu gün beynəlxalq yarışlarda çıxış edən idmançılar qalib xalqı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövləti təmsil edirlər.
Üçrəngli bayrağın beynəlxalq arenalarda yüksəlməsi və Dövlət Himnimizin səslənməsi həm də Azərbaycanın müasir gücünün və milli qürurunun rəmzinə çevrilib.Prezident İlham Əliyevin “Biz qalib xalqıq, qalib dövlətik və bundan sonra əbədi yaşayacağıq” fikri idman sahəsində də yeni vəzifələr müəyyənləşdirir. Qalib ölkənin idmançısı olmaq həm də Azərbaycanın nüfuzunu, qalib xalqın iradəsini və dövlətçilik ənənələrini beynəlxalq arenalarda layiqincə təmsil etmək deməkdir.Bu gün Azərbaycan idmançılarının qazandığı hər medal ölkənin beynəlxalq nüfuzunun artmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və dövlətimizin müasir simasının tanıdılmasına xidmət edir. Məhz buna görə də cəmiyyətin bütün təbəqələrinin ölkənin uğurlarını obyektiv şəkildə qiymətləndirməsi, gənc nəslə müsbət örnəkləri təqdim etməsi və Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə töhfə verməsi xüsusi əhəmiyyət daşıyır.31 iyul 1997-ci ildə əsası qoyulan inkişaf strategiyası özünü tam doğruldub. Azərbaycan Olimpiya hərəkatı beynəlxalq idman ailəsinin nüfuzlu hissəsinə çevrilib, ölkəmiz isə idman sahəsində həm qalib, həm də etibarlı tərəfdaş kimi tanınır. Bu nailiyyətlər göstərir ki, dövlətin idmana göstərdiyi ardıcıl diqqət və qayğı Azərbaycanın gələcək uğurlarının da möhkəm təməlini formalaşdırır.
Könül Nurullayeva
Milli Məclisin deputatı












Bu xəbər üçün şərh yazın