"Ərdoğan və Əliyevin çəkdikləri zəhmət ən yüksək hörmət və ehtirama layiqdir" -Sabir Rüstəmxanlı
Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğan bu gün BMT-nin yüksək kürsüsündən bütün dünyaya Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” olduğu həqiqətini gur səslə bəyan etdi.
Azərbaycanın əziz dostu bütün dünyanın diqqət mərkəzində olan sessiyadan bir dünya lideri kimi danışdı. Ona qədər çıxış edən heç bir dövlər başçısı bu gün Yer üzündə hər kəsi narahat edən məsələləri belə geniş və hakimiyyətləri məsuliyyətə çağıran bir şəkildə dilə gətirməmişdi.
Faktinfo.az xəbər verir ki, bu sözləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Türkiyə lideri Ərdoğanın BMT-dəki çıxışına münasibət bildirərkən deyib.
“Dünyada ildən-ilə artan açlıq, terror, ədalətsizlik, irqi və dini ayrı-seçkilik, Yer səthinin və atmosferin çirklənməsi, bölücülük savaşları, mənəvi dəyərlərin aşınması, ailə ənənələrinin dağıdılması ilə insanlığın üzləşə biləcəyi fəlakətlər, böyük güclərin terroru dəstəkləyən riyakar və ikiüzlü siyasəti, Qərbdə söz azadlığı pərdəsi altında qol-qanad açan antiislam olayları, beynəlxalq qurumların yenilənməsi və gücləndirilməsi zərurəti... - sayın Ərdoğanın qaldırdığı problemlərin yalnız bir hissəsidir. Bunların hamısı çağdaş sivilizasiyanı təhdid edən mövzulardır və Türkiyə prezidentinin dilindən səslənməsi köksümüzü qürurla doldurdu. Lakin bizi ən çox sevindirən o kürsüdən Cümhurbaşqanın Ermənistanın işğalçılıq siyasətinin nəticəsində Qarabağda yaranmış duruma, Azərbaycanın başladığı antiterror tədbirlərinə verdiyi qiymət və bu məsələdə Türkiyənin Azərbaycanı birmənalı şəkildə dəstəklədiyi haqqında söylədiyi fikirlər oldu.
“Qarabağ Azərbaycan torpağıdır, əlavə heç bir status söz konusu ola bilməz”, “Ermənistan sülh üçün yaranmış imkanı dəyərləndirə bimədi“, “Zəngəzur dəhlizi açılmalıdır” sözlərinin dünyada tanınan böyük bir dövlət başçısının dilindən səslənməsi apardığımız antiterror tədbirinə başqa don biçməyə çalışanlara verilən tutarlı cavabdır. Gedən proseslər və sayın Ərdoğanın çıxışı illərlə süngüylə qarşılanan Türk Birliyi ideyasının gələcəyimizə yönəlmiş böyük yol və ideal olduğunu bir daha nümayiş etdirir. Türkiyə Cümhurbaşqanı sayın Rəcəb Təyyub Ərdoğanın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu yolda gördükləri iş, çəkdikləri zəhmət ən yüksək hörmət və ehtirama layiqdir”, - millət vəkili bildirib.
Bu xəbər üçün şərh yazın