Əkrəm Həsənov: “Ramiz Rzayev, səlahiyyət müddətin bitib, çıx get də…”
“Ali Məhkəmənin sədri Ramiz Rzayev səlahiyyət müddətinin bitməsini mübahisələndirmir. Hazırda səlahiyyətləri bitib. Rzayev köhnə qanuna istinad edir.
Hətta köhnə qanunla belə, onun səlahiyyətləri bitib. Ramiz Rzayev deyir ki, “yeni qanun mənə aid deyil”. Onun istinad etdiyi köhnə qanuna görə, 65 yaşında getməli idi və səlahiyyət müddəti 70 yaşına qədər uzadıla bilərdi. Rzayevin fevralın 25-də 70 yaşı oldu. O, artıq hakim deyil. Buna baxmayaraq, qanunsuz olaraq yenə də Ali Məhkəmədə kabinetində oturub, sədrlik edir. Hər halda o, bununla bağlı münasibət bildirməyib. Yaxşı olardı ki, mətbuat Ramiz Rzayevdən soruşsun ki, sən bu dəqiqə orda niyə oturmusan?
Demirsən ki, “köhnə qanun”? Köhnə qanunla da səlahiyyətin bitib. “Mənə aid deyil” dediyi hazırkı qanuna görə, Ali Məhkəmə hakimlərinin yuxarı yaş həddi 68-dir. Uzadılması da nəzərdə tutulmayıb. Amma yeni qanun 2014-cü ilin sonunda qəbul olunanda deyilmişdi ki, bu qanun əvvəlki hakimlərə aid deyil, onlara köhnə qanun aiddir”.
Faktinfo.az xəbər verir ki,bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, Ramiz Rzayev sonuncu dəfə 2018-ci ildə təyin olunub: “Milli Məclis onu Ali Məhkəmənin hakimi, Prezident isə Ali Məhkəmənin sədri kimi təyin edib. Orada Rzayevin hansı müddətə qədər təyin olunduğu göstərilməyib. Yazmayıblarsa, deməli, yeni qanuna görə, ən yüksək yaş həddinə qədər təyin ediblər. Buna görə də o, son iki ildə qanunsuz şəkildə Ali Məhkəmənin sədri olub. Yaxşı, iki il sədr olmusan, olmusan də. İndi səlahiyyətin müddətin bitib, çıx get də…”
Bu xəbər üçün şərh yazın