Fazil Mustafanın açıqlamaları erməni mətbuatında - Bu millət ona bir daha mandat verməz...

Fazil Mustafanın açıqlamaları erməni mətbuatında - Bu millət ona bir daha mandat verməz... 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə fikirlərindən sonra yaranan qalmaqal səngimək bilmir ki, bilmir. Hər keçən gün yeni-yeni tanınmış simalar polemikaya qoşulur.

Artıq erməni saytları “Azərbaycanlıların etirafı” başlıqlı yazılar tirajlamaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, F.Mustafa televiziyada Azərbaycan Xalq Cümhuriyyətindən əvvəl bu quruluşda tarixi dövlətimizin olmadığını bildirib. Daim pusquda dayanan düşmən ölkənin mətbuatı deputatın bu fikirləri ilə Azərbaycanın dövlətçilik tarixinin 1918-ci ildən başlandığı barədə kampaniyaya start veriblər.

Yeni Müsavat.com -a açıqlamasında Fazil Mustafa məsələyə bu cür aydınlıq gətirdi: “Belə yazılar əvvəl qonşu ölkəyə bağlı saytlarda dərc olunur, sonra Ermənistana ötürülür. Düşmən ölkədə də bu cür tirajlayırlar. Ümumiyyətlə, açıqlamalarım ona dayanır ki, Azərbaycan əslən türk ölkəsidir. Türklərin də tarixi kifayət qədər qədimdir. Daha çox türk kütlələri bu əraziyə gəliblər. Qəsdən məsələ bu şəkildə gündəmə gətirilir. Biz ifadə etmişik ki, Azərbaycan, Ermənistan və Gürcüstan adında dövlət 1918-ci ildə yaranıb. Sülalə dövlətləri başqadır.


Fazil Mustafa: “Qəsdən məsələ bu şəkildə gündəmə gətirilir”


Bunlar bir tarixi faktlardır. Dövlətçiliklə dövlət tarixini eyniləşdirmək olmaz. Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyini qeyd edirik, bu bizim şərəfli tariximizdir. Yazılı açıqlamamda qeyd etməmişəm. Sadəcə, televiziyada demişəm ki, bu üç cümhuriyyət 1918-ci ildə yaranıb. Onu da qeyd etmişəm ki, hər üç cümhuriyyətin ondan öncə bu cür dövlət quruluşu olmayıb. Sülalə dövlətlərinin olduğunu bildirmişəm”.


Deputatın həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı məsələyə çox sərt reaksiya verdi: “Çox təəssüf edirəm ki, sonluqda hər kəsin gözlədiyi kimi oldu. Mən deməzdim ki, bu diskussiyadır, elmi xarakter daşıyan fikir mübadiləsidir. Qətiyyən. Sadəcə olaraq, Fazil Mustafanın əsası olmayan fikirlərinin cavabını vermək üçün söyləmiş olduğumuz alternativ fikirlər hər zaman onun tərəfindən çox aqressiv qarşılandı. Açığı, bundan sonra onunla üzbəüz gəlmək belə istəməzdim. Görünən odur ki, Azərbaycan dövlətçiliyini təftiş etmək ermənilərə kifayət qədər əsaslar verir. Azərbaycan dövlətçiliyi eramızdan əvvəl VIII-VII əsrlərdən başlayıb. Bu əsrlərdə Azərbaycan ərazisində dövlətçilik yaranıb. İndi bunu doğru olmayan istiqamətə yönəltmək azərbaycanlı ziyalısına yaraşmır. Tariximizi öyrənmək lazımdır. Təkcə onun din tarixini bilməklə kifayətlənmək olmaz. Məhəmməd Əmin Rəsulzadənin, Ağaoğlunun, Mirzə Cəlilin, Axundovun əsərlərini oxumaq kifayət deyil. Bunlar tariximizi öyrənmək üçün yetərli deyil. Mən elə bir tarixçi tanımıram ki, o, universal olsun, tarixin bütün qatlarını mükəmməl bilsin.


Fəzail Ağamalı: “Bundan sonra onunla üzbəüz gəlmək belə istəməzdim”


Tarix o qədər zəngindir ki, onu tam bilmək qeyri-mümkündür. Fazil Mustafa iddia edir ki, guya səlcuqların gəlməsi ilə Azərbaycan xalqı formalaşıb. Bununla o, Azərbaycan ərazisində on minilliklər boyu məskunlaşan və bu gün aborigen olaraq Azərbaycan türklərinin bu ərazidə yerləşməsinin tarixi saxtalaşdırılır. Halbuki Amerika alimləri sübut ediblər ki, 7-10 min il bundan əvvəl indiki Azərbaycan türkləri bu arealda məskunlaşıblar. İndi bunu gətirib 11-12-ci əsrlərə bağlamağın özü çox yanlışdır. Bu cür fikirlərdən hər zaman pusquda dayanan düşmənlərimiz istifadə edirlər. İndi onların Fazil Mustafanın müdafiəsinə qalxmaları təsadüfi deyil. Bu, Fazil Mustafanın faciəsidir.


Başqa sözlə desək, Fazil Mustafa bu fikirləri ilə birbaşa erməni ideologiyasına xidmət etmiş olur. Ona görə söz deyən hər kəs cəmiyyətdə tutmuş olduğu mövqedən asılı olmayaraq səsləndirdiyi fikirləri ölçüb-biçməli, bunun nəticələrini nəzərə alıb danışmalıdır. Bir müddət öncə görkəmli akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətai haqqında son dərəcə fundamental, elmi əsaslara söykənən fikirlərinə də Fazil Mustafa ciddi yanaşmır. Hətta onun konseptual məsələlərin əleyhinə gedərək özü yeni bir xətt açmağa çalışır. Nə fərqi var, sovet dövründə də tariximiz saxtalaşdırılırdı, indi də Fazil Mustafa kimiləri tariximizi saxtalaşdırır. Azərbaycan xalqının mütləq əksəriyyəti Fazil Mustafanın bu fikirlərinə qarşı öz sərt mövqelərini ortaya qoydu. Bu sübut etdi ki, xalqımız tarixinin, tarixi şəxsiyyətinin sahibidir. Çox təəssüf edirəm ki, Fazil Mustafanın fikirləri ermənilərin əsrlərdən bəri yaratmış olduğu konsepsiya ilə üst-üstə düşür. Təsadüfi deyil ki, onlar Fazil Mustafanı müdafiə edirlər. Heç cürə başa düşülən deyil ki, Fazil Mustafanın bu cəfəng fikirlərinə qarşı həqiqəti deyənlərin hamısını o, niyə cahillikdə ittiham edir”./“Yeni Müsavat”/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər