Əsərin bədii gücü, yoxsa yazarın nümunəvi həyat tərzi? - Ekspertlərin rəyi
"O qədər binamus şeylər yazıblar ki, adam iyrənir, oxumaq istəmir"
Sənət adamları, yazıçı və şairlər bir qayda olaraq nümunəvi həyat tərzi ilə seçilmirlər. Dünya ədəbiyyatında sözünü demiş yazıçıların arasında qumarbaz, içki, narkotik düşkünü olan da az deyil. Örnək ola biləcək fərdi keyfiyyəti olmayan yazıçının əsəri cəmiyyətə nəsə verə bilərmi?
Bu mövzuda ekspertlərin rəyi öyrənilibb.
Yazıçı, filoloq Firudin Qurbansoy bildirib ki, ədəbiyyat insanı müsbət ruha kökləməlidir:
"Hər bir yazıçı nə yazırsa, özünü yazır. Bu öz yaşantıları da ola bilər, müşahidələri də. Təəssüf ki, Yazıçılar İttifaqının pilləkənlərından qalxanda araq iyi gəlir. İnsan özü naqis olsa, cəmiyyəti heç bir öncül qəhrəmanla təmin edə bilməz. Ədəbiyyatımızda Sovet dövrünün əksər qəhrəmanları naqisdir. Normal kişi və ya qadın obrazı tapmaq çətindir. Çünki xəstə şüurlu idilər, düşünürdülər ki, hər məclisdə oturanda mütləq “yeyib-içməlisən”. İçki olan yerdə insanın ağlı işləməz. İnsanın zəif xarakterini ədəbiyyata gətirmək yersizdir. Məsələn, götürək “Dəli Kür” romanını. Cahandar ağa nə obrazdır? Binamusun biridir. Sən Azərbaycan oxucusuna kişi obrazı verirsənsə, bu allahpərəst, insansevər olmalı, xalqın namusuna təcavüz etməməli, vətənini sevməli, vətən uğrunda ölməyi özünə şərəf bilməlidir. Seyyid Nigariyə aid səhnə lap biabırçı və başdan-ayağa böhtandır. O qədər binamus şeylər yazıblar ki, adam iyrənir, oxumaq istəmir. Mənasız, axmaq, seksual çaşqınlıq yaradan yazılarla gənc nəslə nə vermək olar?”
Filoloq qeyd edib ki, məşhur dünya yazıçılarının çoxu hansısa klanın üzvü olub və o klan onların vasitəsilə pul qazanıb: “Məsələn, Balzak böyük yazıçıdır. Onun şöhrətinə səbəb naşirlərə çoxlu borcunun qalması oldu. Əsərlərin pulun almışdı, amma yazmamışdı. O öləndən sonra naşirlər onun əsərlərin çap edib yayaraq pul əldə etdilər”.
Gənc şair-tərcüməçi, şərqşünas Rüstəm Tofiqə görə də yararsız insanların əsərləri bəzən təsadüfi, bəzən məqsədyönlü şəkildə yayılır:
“Ədib sözünün birinci mənası ədəbli, ikinci isə yazıçıdır. Sahəsindən asılı olmayaraq hər kəsin birinci vəzifəsi mənəvi dəyərləri ötürməkdir. Digər sahələrdə bu, sadəcə insanlıq və vətəndaşlıq borcudursa, ədəbiyyat xadimi üçün birbaşa öhdəlikdir. Ədəbiyyat ayrı-ayrı şəxsi fikirlərdən asılı olmayan obyektiv bir fenomendir. Bu o deməkdir ki, ədəbiyyat tərbiyəçi, yolgöstərən və insanın əlindən tutub aparan qüvvədir. Əgər əks proses gedirsə, burada ədəbiyyatdan söhbət gedə bilməz. Ədəbiyyat milli və ictimai olmaqdan çox üstündür. Hətta bəşəri olmaqdan da üstün olub ümumkainat harmoniyasının inikasıdır. Özünü ədib adlandırmaq istəyən hər kəs bütün bu harmoniya ilə eyniləşməlidir. Şəxsiyyətində problem olan şəxsin əsəri hər yerdə yalnız xaosa, zehniyyət deformasiyasına, psixi pozğunluğa səbəb olur”.
Yazıçı, şair İlqar Fəhmi isə məsələyə fərqli mövqedən yanaşıb:
“Yazıçı əsərə maneə olmalı deyil. O gərək kənarda dayansın və əsərlə birbaşa kontakt olsun. Biz Nizami, Füzuli haqqında heç nə bilmirik. Onlar varlıq olaraq bizim üçün yoxdur”.
Bu xəbər üçün şərh yazın