“Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın” - Bakıda film kimi hadisə
Bakıda evdən külli miqdarda pul və qızıl oğurlamış şəxslərin məhkəməsi başa çatıb.
Yasamal rayonu, İ.Dadaşov küçəsində yerləşən evə daxil olaraq oradakı seyfdən 4 min dollar və 440 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamış 2 nəfərə hökm oxunub.
Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxslərdən 1978-ci il təvəllüdlü Babək Həsənov ev sahibi A.Nadirovanın evində 2020-ci ildə təmir işləri edib. O, həmin vaxt evdəki dəmir seyfi görüb və içində xeyli pul olduğunu ehtimal edib. 2022-ci ilin yayında Babək dostu, 1992-ci il təvəllüdıü Tacir Seyidovla görüşərək oğurluq planı haqqında ona bildirib. Onlar ev sahibinin ailəsi ilə birgə Novxanıda bağda olduğu vaxt xüsusi aparatlarla mənzilə daxil olaraq seyfi kəsiblər.
Məhkəmədə ifadə verən Tacir hadisə barədə bunları deyib: “20 iyun 2022-ci il tarixdə, saat 22 radələrində Nərimanov parkındakı çayxanaların birində Babəklə söhbət edərkən bankdakı borclarımı ödəyə bilmədiyimi dedim. Babək mənə tanıdığı imkanlı şəxsə məxsus evdən oğurluq edə biləcəyimizi, əvvəllər həmin evdə usta işlədiyini və həmin vaxt evə seyf yerləşdirildiyini bildirdi. Razılaşdıqdan sonra növbəti gündən etibarən birlikdə bir neçə dəfə Yasamal rayonu ərazisində yerləşən həmin evə gedib kənardan müşahidə apardıq, evdə heç kimin olmadığını dəqiqləşdirdik. Babək seyfi avtogen qurğusu ilə kəsəcəyimizi, həmin alət üçün oksigen və propan balonu, boru və rezaq kimi qurğuların lazım olduğunu dedi. Ayın 29-u gecə Babəklə NZS-də görüşüb oradan Yasamala getdik. Təxminən 2 saatdan çox gözlədikdən sonra 02 radələrində evə girdik. Lakin Babək seyfi əvvəllər gördüyü otaqda aşkar edə bilmədi. Belə olan halda dəyərli bir şey tapmaq üçün bir-bir otaqlara baxmağa başladıq. Yataq otaqlarının birində axtarış apararkən şkafın içərisindəki seyfi gördük. Babəklə köməkli şəkildə həmin seyfi üzbəüz yerləşən hamam otağına daşıdıq. Orada Babək avtogen qurğusu ilə seyfi kəsməyə başladı, mən də duşla sulayırdım ki, içərisindəki pullar yanmasın. Bundan sonra içərisinə əl atıb oradan kiçik ölçülü qızıl qutularını çıxardıq. Qutulardan müxtəlif çeşidli qızıl-zinət əşyalarını götürüb bir ədəd sellofan paketə yığdıq. Qızıl-zinət əşyalarının çəkisi təxminən 1,5 kiloqram olardı. Seyfdə qızıllardan başqa 3.800 ABŞ dolları var idi. Piyada yola çıxıb taksi ilə yaşadığım Sabunçu rayonu, Saratov küçəsinə gəldim. Qızılları evə aparıb plastmas qutuya yığıb saxlaması üçün anama verdim. Dedim ki, qızılları Rusiyaya gedən dostum əmanət kimi verib”.
Oğurlanan qızıllar arasında 12 288 manat dəyərində bir ədəd “Gp:Girard-p-Perregaux” qızıl qol saatı, 11 240 manat dəyərində bir ədəd içərisində “Cartier” qızıl qol saatı, 19040 manat dəyərində bir ədəd “Girard-Perregaux” qızıl qol saatı, 9800 manat dəyərində yeddi ədəd “15”lik, 3880 manat dəyərində dörd ədəd “10”luq, 7500 manat dəyərində on beş ədəd “5”lik, 2760 manat dəyərində üç ədəd qluplu “10”luq, 2400 manat dəyərində bir ədəd üzərində “Georgia 25 X11 % 02 Gold 9999" yazısı həkk olunmuş “25”lik qızıl sikkə, 9000 manat dəyərində bir ədəd ağ şəffaf brilyant qaş, 3605 manat dəyərində bir ədəd ağ şəffaf brilyant qaş, 4777 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl kolye, 52300 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl kolye, 11261 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik, 8355 manat dəyərində bir ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik və sair olub.
Qiymətləndirmə zamanı 750 əyarlı qızılın 1 qramı 105, 585 əyarlı qızılın 1 qramı 80, 950 əyarlı platinin 1 qramının isə dəyəri 80 manatdan hesablanıb.
Məhkəmədə təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəməsi bildirilib, zərərçəkən tərəf onlardan şikayətçi olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar tarixli hökmü ilə Babək və Tacirin hər birinə 5 il həbs cəzası verilib./Qafqazinfo.az
Bu xəbər üçün şərh yazın