Elm və Təhsil Nazirliyində yeyinti faktları: - Bu tenderə ehtiyac var?
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması” adlı tenderə yekun vurub.
Tenderin qalibi “ELEMENT YT” QSC (2005410371) şirkəti olub. Rəsmi məlumata görə, sözügedən şirkətlə 15 milyon 144 min 749 manat məbləğində müqavilə imzalanıb. Maraqlısı budur ki, Elm və Təhsil Nazirliyi eyni tenderi son 3 ildə artıq üçüncü dəfədir elan edir. İlin eyni dövründə elan edilən tenderin qalibi hər dəfə “ELEMENT YT” QSC olub. “Element YT” şirkəti son 3 ildə Təhsil Nazirliyindən “Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması” tenderləri üzrə 40 milyon 644 min manatlıq sifariş alıb.
DİA.AZ xəbər verir ki, nazirliyin eyni şirkəti hər dəfə qalib etməsinə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi öz fikirlərini Yenicag.az-la bölüşüb.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin hazırkı fəaliyyəti ürəkaçan səviyyədə deyil. Nazirlik üzərinə düşən vəzifələrin öhdəsindən gəlməkdənsə, dövlət büdcəsindən pul silməklə məşğuldur:
“Bu gün cəmiyyətdə sorğu aparsaq, son dövrlər Elm və Təhsil Nazirliyinin gördüyü işlərdən kiminsə razı qaldığının şahidi olmayacağıq. Çünki son zamanlar Elm və Təhsil Nazirliyinin başı qrant layihələrə və bu layihələr vasitəsilə gəlir əldə etməyə qarışıb. Nazirlik tenderlər elan edərək kiminlə işbirliyi edirsə, onun vasitəsilə qazanc əldə edir. 15 milyon 144 min 749 manatlıq bir vəsaitin tenderə ayrılması ağlasığmazdır. Təhsil sahəsi artıq unudulub. Təhsili istehsalatla məşğul olan bir fabrikə çeviriblər, qrant və layihələrlə dövlət büdcəsini talayırlar. Bu gün respublikada yanğınla bağlı hansısa məktəbdə quraşdırmaya deyil, məktəb tikintisinə ehtiyac var.
Bu gün məktəblərdə şagird sıxlığından tərpənmək olmur. Bir auditoriyaya 45-50 nəfər şagirdi doldurublar. Rus bölməsində isə faciəvi vəziyyət mövcuddur. Bu cür biabır vəziyyətin yaranmaması üçün eyni ərazidə bir neçə məktəb tikilməlidir. Nəticədə şagird sıxlığının qarşısını almaqla yanaşı, müəllimlərin işə qəbulunda vakant yerlərin sayı arta bilər. Hər il kifayət qədər işsiz müəllim ordusu yaradılır. Hər il 40-50 min müəllim boş-bekar qalır, iş tapa bilmir. Müəllimlərin işə qəbulu imtahanında 55-60 min müraciət olsa da, cəmi 9-10 min vakant yeri təşkil olunur. Bəs qalan 40 min müəllim nə etsin?! Onlar nəyə görə pedaqoji istiqamət üzrə ali təhsil alıb?! Nazirlik vəsaiti mənasız yerlərə xərcləməkdənsə, müvafiq ərazilərdə məktəb tikməli, rayonlarda uçub-tökülən məktəbləri təmir etməlidir.
“ELEMENT YT” şirkətinə ayrılan 15 milyon 144 min 749 manata ən azı 30 məktəb tikmək olar. Hansı ki, bu gün Abşeron rayonu ərazisində, Hökməli kəndində, Qobu, Güzdək, Müşfiqabad və bir sıra qəsəbələrdə şagirdlər məktəb tapa bilmirlər. Ona görə də şagirdlər hansısa məktəbə getmək üçün 4-5 km məsafəlik yolu qət etmək məcburiyyətində qalırlar. Elə məktəblər var ki, olduqca qəzalı vəziyyətdədir və az qalır şagirdlərin başına uçsun. Belə bir vəziyyətdə bizə yanğınla bağlı tender elan etmək və dövlət büdcəsindən pul silmək lazım deyil. Ona görə də bu məsələ araşdırılmalıdır. Eyni zamanda təhsil sahəsində ciddi islahatlara ehtiyac var. Nazirlik bu şəkildə davam edə bilməz.
Bu gün Elm və Təhsil Nazirliyi müəyyən ərazilər üzrə şagirdlərə dərs vəsaitini çatdırıb verə bilməyib. Yanğınla bağlı nələrsə quraşdırmaqdansa, elə dərs vəsaitlərini çap etmək və vaxtında şagirdlərə paylamaq lazımdır. Nazirlik harada yeyinti yeri varsa, oraları tapır və layihələri o istiqamət üzrə elan edərək pul qazanır. Fikrimcə, Elm və Təhsil Nazirliyinin fəaliyyəti tam araşdırılmalıdır. Hesablama Palatası burada baş verən yeyinti hallarını aşkarlamalıdır. Çünki bu nazirlikdə yeyinti faktları dəhşətli dərəcədədir”.
Bu xəbər üçün şərh yazın