“Əgər kimsə bir ağac kəsərsə, onda özündən küssün…İkinci xəbərdarlıq olmayacaq”- Prezidentdən sərt xəbərdarlıq
“Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“Ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün işlər görülür, təhlil aparılır. İlk növbədə, neftlə çirklənmiş ərazilər təmizlənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq göstəriş verilib, vəsait ayrılıb. Abşeron yarımadasında neftlə çirklənmiş yerlər tam təmizlənəcək, həmin yerlərdə bağlar, yaşıllıqlar, göllər salınacaq. Bu işlər gedir, gələn il də nəzərdə tutulur. Xəzərin sahilində yeni təmizləyici qurğuların yaradılması istiqamətində işlər gedir. Burada da vəziyyət bizi tam qane edə bilməz. Havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edilib. Axsam saatlarında Bakı şəhərini tüstü bürüyür. Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur. Ona görə, çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq. Mən tapşırmışam ki, bunun üçün hüquqi əsaslar hazırlansın. Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyektləri təmizləyici qurğuları quraşdırmağa başlayıblar. Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər. Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı. Ona görə, tezliklə bütün böyük-kiçik məişət obyektlərində havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğular quraşdırılmalıdır, müvafiq qurumlar monitorinq aparmalıdır. Mən Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verdim ki, mənə dərhal məlumat verilsin və dərhal ölçü götürüləcək”, – dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev deyib ki, ağacların kəsilməsi halları azalıb, amma tam aradan qaldırılmayıb: “Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün”.
“Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək.
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm. Vətəndaşlara da mən müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Çünki vətəndaşlar dururdular, keşik çəkirdilər, qoymurdular, xəbər verirdilər və onların fəallığını mən alqışlayıram. Dəfələrlə demişəm ki, ictimai nəzarət güclü olmalıdır, artıq biz bunu görürük. Ona görə, bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır”, – dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev vurğulayıb ki, şəhər nəqliyyatı sahəsində də irəliləyiş var: “Biz şəhər nəqliyyatının təkmilləşdirilməsi işində islahatlar aparırıq, həm yol-nəqliyyat hərəkətinin tənzimlənməsi, eyni zamanda, yeni yolların açılması, nəqliyyat vasitələrinin alınması istiqamətində. Bu il şəhərimizə əlavə 300 yeni müasir avtobus gətiriləcək. Mən göstəriş vermişəm, gələn il də, minimum 300, əgər maliyyə imkanımız olsa, 500 yeni avtobus gətirilməlidir. Dövlət bu sahədə öz liderliyini göstərməlidir. Çünki son vaxtlar baş vermiş dəhşətli qəzalar bizim hamımızı çox üzür və bu, vətəndaşlar üçün çox böyük faciədir, böyük itkidir. Nəyə görə? Çünki sükan arxasında oturan öz məsuliyyətini dərk etmir. Onun psixoloji, narkoloji durumuna, peşəkarlığına lazımi qaydada nəzarət olunmur, sadəcə olaraq pul naminə. Şirkətə pul lazımdır. Ona görə də bədbəxt hadisələr baş verir. Avtobus qatara çırpılır, günahsız insanlar həlak olur. Mühafizə orqanları belə hallara çox ciddi reaksiya verməlidir və belə hallar nəzarətdə olmalıdır. Çünki bəzi hallarda bu hadisəni törədənlər müəyyən müddətdən sonra məsuliyyətdən yayınırlar. Ona görə, buna son qoymaq üçün müvafiq qurumlar tərəfindən çox ciddi təftiş aparılmalıdır. Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır. Ona görə, bizim dövlət qurumumuz var – “Bakubus” şirkəti. Onların xətti ilə biz bu işi davam etdirməliyik. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları onlara çox ciddi nəzarət etməlidir”.
“Mən məişət tullantıları ilə bağlı müvafiq göstəriş vermişəm. Bu sahə Bakı şəhərində lazımi səviyyədə tənzimlənmir. Ona görə, vahid bir zəncir yaradılmalıdır – qapıdan ta Balaxanı məişət tullantılarının emalı zavoduna qədər. Ona görə, indi müvafiq qurumlar bu məsələ ilə bağlı təkliflər hazırlayır. Mən göstəriş vermişəm ki, bu işlərə beynəlxalq məsləhətçilər cəlb edilsin, bu sahədə də dünyanın aparıcı şəhərlərinin mövcud təcrübəsi Azərbaycanda tam tətbiq olunsun.
Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş vermişəm ki, binaların həyətləri abadlaşdırılsın, orada həm yaşlı insanlar, həm də uşaqlar üçün şərait yaradılsın, həyətlər bütün qanunsuz tikililərdən təmizlənsin, lift təsərrüfatı təzələnsin, harada ki, ehtiyac var yeni liftlər qoyulsun. Yəni, mənzil-kommunal təsərrüfatının yeniləşməsi istiqamətində çox ciddi addımlar atılacaq. Bakı şəhərində isə yeni parklar, bulvarlar salınır. Bakı indi gözəl parklar, xiyabanlar şəhəridir. Köhnə, yararsız vəziyyətdə olan sənaye müəssisələri şəhərin mərkəzindən çıxarılır, yeni gözəl parklar salınır. Bu il də onlardan biri Babək prospektində, Heydər Əliyev Mərkəzinin aşağısında, Yusif Səfərov küçəsində salınıb və vətəndaşların sərəncamına verilib. Biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik.
Dəmir yolu ilə bağlı bəzi layihələri qeyd etmək istərdim. Mən ilin əvvəlində demişdim ki, bu ilin sonuna qədər Bakı-Gəncə sürət qatarının işə salınması prosesi başa çatmalıdır. İlin sonuna artıq az vaxt qalıb. Yəqin ki, biz bunu görəcəyik. Hər halda, kifayət qədər vəsait ayrılıb. Digər istiqamətlər üzrə – Bakı-Yalama dəmir yolunun yenidən qurulması istiqamətində, Bakı-Qəbələ dəmir yolunun çəkilişi ilə bağlı işlər gedir. Eyni zamanda, Bakı dairəvi avtomobil yolunun tikintisi davam edir. Bu da şəhər nəqliyyatı üçün çox önəmli bir layihə olacaq və bunu biz metro tikintisi ilə uzlaşdırmalıyıq. Onu da qeyd etməliyəm ki, bu ilin Dövlət İnvestisiya Proqramında metro tikintisi üçün də kifayət qədər vəsait ayrılmışdır.
Gələn ilin əvvəlində biz növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Bu il üçüncü proqramın icrası başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilib. İndi dördüncü proqram hazırlanır, son mərhələdədir. Dördüncü proqramda bu gün hələ də görə bilmədiyimiz işlər öz əksini tapmalıdır ki, qarşımızda duran bütün vəzifələr icra edilsin”, – dövlət başçısı qeyd edib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın