Fəzail Ağamalı Gəncənin gənc deputatına sərt cavab verdi:“İndi bu uşaq mənə iradlar tutur...”

Fəzail Ağamalı Gəncənin gənc deputatına sərt cavab verdi:“İndi bu uşaq mənə iradlar tutur...” 

Milli Məclisin deputatı Fəzail Ağamalı Gəncədən olan həmkarı Naqif Həmzəyevin ona ünvanlanmış müraciətinə sərt reaskiya verib.

O, deputat Həmzəyevi “komanda maraqların uyğun addım atmaqda” ittiham edib: “Açığı, Elmar Vəliyevə olan sui-qəsdin ətrafında fikir mübadiləsinin aparılmasına tərəfdar deyiləm. Təəssüf edirəm ki, həmkarım Naqif Həmzəyev sosial şəbəkələri izləmir. İzləyirsə belə, o, demək, sosial şəbəkələrə əhəmiyyət vermir. Sadəcə olaraq, mənsub olduğu komandanın maraqlarına uyğun addımlar atır və bu da gözləniləndir. Onu əslində qınamıram. Gəncədə son illərdə gedən quruculuq işlərini, inkişafı Elmar Vəliyevin adına deyil, birbaşa ölkə prezidentinin siyasətinə bağlayıram”.

Deputat deyib ki, ölkənin başqa şəhərlərində də quruculuq işləri aparılıb:“Deyir ki, elə bir şəhər göstərin ki, son 7 ildə Gəncə qədər inkişaf etsin.Mən nümunəni Sumqayıtdan göstərirəm. Hörmətli həmkarım bu şəhərə getsin və şəhərin gözəlliyinin, inkişafının şahidi olsun. Digər rayonlarda da bu inkişaf var. Sadəcə, nümunə kimi Sumqayıtın adını çəkdim. Hər iki deputatı Naxçıvana dəvət edirəm. Görsünlər ki, orada quruculuq, abadlıq işləri hansı səviyyədə aparılır. Naqif hələ çox gəncdir. Təəssüf edirəm ki, o, ölkə prezidentinin həyata keçirdiyi quruculuq işlərini, inkişafı Gəncənin icra başçısının adına bağlayır. Nazirindən tutmuş icra başçısına qədər istənilən məmur prezidentin siyasətini həyata keçirməyə məcburdur. Əgər o bunu etmirsə, hakim komanda da yer almalı deyil. Gəncədə Elmar Vəliyevdən qabaq da işlər gedib. Bundan sonra da işlər gedəcək. Xaçmazı da nümunə gətirərdim. Bu şəhərin də gözəlliyindən zövq alırsan. Hörmətli həmkarım yaxşı olardı ki, bu şəhərə də baş çəkərdi”.

F.Ağamalının sözlərinə görə, Elmar Vəliyev məmur kimi ölkə başçının tapşırıqlarını icra etməyə səy göstərib. Bununla bağlı lazımı addımlarını atıb: “Milli Məclisin gənc üzvüdür. Gələcəkdə ola bilsin ki, qabiliyyətinə və bacarığına görə ona yüksək vəzifələr tapşırılsın. Xalqla məmur arasında baryer olmalı deyil. Yüksək səviyyəli sağlam münasibətlər olmalıdır. Bunu prezidentin idarəçilik fəlsəfəsi tələb edir. Mən qeyri-adi hansı fikirləri söyləmişəm ki, bu qədər narazılıq doğurur? Bir daha təkrar edirəm ki, məmur bu məsuliyyəti boynuna götürürsə, bunun arxasında xalqa xidmət dayanır. Bu məsələnin Elmar Vəliyevə qarşı törədilən cinayətlə əlaqələndirməyin özünü başa düşmürəm. İcra başçısına qarşı cinayət törədilib. Onunla bağlı bu və ya digər şəkildə narazılıqlar varsa, bu formada həll olunmalı deyil. Azərbaycan hüquqi dövlətdir. İstənilən vətəndaş icra başçısından, hər hansı bir məmurdan narazıdırsa, bunun hüquqi müstəvidə həlli var. Məhkəmə sisteminə narazı vətəndaşın inamı yoxdursa, o zaman ölkə prezidenti var. Müraciətlərə uyğun olaraq, hər zaman konkret addımlar atılır. KİV-lər vasitəsilə məmurun ədalətsizliyi önə çəkilə bilər. Bütün bunların hamısı ölkə rəhbərinin diqqətində olur və o məsələlər öz həllini tapır. Necə ki, cənab prezident zamanında KİV-lərin ən yaxın dostu olduğunu bildirib. Bir çox məsələləri mətbuatdan aldığı informasiyalar vasitəsilə də həll etdiyini söyləyib. Kimsə kimisə hansısa narazılığa görə güllələyirsə, bu qətiyyən yolverilməzdir, bu cinayətdir. Ona heç bir halda haqq qazandırmaq mümkün deyil. Elmar Vəliyevlə bağlı bir neçə sayta demişəm ki, bu müzakirələri dayandırmaq lazımdır. Lakin təəssüflər olsun ki, Elmar Vəliyevə yaxın olan dairələr bu məsələni gündəmdə saxlamağa çalışırlar. Bir daha onlara xəbərdarlıq edirəm ki, dayanın, lütfən”.

Deputat vurğulayıb ki, artıq ölkənin yüksək səviyyəli hüquq mühafizə orqanlarının birgə ilkin məlumatları dərc olunub. Məsələyə ilkin aydınlıq da gətirilib, istintaq gedir.

F.Ağamalı daha sonar həmkarlarına sərt mesaj verib: “Bundan öncə hörmətli həmkarım İlham Məmmədov fikirlərini söylədi. Ona dedim ki, İlham, cənab Məmmədov, İlham müəllim, bu məsələləri dayandırın. Sən deyirsən ki, Fəzail Ağamalı bilməlidir, bilməlidir, bilməlidir, axı sənin mənə dərs keçməyə nə səviyyən, nə də inkişafın çatır. İndi bu uşaq mənə iradlar tutur. Ona deyirəm ki, səndən daha çox Elmar Vəliyevə atılan gülləni ittiham edirəm, özü də təmənnasız, konyunkturadan uzaq. Bunun hansı səbəbdən baş verməsindən asılı olmayaraq, Azərbaycan məmuruna qarşı atılan gülləni xəyanət hesab edirəm. Mən insan şəxsiyyətinin alçaldılmasının tamamilə əleyhinə olan şəxsəm. Xüsusi olaraq məmur əgər vətəndaşları, özlərindən aşağı pillədə olan adamları alçaldırsa, onun şəxsiyyətini təhqir edirsə, bu, xüsusi olaraq yolverilməzdir. Məmurlar özlərinin yüksək əxlaqi dəyərləri, mədəniyyəti, insanlara davranış nümunələri ilə xalqına və dövlətinə xidmət etməlidir. Elmar Vəliyev icra başçısı olarkən Gəncədə vətəndaşlarla arasında problem yaradıbsa, bu mənlik deyil. Bunu hər kəs bilir. Problemdən xəbərsiz insan yoxdur. İstəməzdim ki, icra başçıları vətəndaşlarla problem içərisində yaşasın. İcra başçısı siyasi vəzifədir. Onlar vətəndaşların aşağı, yuxarı təbəqələrinin davranışlarına uyğun olaraq addımlar atmağı bacarmalıdırlar. Çünki o prezidentin həmin şəhərdə, rayonda səlahiyyətli nümayəndəsidir. O vəzifəsinin öhdəsindən gəlməyə məcburdur. Əgər bunu edə bilmirsə, vəzifədə işləməli deyil. Bunlar şəxsi mövqeyimdir”.  (musavat.com)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər