"Əcəmidəki pivəxanada tanış olduq, evli olsa da məni qısqanırdı" - "Oskar" idman zalındakı cinayətin təfərrüatı
Bakıda "Oscar" idman zalında sevgilisini bıçaqlayan qadının məhkəməsi yekunlaşıb.
Hadisə ötən il qısqanclıq zəminində baş verib. Məsələ ilə bağlı başladılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Məhkəmədə dindirilən X.Cabbarova (şərti) özünü qismən təqsirli bilib: "Həyat yoldaşımdan boşandıqdan sonra iki övladımla Moskvadan Bakıya qayıtdıq. "Memar Əcəmi" metrostansiyası yaxınlığında yerləşən "pub"da xidmətçi kimi çalışmağa başladım. Orada bir oğlanla tanış oldum. Mənə maddi cəhətdən kömək edirdi. Onunla dostlaşdıq, münasibətlərimiz yaxınlaşdı, qeyri-rəsmi ər-arvad kimi yaşamağa başladıq. Evli olsa da, mənimlə yaşayırdı. "Oscar" idman zalını işlədirdi. Hər axşam "pub"a gəlib məni götürürdü. Sonra zala gedib orada qalırdıq. O, məni qısqanırdı. Bir dəfə zalda olanda qısqanclıq zəminində suallar verməyə başladı. Dırnaqlarımın niyə boyalı olduğunu, işdən niyə gec çıxdığımı bildirərək məni vurdu. Bu, məndə əsəb yaratdığından otaqdakı bıçağı götürərək kürəyindən bir dəfə vurdum. Ordakıların köməyi ilə onu təcili yardım maşınına mindirib xəstəxanaya apardıq".
Məhkəmədə dindirilmiş T.Qədimov (şərti) deyib ki, 2-3 ilə yaxın təqsirləndirilən şəxslə qeyri-rəsmi münasibətləri olub: ""Oscar" idman zalında öz istirahətim üçün şəxsi otaq düzəltmişdim. Aramızda tez-tez qısqanclıq mübahisələri olurdu. Sonuncu dəfə orada olanda son vaxtlar niyə mobil telefona gec cavab verdiyini soruşdum. O da mənimlə kobud tərzdə danışmağa başladı və qışqıraraq yaxşı etdiyini dedi. Dırnaqlarının niyə boyalı olduğunu soruşdum. Yenə qışqırıb söyüş söyərək yaxşı etdiyini və burada heç nə olmadığını bildirdi. Bu zaman əsəbiləşib onu itələdim. Ağlayaraq qışqırmağa başladı, mən onu qucaqladım. Bu zaman kürəyimdən bıçaqladı".
Hadisədən sonra tərəflər barışıb və T.Qədimov qadından şikayətçi olmayıb. Bunu nəzərə alan məhkəmə qadına şərti cəza verib./Qafqazinfo.az
Bu xəbər üçün şərh yazın