Əbdürrəhim bəy Haqvеrdiyеvin “Bomba” əsərində mədəni-ictimai həyat

Əbdürrəhim bəy Haqvеrdiyеvin “Bomba” əsərində mədəni-ictimai həyat 

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 17 may 1870-ci ildə Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur.

Əbdürrəhim bəy Haqvеrdiyеv “Bəxtsiz cavan”, “Cəhənnəm məktubları”, “Mоzalan bəyin səyahətnaməsi”, “Marallarım”, “Millət dоstları”, "Mütrüb dəftəri”, "Şikayət”, "Şeyx Şəban", "Mirzə Səfər", "Pir", "Çeşmək", "Qiraət”, "Şəbih”, "Acından təbib”, "Dəccalabad”, “Ac həriflər” və s. qiymətli əsərlər yazmışdır. Əbdürrəhim bəy Haqvеrdiyеvin yaradıcılığında xüsusi yeri olan əsərlərdən biri də “Bomba” hekayəsidir. Əsərdə milli-mənəvi varlıq anlayışı çox güclüdür. “Bomba” hekayəsində xalqın adət-ənənələrinə, düşüncə tərzinə, davranış normalarına, dilinə, milli mədəniyyətinə dair məsələlərə toxunulmuşdur. Əsər bədii ədəbiyyatın inkişafında əvəzedilməz mənbə kimi dəyərləndirilə bilər. Hekayənin həcminin azlığına baxmayaraq, burada xalq ruhunun incəliklərinə toxunulmuşdur. Əbdürrəhim bəy Haqvеrdiyеvin müraciət etdiyi mövzular olduqca zəngindir. Yazıçının bir çox əsərlərində olduğu kimi “Bomba” hekayəsində də şifahi xalq ədəbiyyatının elementlərinə rast gəlinir. Lakin bu nəzərə çarpma qabarıq şəkildə deyildir. 


Əsəri oxuyub, təhlil edən zaman hekayənin mətndaxili qatlarında, təhkiyə içərisində, ümumilikdə əsərin poetikasında çox güclü bir mənanın olduğunu görürük. Əbdürrəhim bəy Haqvеrdiyеvin “Bomba” hekayəsində bədii ədəbiyyatın konkret ictimai-tarixi məsələlərinə və xalqın tarixi keçmişinə toxunulmuşdur. Əsər yazılı ədəbiyyat nümunəsi kimi olduqca qiymətlidir. “Bomba” hekayəsində xalq həyatı, cəmiyyətin keçdiyi ziddiyyətli yollar bədii yaradıcılıqla təsvir olunmuşdur. Əbdürrəhim bəy Haqverdiyevin əsərləri bu baxımdan olduqca zəngindir. Ədibin yaradıcılığında realizmin daha da çox güclü olduğunu “Bomba” hekayəsində görürük. Hekayə yeni bədii keyfiyyətlərlə zənginləşməsi baxımından olduqca əhəmiyyətlidir. Əbdürrəhim bəy Haqvеrdiyеvin yaradıcılıq irsi mövzu, ideya-sənətkarlıq, üslub, obrazlılıq baxımından geniş və çoxçeşidlidir. Ə.Haqverdiyevin “Bomba” hekayəsi ədəbiyyatımızı təkcə dolğun məzmunu ilə deyil, bir çox orijinal xüsusiyyətləri ilə də zənginləşdirmişdir. Bu hekayənin Azərbaycan ədəbiyyat tarixindəki rolu olduqca dəyərlidir. 


“Bomba” hekayəsini Ə.Haqverdiyevin yaradıcılığının gözəl nümunəsi hesab etmək çox doğrudur. Əsərdə bir çox eybəcərliklər ümumiləşdirilərək tənqid edilir. Ədib “Bomba” hekayəsində cəmiyyətin nöqsanlarını ifşa edərkən gülüşdən ustalıqla istifadə etmişdir. Ə.Haqverdiyevin tənqid üsulunda istehzalı gülüş mühüm yer tutur. Yazıçının “Bomba” hekayəsi üslub və metod baxımından orijinal və mükəmməl bir bədii əsərdir. Bu hekayənin quruluşunda və başlama tərzində bir mükəmməllik vardır. Ümumiyyətlə, bu xüsusiyyəti Haqverdiyevin bədii nəsrinin bütövlükdə hamısına şamil etmək olar. Ədib “Bomba” hekayəsində əsas mövzularından biri mövhumatın tənqididir. O, hekayəsində cəmiyyətdəki ayrı-ayrı nöqsanları, ictimai problemləri tənqid edərkən gülüşdən, onun müxtəlif şəkillərindən bacarıqla istifadə edir.


 Ə.Haqverdiyevin “Bomba” hekayəsindəki gülüşdə istehza daha çox müşahidə olunur. Ə.Haqverdiyevin “Bomba” hekayəsinin baş qəhrəmanı olan qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi ki, polis idarəsində xidmət edirdi. Kərbəlayi Zal hökumət işində işləməyi hər şeydən üstün bilirdi. Onun niyyəti o idi ki, iyirmi beş ildən artıq polis qulluğunda işləyib, bir-iki ildə dözüb, sonra pensiyaya çıxsın. Bundan sonra da rahat əyləşib pensiyasını yesin. Lakin işlər Kərbəlayi Zalın istədiyi kimi cərəyan etmədi. Dəftərxanada pristavının dediyi sözlər “Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır... Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür; sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq” bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. 


Kərbəlayı Zalın qorodovoyluq etdiyi “Qanlı küçə” ilə “Zavallı” küçəsinin adı əsərdə ümumiləşdirmə yaradır. Hekayədə Kərbəlayi Zalın nitqində rus sözlərindən yerli-yersiz istifadə etməsi onun xarakterini oxucunun gözünün önündə canlandırır. Özünü pristavın gözündə yüksək etmək istəyən Kərbəlayi Zal gecə yarısından bir xeyli keçəndən sonra usta Feyzulla nalbəndin qapısında bir kişinin və atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər gördü. Ə.Haqverdiyev “Bomba” hekayəsində Kərbəlayi Zalın “Daha baxtının ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey olar” sözləri ilə onun vəzifədə mövqe tutması xatirinə öz yerlilərini necə güdaza verməsini çox məharətlə təsvir etmişdir. Kərbəlayi Zalın heç vecinədə deyildi ki, Usta Feyzulla, arvadı, uşaqları ürəkqopma azarına düşəcək. Ə.Haqverdiyevin “Bomba” əsəri novelladır, yəni ki, gözlənilməz sonluqla bitir. Bu xüsusiyyət bu əsərdə də özünü göstərdi. Belə ki, Kərbəlayi Zalın bomba var dediyi çuvallardan qarpız çıxdı. Nəticə olaraqda, Kərbəlayi Zalı qulluqdan xaric etdilər. Ədürrəhim bəy Haqverdiyevin “Bomba” novellası Azərbaycan ədəbiyyatı tarixində mühüm bir mövqeyə malikdir.

Həcər Atakişiyeva 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər