Elmar Vəliyevi güllələyən şəxsə işgəncə verilib? – Rəsmi açıqlama
Daxili İşlər Nazirliyi Gəncə şəhərinin İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum edən şəxsin işgəncəyə məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən APA-ya bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir: “Kimlərsə sensasiya xətrinə başqa adama məxsus fotonu sosial şəbəkələrdə paylaşaraq həmin görüntülərin Gəncədə məlum cinayəti törədən şəxsə aid olduğunu iddia edir. Bir daha qeyd edirik ki, Gəncədə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, cinayəti törədən şəxs isti izlərlə tutularaq istintaqa təhvil verilib və hazırda istintaq altındadır. Ona hər hansı işgəncə verilməsi barədə iddialar əsassız və absurddur”.
Xatırladaq ki, iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.
Bu xəbər üçün şərh yazın