“ƏNVƏR SEYİDOV DƏLƏDUZA BƏRAƏT VERMƏYƏ HAZIRLAŞIR…” – Məşhur hakimdən Prezidentə şikayət
Ölkənin məhkəmə-hüquq sistemindəki ədalətsizliyin qurbanlarından birinə çevrildiyini iddia edən Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 28-ci məhəllə, ev 31, mənzil 9-da qeydiyyatda olan Rüstəmov Hafiz Muxtar oglu Bakı Ağır Cinayətlər Məhkəməsinin məşhur hakimi Ənvər Seyidovdan şikayətçidir.
H.Rüstəmov ona qarşı dələduzluq törədərək, 103 min ABŞ dolları məbləğində pulunu mənimsəməkdə günahlandırdığı Etiqad Şəfiyevin hakim Ə.Seyidov tərəfindən himayə olunduğunu iddia edir. Redaksiyamızla yanaşı, ölkə başçısına, ədliyyə nazirinə və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə məktub ünvanlayan şikayətçi bildirir ki, ona qarşı dələduzluq əməli törətmiş Şəfiyev Etiqad Lətif oglunun barəsində cinayət işi açılıb, Binəqədi Rayon Polis İdarəsində ittiham aktı tərtib olunaraq, materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılmaq üçün göndərilib: “İndi isə işə baxan hakim Ənvər Seyidovun, Şəfiyev Etiqad Lətif oglunun əməllərinin sırf dələduzluq olmasının ətraflı şəkildə sübut edilməsinə rəğmən, ona bəraət verməyə hazırlaşdığını açıq şəkildə hiss edirəm…”
H.Rüstəmov iddia edir ki, hakim ona qarşı dələduzluq edən şəxsə bəraət vermək üçün əlindən gələni edir: “Ə.Seyidov iclaslarda mənim söylədiyim, həmçinin ittiham aktında ətraflı şərh edilmiş sübutların dələduzluq kimi tövsif edilməsi barədə qətiyyən düşünmür, heç bir əsas olmadan Şəfiyev Etiqad Lətif ogluna himayədarlıq edir… Bu gedişlə, hakim Ənvər Seyidov ona bəraət verəcək. Bununla da mən, borc alıb ona verdiyim pulların sahiblərinin basqıları altında məhv olacağam…”
Şikayətçi, ona qarşı dələduzluq edildiyinin tam sübut olunduğu fikrindədir: “Aldanaraq verdiyim pulla Çin və Türkiyədən geyim mallarının alınaraq, Moskva bazarlarında satışının birlikdə təşkil olunacağı Etiqad tərəfindən mənə vəd edilmişdi. Əslində isə onun həmin vəd olunmuş malları konkret hansı tarixlərdə Çin və Türkiyədə kimlərdənsə alaraq Moskvadakı “Sadovoy” və “Lyublin” bazarlarına göndərməsi, Moskvaya hansı gömrük məntəqəsindən nə vaxt keçməsi, orada həmin malların kimlər tərəfindən və hansı qaimə ilə qəbul edilməsi barədə heç bir sübut yoxdur. Mən də hakimə deyirəm ki, Etiqad mənə malın Moskvada kimdə olduğunu desin, gedim həmin malın faktiki sənədlərini və özünü görüm, onu geri alım və bununla da, şikayətimi geri götürüm… Halbuki, hec bir mal nə alınmayıb, nə də göndərilməyib. Faktiki olaraq, məndən ticarət adı ilə alınan pullar Şəfiyev Etiqad Lətif oglu tətəfindən mənimsənilib…”
H.Rüstəmovun iddiasına görə, dələduzluq faktı ortada olduğu halda, Ə.Seyidov məsələni ticarət uğursuzluğu kimi qələmə verərək, E.Şəfiyevə bəraət verməyə çalışır. O, həmçinin şikayətində bildirir ki, Ə.Seyidovun hələ Cəlilabadda hakim işləyərkən E.Şəfiyevin yeznəsi Feyziyev Şahverən Yəhya oğlu ilə sıx əlaqələri olub və hazırda da onlar dostluq edirlər. H.Rüstəmovun fikrincə, bu münasibətlərin Ə.Seyidovun işə qeyri-obyektiv baxmasında əhəmiyyətli rolu var. Şikayətçi, hətta qeyd edir ki, Cəlilabad rayonunda yüksək vəzifələr tutmuş Ş.Feyziyevin özü də ona qarşı dələduzluq əməli törədib.
H.Rüstəmov bildirir ki, E.Şəfiyevin əməllərindən ziyan görən digər zərərçəkmiş Tahir Məmmədxanovla birgə Ə.Seyidovun rəhbərlik etdiyi məhkəmə heyətinə etiraz etsələr də, buna məhəl qoyulmayıb.
Nəhayət, 03 oktyabr 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə Ə.Seyidovun sədrliyilə məhkəmə tərkibinə etirazla bağlı rəsmi müraciət etdiyini deyən H.Rüstəmov, ölkə başçısından xahiş edir ki, onun etirazının obyektiv qiymətləndirilməsinə köməklik edilsin və sonradan təyin olunacaq heyətin ədalətin fövqündə dayanacağına təminat verilsin.
Azpolitika.info
Bu xəbər üçün şərh yazın