FƏZAİL İSMAYIL BÖYÜKKİŞİ - SIĞMAZ KAHKAŞANA KÖNÜL SARAYIM!!! (oğullarımla söhbətim)

FƏZAİL İSMAYIL BÖYÜKKİŞİ - SIĞMAZ KAHKAŞANA KÖNÜL SARAYIM!!! (oğullarımla söhbətim) 

Dil bazarçısı yalandır varmazam bazarına, Gerçək olmazdır əyri dil durmazam iqrarına. Varı möhnətdir cahanın nə umarsan ey könül, Lənət olsun bu cahana, həm cahanın varına. Seyid İmadəddin Nəsimi

Sadəlövh könlümdən mən cana gəldim, 

Cəfakeş canımdan fəğana gəldim, 

Mənsiz də dünyanın işi keçərmiş, 

Əcabə, nə üçün cahana gəldim. 

 Ömər Xəyyam  


 Qardaş baxmaz, adam əgər ac olsa, 

Dost tanımaz, əli boş, möhtac olsa. 

Şahlara da baş əyməzlər dünyada, 

Paltar cındır, başda kağız tac olsa. 

 Kəlilə və Dimnə 


Ölənlərə ağlamayın, hönkür-hönkür..., 

Ölənləri didib-sökmür, hinkir-minkir... 

Dirilər ay dirilər, 

Meyvə vaxtında dərilər... 

Müəllif  

 

Gəlmən oğullarım, nə lazım gəlmək? 

Xəstə atanızdan hal-əhval bilmək, 

Vaxtım çatıbdısa gözəldir ölmək, 

Şəxsi büdcənizdən olmaz pul bölmək, 

Göy-göldə can yara nisar eyləyin, 

Antalyanı tez-tez güzar eyləyin, 

Misirdə Fironu Sezar eyləyin.

 

 Böyükkişi xandır kök-köməciniz, 

Ana-babam Məsdər ağa gücünüz, 

Bunlar olub gəldi-gedər köçünüz, 

Bəs nədəndir Atanızla öcünüz??? 

Mən haqq şairiyəm, eşq badəsiyəm, 

Gəda deyil, ağa-xan Dədəsiyəm, 

Dünyaya  mərd gəlib, mərd gedəsiyəm.

 

Hamıdan həyalı mənəm dünyada, 

Alçaq əməllərdən genəm dünyada, 

Əlçatmaz üfüq tək önəm dünyada, 

İlahi düşüncə, dinəm dünyada, 

Məni duyan Adəm oğlu varmı, yox?!! 

Məni sevən Adəm qızı yarmı, yox?!! 

Başımdakı nur saçlarım qarmı, yox?!! 

 

Əslimin, nəslimin pir zirvəsiyəm, 

Sonsuz kainatam, yer kürəsiyəm, 

Allahın özü yox, nur zərrəsiyəm, 

Haqsızlığa qarşı şir nərəsiyəm, 

Tutduğum haqq yoldan dönən deyiləm, 

Allahın nuruyam sönən deyiləm, 

O uca zirvədən enən deyiləm.  

 

Yay bürkü-türyandır, qış şaqqa-sazaq, 

Yaza gül, payıza xəzanmı yazaq??? 

Ata-Baba haqqın mümkünmü pozaq??? 

Oğul da Atadan gəzərmi uzaq??? 

Zülmətə nurumu saçım oğullar,  

Gizlin nə sirr varsa açım oğullar, 

Sonra sizi bərk-bərk qucum oğullar.  

 

Bu sevgidə xəta ola bilənməz, 

Yersiz qürur, əda ola bilənməz, 

Ağrı, acı, qada ola bilənməz, 

Məndən nəcib Ata bilənməz, 

Cümlə Ataların ən safıyam mən, 

Cümlə Babaların sərrafıyam mən, 

Əyyaram, qızılın zərrafıyam mən.


Könlündə yoxuydu Allah, din-iman, 

Ananız üzümə qabardı yaman, 

O vaxtdan keçsə də bir xeyli zaman, 

Sizi mənə qarşı qoyur anbaan, 

Guya ağ-qaranı seçə bilmirəm,  

Köhnə evim hansı küçə bilmirəm??? 

Fitnə-kələk qurur necə bilmirəm??? 

 

Oğullarım, qəlbi qara ananın, 

Aqibəti çox pis olar inanın, 

Neçün atanızdan keçib qınanın??? 

Neçün oğul kimi bikəs sananın??? 

Qaşınızı düyünləyib çatmayın, 

Xabı-qəflət içində hey yatmayın, 

Atasınız, atanızı atmayın...

 

 Ananız bir zaman məni sevirdi, 

Məndən şər qüvvələr onu devirdi, 

Könül mülküm viranəyə çevirdi, 

Şan-şöhrət deyilən kindi, kifirdi 

Onu zəlil etdi var bu dünyada, 

Olanmadı sadiq yar bu dünyada, 

Ayrıldı, yaşadı xar bu dünyada. 

 

Özümü yenilməz qala bilərdim, 

Sizi ananızdan ala bilərdim,  

Sizə ata-ana ola bilərdim, 

Sonra xoş xəyala dala bilərdim, 

Ananızı ağlar qoymadım amma, 

Sinəsini dağlar doymadım amma, 

Bir Ana adına qıymadım amma.


Hesaba gəlməzdir əzabım, dərdim, 

Varımı-yoxumu mən ona verdim, 

Ağır xəstə canı kəndə yetirdim, 

Bu fani dünyada ah nələr gördüm.., 

Rast gəldim zamanın sərt sınağına,  

Dostun, düşmənin də hey qınağına, 

Hamı közü çəkdi öz qabağına. 


Ananız nanikor məxluqdur, məxluq, 

Anlamır varlıqkən yoxluqdur, yoxluq, 

Keçdi o cavanlıq-təravət, şuxluq, 

Gəldi istədiyi bu qara baxtlıq, 

Xeyrini, şərini arayanmadı, 

Yaralı qəlbimi sarıyanmadı, 

Ömrü mənlə qoşa qarıyanmadı.

 

Yenə səhv iş tutur, heç bir duyur o? 

Qəsdnən sizi mənə qarşı qoyur o, 

Gör kimi ağılsız, hərif sayır o??? 

Gör nədən həzz alıb, nədən uyur o??? 

Oğullarım mətləb üstə gəlin siz, 

Bu bəlanın mənbəyini bilin siz, 

Toz-dumanı nurunuzla silin siz. 

 

Qadınlardır sirlər dolu  müəmma, 

Axtarsam taparam minlərlə əmma, 

Bu haqda demərəm bir kəlmə amma,  

Ananızda gəlin olub Anama, 

Nə xoşbəxt dünyaydı Analı dünyam, 

Ofsunlu, sehirli, mənalı dünyam, 

Ollam hər an ondan mən halı dünyam.

 

Məni duymaz ağlı dayaz, cığallar, 

Hər misrama Anam çəkər sığallar, 

Qınamayın saf könlümü oğullar, 

Haqq deyərəm, uydurmaram nağıllar, 

Anamdır təbimdə tanrı fitrətim, 

Anamdır sözümdə gücüm, qüdrətim, 

Külli ixtiyarım, fəthi nüsrətim. 

 

Qənim kəsilsə də ananız mənə, 

Kaş gəlsin deyirəm imana, dinə, 

Çünki həm anadır, həm də ki, nənə, 

Baş əyin o Adın böyüklüyünə, 

Yox əvəzi el-obada, mahalda, 

O kimdirsə ananızdır hər halda, 

Qanda, süddə, düşüncədə, xəyalda.

 

 Dünyanın hər toyu qurtarar yasla, 

Bu qisasa qisas olmaz qisasla, 

Ananızdan çevirməyin üz əsla,  

Buna haqqınız yox heç bir əsasla, 

İstəmərəm ömrü belə bitirə, 

Allah onu kamilliyə yetirə, 

İbadətlə təzdən cana gətirə. 

  

Bəllidir uşaqdır övladlarınız,  

Ananızda bu, bəs arvadlarınız??? 

Ömür-gün sirdaşı olan yarınız, 

Bu gün cavan, sabah qoca qarınız, 

Ata kimliyini duymayırlarmı??? 

Atanıza məhəl qoymayırlarmı??? 

Məni qayınata saymayırlarmı???


Yüz çevir astarı, üzdə oğullar, 

Günah onlarda yox, sizdə oğullar, 

Fəhminizdə, zəhminizdə oğullar, 

Atanıza rəhminizdə oğullar, 

Sıfırdan da aşağıda durdunuz, 

Şeytanlarla kef məclisi qurdunuz, 

Sağlığına badələr də vurdunuz. 

 

Sonra deyim qohumlardan qalanı,  

İstəkliniz dayılarla, xalanı, 

Beş bibidən bircə əziz kalanı, 

Əmilərdən şükür yoxdur olanı  

Olsa yəqin seçilərdi onlar da, 

Baş-ayağa keçilərdi onlar da, 

Böyüyərdi, kiçilərdi onlar da.

 

 Qaldı dan ulduzum, sonam bacınız, 

Son baharım, ömür mənam bacınız, 

Siz atam sayılın, anam bacınız, 

Verər barışığı ənam bacınız, 

Oğullarım olacaqdır o gör kim?!! 

Ən şəfalı loğman, ən kamil həkim, 

Di olun güvəncim, di olun ərkim. 


Qızlar gəlin olsun, gəlinlər Ana, 

Ana nəvazişi yetməsin sona, 

Anasız körpələr gələrsə cana, 

Bu böyük fəlakət verər cahana, 

İnsanlıq, elm-ədəb hey gözdən düşər, 

Bədən hey gödələr, baş da hey şişər, 

Bütün bəşəriyyət siyasiləşər.  

