“EŞİDİN BU ANA FƏRYADINI…” – Qəzada həyatını itirən Gülgünün anasının müraciəti
Sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verən dəhşətli qəza ilə bağlı məlumat vermişdik.
Xatırladaq ki, həmin hadisədə Ramal Məmmədov idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb.
Yayılan məlumatlarda hadisəni törədən 1987-ci il təvəllüdlü Ramal Məmmədovun banklardan birində çalışdığı, həm də atasına məxsus olan tikinti biznesinə nəzarət etdiyi bildirilib. Həmçinin məlum olub ki, Ramal Məmmədov lüks həyata meylli olub,vaxtının böyük hissəsini gəzintilərdə, gecə klubu və çay evlərində keçirib. Elə qəzanı törətməsinin səbəbi də onun bu cür harın həyat keçirməsi ilə izah olunur.
Belə ki, qəzanın baş verdiyi anın videosundan məlum olur ki, Ramal Məmmədov maşınla təhlükəli manevrlər edib. O, həmin gecə qırmızı işıqda keçərək məlum hadisəni törədib. Hadisənin baş verdiyi an piyada keçidinin üzərində olan daha iki nəfər xəsarət almadan qəzadan yayına bilsə də, Gülgün Əmiraslanlının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 2016-cı ildə Bakı Slavyan Universitetinin məzunu olan Gülgün Əmiraslanlı ali məktəbi bitirdikdən sonra özünü təkmilləşdirmək üçün fərqli zamanlarda ABŞ-da kurslar keçib. O, Azərbaycana qayıtdıqdan sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza”da çalışıb. Bir il öncə işə başlayan Əmiraslanlı hadisənin baş verdiyi vaxt işdən qayıdırmış. Hətta Gülgün avtobusdan düşən zaman evdəkilərə zəng edərək, 5 dəqiqəyə çatacağını deyib. Gülgüngil ailədə iki bacı, bir qardaş olublar.
Qızının faciləi şəkildə ölümündən sarsılan Gülgünün anası Təranə Məmmədova müraciət yayımlayıb. “AzPolitika.info” həmin müraciəti təqdim edir:
Ana fəryadı
Eşidin bu ana fəryadını… Əziz Analar, əziz bacılar! Dəyərli xalqımın dəyərli insanları! Bu Sizlərə gözləri yaşlı, içi dərd-fəryad naləsi ilə dolu olan, Gülgününün günahsız və faciəli ölümündən sonra heç bir təskinlik tapa bilməyən miskin bir ananın, həm də tarixə qəhrəmanlıqlar yazmış bir Azərbaycan qadının müraciətidir.
20 yanvar, Xocalı kimi ağır faciələri yaşayan millət düşməndən aldığı agır zərbələri heç vaxt yaddan çıxarmasa da, şərəfli gələcək naminə qəddini düzəldib, xoşbəxt gələcəyə doğru Müstəqil Azərbaycan dövlətinin dəstəyi ilə irəliləməyi özünün həyat kredosu elan etdi.
Vətən, Torpaq uğrunda ölümü haqq bilən Anaların fəryadından çox, onların dəyanəti önündə baş əydik. Bizim nənələrimiz, analarımız bizləri bu həyata gətirəndə Vətənə, Torpağa qurban dediklərinə azmı şahidlik etmişik?!
Nə yaxşı ki, tariximizdən gələn bu ənənə bu günümüzün də şərəfli səhifələrindəndir. Amma əziz Gülgünün faciəsi, cəmiyyət üçün bir qara qəpik qədər dəyəri olmayan birisinin, insanlığa sığışmayan yaramazlığı təkcə bir gəncin həyatını al qana bulamadı, həm də cəmiyyətə ciddi bir mesaj verdi.
Son vaxtlar haqqında tez-tez eşitdiyimiz, şahidlik etdiyimiz bu cür faciələr sanki bütün cəmiyyəti eyforiya dalğasında boğmaqdadır.
Hər kəs bu kimi hadisələrə son qoymağı möhtərəm Prezidentdən, 1-ci vitse-prezident Mehriban xanımdan tələb edir. Bir həqiqətdir ki, cənab Prezident xalqın ümid, güvənc yeridir, anaların fəryadını bir ana kimi bütün varlığı ilə anlayan 1-ci vitse-prezident Mehriban xanımdır, amma insanlarımız faciələrin ağırlığını sanki, özlərinin evində baş verəndə duyurlar.
Yəni bu millətin döyüşkən, mübariz ruhu, varlığı bu qədərmi qırılıb? Bu gün səngərlərdə düşmənlə üz-üzə dayanan qəhrəman oğullarımızın, cəmiyyətin qurucusu olan insanların ana-bacıları, oğul-qardaşları, ən nəhayət, ölkənin dinc vətəndaşları şəhərin küçələrində avtoşluq edən qudurğanların faciələri ilə nə vaxta qədər üz-üzə duracaq?!
Nə vaxta qədər, “nə yaxşı ki, məndən ötdü” tezislərinin əsiri olaçağıq?! Nə vaxta qədər cəmiyyət bu qatillərin önündə susacaq, təslim olacaq? Bir var təsaduf, bir də var azğınlıqdan döğan faciə. Özlərinin haram keyfini başqalarının faciəsi üzərində quranlar ölümə məhkum edilməlidir. Burda nə hümanizmə, nə mərhəmətə yer olmamalıdır. Bilmirəm, bu cür naxələf övlad yetişdən valideynlər indi hansı hissləri yaşayırlar?!
Belələrini övlad deyə müdafiə edənlərin canında zərrə qədər Allah qorxusu varmı? Bəyəm sosial şəbəkələrdə belələrinin saxta “qürurla” paylaşdığı mesajlar onları narahat etmirmi? Bəs insanlar bunlara niyə biganədirlər? “Təki məndən ötsün” deyiminin bizləri bundan sonra da faciələrlə üz-üzə qoymayacağına kimlər zamin durur?
Suallarım çoxdur, amma cavab verənim də Gülgün kimidir, yoxdur. Hərdən fikirləşirəm ki, axı nə fərqi var, cavablar nakam Gülgünümü bir də geri döndərəsi deyil ki?! Amma bu susqunluq önündə susa da bilmirəm.
Heç şübhə etmirəm ki, bu ədalətsizliklərin cavabı vaxtında verimədiyindən belədir. Heç vaxt arzu etmirəm ki, Gülgünün acı taleyini başqa övladlar da yaşasın, amma inanın, nə qədər ki, olanlara bu qədər etinasız, susqun yanaşacağıq, bu kimi amansızlıqlar hələ çox ailələrin qapılarını döyəcək…
Bir də bir mütəfəkkir demiş, ölüm var ki, həyat qədər dəyərli... Amma çox heyiflər ki, şərəfli, vicdanlı bir həyat amalı ilə yaşayan Gülgün balama nəinki sevgi dolu həyatı, yaşaya biləcəyi şərəfli ölümü çox gördülər! Bu insan qatili Lənkəran rayon sakini Məmmədov Ramal Camal oğludur və atasının ərköyün balası olan bu şəxs sosial şəbəkələrdə yüzlərlə gəncin həyatına son qoyan avtoşluğun təbliği ilə məşğuldur.
Gülgünün anası Təranə Məmmədova
Bu xəbər üçün şərh yazın