Əsədin vurduğu Rusiya təyyarəsi olub– Moskva təsdiqlədi
Rusiyanın Suriyadakı İl-20 hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub.
Bu məlumatı CNN televiziyası ABŞ hökumətindəki etibarlı mənbələrinə istinadən yayıb. Məlumata görə, Suriya hərbçiləri İsrail aviasiyasının Latakiya vilayətinə olan hücumunun qarşısını almaq istərkən təsadüfən içərisində 14 rusiyalı hərbçinin olduğu rus təyyarəsini vurublar. Maraqlıdır ki, Rusiya təyyarəsi məhz bir neçə il öncə Kremlin suriyalılara satdığı hava hücumundan müdafiə sistemi ilə məhv edilib.
Artıq Rusiya Müdafiə Nazirliyi faktı təsdiqləyib. Nazirlik İsrailin F-16 təyyarələrinin İl-20-nin yanında gizləndiyi üçün Suriya HHM sistemləri tərəfindən vurulduğunu bildirib.
Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyinin İl-20 təyyarəsi Aralıq dənizinin Suriya sahillərində yoxa çıxıb. Moskva təyyarənin İsrail və Fransa hərbçiləri tərəfindən vurula biləcəyini iddia edib. Moskva həmçinin dünən yaydığı açıqlamada təyyarənin Əsəd qüvvələri tərəfindən vurulduğuna inanmadığını deyib.
Bu xəbər üçün şərh yazın