 

Azdan-çoxdan bir az dedim oğullar, 

Tükənməzdir bu söhbətim oğullar?!! 

Sanman qaldım eşqi yetim oğullar, 

Bir Allahdır eşq-külfətim oğullar, 

Bəlli kimlər çərxi tərs dolandırar, 

Duru suyu başdan hey bulandırar, 

Ağalara nökərliyin qandırar... 

 

Onlar rusla, farsla “xumar”lanarlar, 

Onlar baranlanar, himarlanarlar, 

Onlar Yevropayla “tumar”lanarlar, 

Onlar günah tutub, hey carlanarlar, 

Köləlik türklüyü belə əridir, 

Gedən Vətən türkün itən yeridir, 

Türk də göynən uçan “hürü-pəri”dir.

 

“Baş bilənlər” hey fitnələr qurarlar, 

Əri arvadıyla yerə vurarlar, 

Oğlun dizin narkamantək qırarlar, 

Qızı “uçmamışdan tez uçurarlar”, 

Bu onların “milli dövlət borcudur, 

Milli qeyrət, milli xidmət borcudur, 

Milli islam, milli hümmət borcudur. 

 

Milli şeyxin, milli də var sərvəti. 

Verən verib, bərəkətdi hər nədi??? 

Camaatı barmağında hərrədi, 

Hərrədikcə bərk töyşüdü, tərrədi, 

Yeziddə də belə tamah olanmaz, 

Cəhənnəmlik elə günah olanmaz, 

Naşükürdən Allah agah olanmaz”.

 

 Qalanlar da belə üzə çıxdılar, 

Fısıllıqdan gəlib düzə çıxdılar;  

Çox müsibət, çox möcüzə çıxdılar, 

Həm yırtıcı, həm baməzə çıxdılar, 

Dərəni dağ deyə təriflədilər, 

Qaranı ağ deyə təriflədilər, 

Ölünü sağ deyə təriflədilər. 

 

 Hələ "xoş arzudur", "mətləb"dir onlar, 

Əslində əxlaqsız “ədəb”dir onlar, 

Sosyal fəlakətə səbəbdir onlar, 

Vaxtsız həlakətə səbəbdir onlar,

Vətəni sümürüb, əridərlər hey, 

Milləti gəmirib, kiridərlər hey, 

Hır-cır zırramalıq yeridərlər hey.

 

 “Siyasi alim”dir, “təbib”dir onlar, 

Bülbülü şeydadır, “həbib”dir onlar, 

Yaltaqlıq toxumu səpibdir onlar, 

Qorxunu gözlərə təpibdir onlar, 

Vaxt çatır, qaranlıq yarılacaqdır, 

Ədalət, haqq-divan qurulacaqdır, 

Onlardan kimliyi sorulacaqdır. 

 

Oğullarım mən olmadım sərsəri, 

Bütöv Vətən üçün yazdım əsəri, 

Bilin ağlım kəsən ilk gündən bəri, 

Azad Dövlətimdir dilim əzbəri, 

Onu öndər Əminimlə qurmuşam, 

Ona varlığımla arxa durmuşam, 

Beyin yandırmışam, can qovurmuşam.

 

 Nə vaxtdan beynimdir olan qan gölü, 

Duymur məmur, nədir kalan qan gölü??? 

Deyir: “İçim varsa qalan qan gölü, 

Nə göyçəkdir sənin xalan qan gölü”, 

Zırramalar, yırtıcılar başdadır, 

Onlar pulu eyş-işrətə xaşdadır, 

Qanlı başım damaxlarda xaş dadır. 

 

Haqq-nahaqqı deyin necə üzləyim??? 

Mən canıma ölüncəmi döz deyim??? 

Daş qəlblidən mərhəmətmi gözləyim??? 

Potabaşa insafdırmı söz deyim??? 

Söz əsər eylərmi elə tiplərə, 

Allah lənət etsin nanəciblərə, 

Dönüb məmləkətdə “qorxunc” divlərə.

 

Oğullarım bilir yer-göy, asiman, 

Mən atamla fəxr etmişəm hər zaman, 

Ruhum da ayrılmaz ruhundan bir an, 

Naxələf kimdirsə olacaq peşman, 

Xəstə atanız ki, vida eyləyər, 

Gəlsəniz hüzrümə Atalar deyər: 

“Daldan atılan daş topuğa dəyər”.  

  

Ağlımızla başa tacıq oğullar, 

Şeytandandır qəzəb, acıq oğullar, 

Tövbə qapıları açıq oğullar, 

Sanmayın daxmamı uçuq oğullar, 

Sığmaz kahkaşana könül sarayım!!! 

Sönməz coşqun təbim, eşqim, harayım!!! 

Keçər şeiriyyətlə günüm, hər ayım!!!

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər