Erməni mediası Bakı-Tiflis-Qarsdan nələr yazdı – Şok detal

Erməni mediası Bakı-Tiflis-Qarsdan nələr yazdı – Şok detal 

Bakı-Tiflis-Qars layihəsinin reallaşması Ermənistanda ciddi narahatlıqla qarşılanıb. Rəsmi İrəvan bu layihədən əndişələndiyini bir sıra kosmetik görüntülərlə ört-basdır etməyə çalışsa da, yerli kütləvi informasiya vasitələrinin hədəfindən yayına bilməyib. Müqayisə üçün deyək ki, əgər Azərbaycan mediasında həmin gün “Fədayənin həbsi” əsas mövzu kimi gündəmdə dayanıbsa, düşmən ölkədə məhz bu layihənin ciddi müzakirəsi manşetlərdən hələ də düşmək bilmir.

Məsələ burasındadır ki, Ermənistanda əsas diqqəti Bakı-Tiflis-Qars dəmir yolununun istifadəyə verilməsinə yönəldən bütün aparıcı informasiya resursları layihənin ciddi əhəmiyyətini vurğulamaqdan çəkinmir, bununla da Azərbaycanın regionda üstün mövqeyini bir daha etiraf edir. Paralellərin Azərbaycan və Ermənistan iqtidarı arasında aparılması isə Sərkisyan və onun komandasının tənqidi üçün əsas motiv rolunu oynayır.

Bu xüsusda 1in.am saytında dərc olunan yazı diqqəti xüsusilə çəkir. Müəllif Sərkis Arçnuni “Bakı-Tiflis-Qars: Ermənistanın regional təcridi üçün yeni təhlükə” adlı analitik məqaləsində Azərbaycanın bir dövlət olaraq ortaya qoyduğu siyasi iradəsini yüksək dəyərləndirir və bu fonda Ermənistanı vassal dövlət kimi xarakterizə etməkdən çəkinmir.

Sitat: ”Bakı bu layihənin iqtisadi əhəmiyyətindən əlavə, siyasi xarakter daşıdığını və İrəvanın daha sıx təcridinə yönəldiyini heç vaxt gizlətməyib! Sərkisyan komandasının siyasi mövqeyi isə layihənin reallaşdırılmasına mane törədə biləcək əngəllərə ümid etməklə məhdudlaşıb! Gürcüstanın dost ölkə kimi bu layihədə iştirak etməyəcəyinə bəslənən inam isə özünü doğrultmayıb!”

Real vəziyyəti kəskin etirazlarla şərh edən müəllif daha sonra yazır:

“Rəsmi İrəvan bütün ümidlərini Saakaşvilinin yerini tutan komandaya bağlamışdı və belə düşünürdü ki, yeni iqtidardan ötrü bu layihə prioritet əhəmiyyət daşımayacaq. Amma bu, böyük səhv idi. Çünki erməni-gürcü münasibətərinin məzmun və siyasi təşəbbüsdən kənarda qalması unudulmuşdu. Digər tərəfdən, Azərbaycan son illər sübut etdi ki, Qarabağ məsələsində status-kvonu dəyişmək məqsədilə Ermənistanın təcridinə və regional mövqeyini zəiflətməyə yönəlmiş bütün real layihələri, hətta iqtisadi itkilərə getmək bahasına olsa da, maliyyələşdirməyə hazırdır. Bakı-Tiflis-Qars dəmir yolunun inşası və istifadəyə verilməsi bunun həlledici nümunəsidir”.

Bütün bunların qarşılığında Ermənistanın vassallığını və xarici siyasətinin kəsərsizliyini önə çəkən müəllif öz fikirlərini belə əsaslandırır:

“İrəvanın Moskvadan birtərəfli aslılığı ölkənin bir subyekt kimi məhvinə və xarici siyasətinin tənəzzülünə gətirib çıxarıb. Eyni zamanda, Tehranın İrəvanla regional siyasi əlaqələr qurmaq təklifləri Rusiya faktoru kimi nəhəng buzlaqlarla örtülüb. Qarşılığında Azərbaycan İran istiqamətindən də Ermənistanın siyasi və iqtisadi təcridinə yönəlmiş fürsətlərdən səmərəli bəhrələnir.”

Daha sonra Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcək görüşünə toxunan müəllif tezliklə İran-Azərbaycan dəmir yolu körpüsünün də həyata vəsiqə qazanacağını xüsusi qeyd edir və bu körpünün Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin altından qırmızı xətt çəkəcəyini vurğulayır:

“Azərbaycanla münasibətdə İranın Ermənistana xüsusi önəm verdiyini iddia etmək illüziyadır. Hətta bu belə olsa da, İran Ermənistandan gələcək təklifləri sonsuzadək gözləmək fikrində deyil. Əgər regional problemlərə daha qlobal şəkildə yanaşsaq, Ermənistanın Qarabağda status-kvonu saxlamaq siyasəti, həqiqətən də, illüziya xarakteri daşıyır və bizim ölkəni təhlükəli demoqrafik vəziyyətlə üz-üzə qoyur. Ancaq Ermənistanın hazırkı iqtidarının yürütdüyü siyasət Ermənistan-Rusiya münasibətlərinə və Qarabağ probleminin uğurlu həllinə yenidən baxmağa ümid yeri qoymur. Belə bir vəziyyətdə isə bizim ölkənin regional təcridi real görünür”.

Fikrimcə, erməni müəllifinin mövqeyi kifayət qədər ciddi faktlarla əsaslandırılıb. Şübhə yoxdur ki, Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi yalnız Cənubi Qafqazda deyil, bütün dünyada xüsusi önəm daşıyır və Azərbaycan hakimiyyətinin möhtəşəm uğuru kimi dəyərləndirilir. Bütün hallarda yerli mediamız bu faktdan daha çox bəhrələnməli, ölkənin əsas diqqətini müvafiq istiqamətə yönəltməlidir. Çünki bu Azərbaycan dövlətindən ötrü son illərin ən böyük qələbəsi sayılır. İtirilmiş şanslar isə heç vaxt geri dönmür. Xüsusilə torpaqları işğal olunmuş ölkədə…

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər