Fəzail İsmayıl Böyükkişi -TANRI EŞQİ, “TURAN” EŞQİDİR...
2019-cu ildə rəhmətlik Atam İsmayıl Hümmət oğlu Böyükkişinin və rəhmətlik Anam Gülövşə xanım Məstər qızı Böyükkişinin 90 yaşı tamam olur.
“Tanrı eşqi, “Turan” eşqidir” poemamı alicənab, xeyirxah insan olan istəkli ATAM İamayıl Hümmət oğlunun və dünyalar qədər sevdiyim məsumə ANAM Gülövşə xanım Məstər qızının 90 illik yubileyinə həsr edirəm.
(Şairlər kainatın şahzadələri və əsrlərin hökmdarlarıdı.)
İbn-Sina
Poemanın son hissəsini ixtisarlarla diqqətinizə çatdırıram.
Gəl gör eşq mənə neylədi.
Yunus Əmrə.
VƏHDƏTİ-VÜCUDDA TAMAM OLMUŞAM
Adəm göydən enib, gör hara gəldi??? -
İnsan zülm əlindən zinhara gəldi.
Qaranlıq zülmətdə nur yaya-yaya,
Bu vaxt peyğəmbərlər gəldi dünyaya.
Dini kitabları sevib-seçərək,
Lövhü-Məhfuz önündən düz keçərək,
Görərik dörd deyil onların sayı.
Görərik qopanda haqqın harayı,
Pozulanda hər bir mizan-məzanda.
İnsan diri-diri qaynar qazanda,
Elə ki, gəmrişmə, sümrüşmə, talandı dünya,
Tamam ağlar günə qalandı dünya.
Elə ki, yaşamaq fərziyə gələr,
Müqəddəs kitablar ərsiyə gələr.
Dirilik çeşməsi “İncil”dir gerçək.
İsaya vəhy olub hey açar çiçək,
Atam üçün “İncil” gül qoxuyardı.
Onu da “Quran” tək hey oxuyardı,
“İncil”i Atam tək sevsəydi bəşər,
Dünya cənnət idi çoxdan müxtəsər.
İsa insan zəmisini biçmədi,
İsa nahaqq qan tökmədi, içmədi.
İsanın qanını tökməkmi olar???
İsanı çarmıxa çəkməkmi olar???
Gördü yer üzündə yenir xeyri-şər,
Gördü quduzlaşır durmadan bəşər.
Qalmayıbdı insaf, mürvət, fəzilət,
Yaşamaq İsaya olubdu zillət.
Yaxşı əməlini pisləyirlər hey,
Başını əkmək də istəyrilər hey.
Dünyada bir müşkül iş yox Allaha,
Odur ki, İsanı çəkdi dərgaha.
Odur sən O böyük Allaha inan,
İsa “İncil”dədir, “İncil”də hər an.
İbrahim “Turan”da olduğu kimi,
Məhəmməd “Quran”da olduğu kimi.
“İncil”də İsada tutubdu qərar,
İsanın “İncil”i “İncil” tək yarar.
“İncil”də duy Allah söz açır hardan?
“Müdriklər keçirlər dar qapılardan.
Genişliyə can atırlar qeyrisi.
İlxısı, naxırı, qoyun sürüsü”.
Adəm idim mən Adəm də qalmışam.
Vəhdəti-vücudda tamam olmuşam.
Mən sufi, hürufi bir müsəlmanam,
Bu nə demək bunu kamillər duyar.
“Vurma məni, vuran yerin ağrıyar”.
Məni vurana da ürəyim yanar,
Ahım haqqın dərgahında dayanar.
Elə sanman mən qəribə insanam...
Mən sufi, hurifi, bir müsəlmanam...
Nə cansız-canlı var, hamsı məndədir,
Nə adlı-adsız var, hamsı məndədir.
Hamıdan həyalı mənəm dünyada,
Alçaq əməllərdən genəm dünyada.
Məndə mənim hər bir məndən anrıdır,
Məndə mənim Türk Oğuzdur, Tanrıdır.
Məndə mənim küfr əhlindən gendədir,
Adəmdən Xatəmə kim var məndədir.
Heç kimdən, heç nədən yoxdur gileyim,
Kim məni anlamır qısaca deyim: –
Qəlbim də, kömlüm də haqqın güzgüsü.
Heç vaxt gizlətmərəm dediyim sözü,
Safsa da əməlim, safsa da duyğum?!! -
Kimdənsə, nədənsə mən niyə qorxum?!!
Tanrıdayam, Allahdayam mən hər an!!!
Tanrıda “Turan”am, Allahda “Quran”!!!
Tanrının sözünə söz çata bilməz,
İnsanın dediyi düz çata bilməz.
“Turan” oxumayan oxlasın məni,
Oxuyan behişt tək qoxlasın məni,
Üzümə hey Tanrı salar sayəni,
Söylərəm yeddi min yeddi ayəni.
Lövhü-Məhfuz önündəyəm mən sağkən,
Turdan danışıram, Tur təkcə dağkən.
Yüz min illəri hey soraqlayıram,
Açıram “Turan”ı varaqlayıram.
“Turan”ın düz min bir surəsi vardır,
“Turan”ın hər dərdə çarəsi vardır.
Hər bir surəsində yeddidir ayə,
Hər ayəyə yeddi sözdür sərmayə.
Müqəddəs kimsəm yox yeddindən ayrı,
Mən də O yeddindən biriyəm Tanrı.
Bunu anlayanmaz qafası boşlar,
Cismi natəmizlər, ruhu naxoşlar.
Odur min bir sözü hey əzizlənir,
Bu min bir surədə qəlb təmizlənir.
“Turan”a Tanrının sayəsi çoxdur,
Yeddi sözdən artıq ayəsi yoxdur.
Özü də hər ayə aydın, dəqiqdir!!!
Din-din, elm-elm, məntiq-məntiqdir!!!
“Turan”da bir fikir bir də deyilmir...
Hər kəlmə başında Tanrı öyülmür...
Tanrı bu dünyada qızılgül əkir,
Türkün gözü Tanrı üçün yol çəkir.
Türk az danışandır, nəcib, bəyazdır,
Sözü doğru, səsi də xoş avazdır.
Tanrı mömini çox tərifləməyir,
Kimsəni qorxudub hərifləməyir.
Onda iblis, şeytan, kələk quranmır,
Fələk də çərxini tərsə buranmır.
Tanrı istəyincə dönür çərx-fələk,
Cəbrayıl Tanrıya ən əziz mələk.
O Tanrı sözünə söz qatarmı heç?!!
Tanrı bəndəsini aldadarmı heç?!!
İbrahim içinə qısmaz səsini,
Behiştə döndərər yer kürəsini.
“Turan”dan yazılıb minlərlə “Xəmsə”,
“Turan”da baş əyməz kimsəyə kimsə.
Bəllidir dünyada kimsə də qalmaz,
Gedər kimsə kimi “Xəmsə” də qalmaz.
Əzaba əzabdır, savaba savab,
Hərə əməlinə verəcək cavab.
Axirətə keçən əməldir yalnız,
Ya əyri, ya düzgün təməldir yalnız.
“Turan”da hər insan fərasətlidir,
Ağıllı, kamallı, cəsarətlidir.
HAMI BİR-BİRİNİ ÜZDƏN OXUYAR
Mən haqq sözü söyləməkdən doymaram,
Riyakar kəsləri mömin saymaram.
Mərd Türk övladıdır hər zaman haqqın,
Fasıq həm yaltaqdır, həmdəki satqın.
Yaltaqlıq, alçaqlıq iyrənc mərəzdir,
Satqınınkı kindir, qəsddir, qərəzdir.
Onların tapdanan qeyrət, arıdır,
Onlar iblislərin casuslarıdır.
Özləri köklərin baltalayarlar,
Öz boğazlarını xaltalayarlar.
“Turan”da yaltaq yox, yaltaqlıq edə,
Yaltaqlıq layiqdir yalnız nifrətə.
“Turan”da hər insan çox-çox gümrahdır,
Hamı yeyib-içməyindən ahagdır.
Piy-palan yığılmır peysər, qarına,
Kimsə həris deyil dünya varına.
“Turan” insanının qəlbi qürurlu,
“Turan” insanının könülü də nurlu.
Hər ayə Tanrıdan gətirir soraq,
Hər ayə könüldə yaradır maraq.
“Turan” sözü-sözə elə toxuyar,
Hamı bir-birini üzdən oxuyar.
Hər ayədə ən çətin sirr açılar.
Hər ayədə zülmətə nur saçılar.
“Turan”da söz, hərif çox nizamlıdır,
“Turan”da durğu da intizamlıdır.
Yer yoxdur bir artıq hərifə, sözə,
Artıq işarə də görünməz gözə.
“Turan”da ciddilik belə qorunar,
İbrahimin milləti də yarınar.
İbrahim milləti ən dərin məna,
İnsanlar girməzlər cilidə, dona,
Nə qızıl brilliant, dollar görünər,
«Könüldən-könülə yollar görünər»…
İnsan hər sözünü doğru söyləyər,
Nə can yanar, nə də ürək göynəyər.
Tanrını möhtəşəm, ən ulu bilər,
Sonsuz kainatı su yolu bilər.
“Turan” dünyası ki, cənnət, behiştdi,
Bəs “Turan” dünyası niyə dəyişdi?
Bu haqda söhbətim sonraya qalsın,
Türk “Turan” şairi bir az dinc alsın…
Təşnə-təşnə bərk susayım dinməyə,
Kaş ki, könlüm mətləbimdən dönməyə.
Nə surə var, nə ayə var söylərəm!!!
Tək Tanrıdan aləmə nur ələrəm!!!
(“Tanrı eşqi Turan eşqidir” poemasının “Turan” bölümünün əsas hissəsinin yayımı 2020-nin baharında nəzərdə tutulur.Indi isə poemanın son hissəsini diqqətinizə çatdırırıq)
İBRAHİMİN MÖCÜZƏSİ TURANDIR…
Bənzərsiz bütün aləmləri yaradan Tanrıya – Allaha əhsən…
Dədə Qorqud.
Türk öz Tanrısına mərd bir bəndədir,
Türk nə buxovlanıb, nə kəməddədir.
Türk Dədə Qorqudu, Türk söz qoşanı,
Türk yeri, Türk göyü, Türk kəhkəşanı.
Türk möhtəşəm, Türk yenilməz, Türk ulu,
Türk Babək Xürrəmi, Türk qoç Koroğlu.
Tanrının önündə Türkün üzü ağ,
Türk fitnə-fəsaddan uzaqdır, uzaq.
Türk xəyanət bilməz, sınmaz, alçalmaz,
Türklük zirvəsinə xain ucalmaz.
Türk kimsə haqqını eyləməz talan,
Türkdə yox təkəbbür, Türkdə yox yalan.
Türkün ömrü Tanrısıyla qoşadır,
Türk «Turan»ı öz ruhunda yaşadır.
Türkün könlü günəş, qəlbi ulduz-ay,
«Turan»ı Tanrıdan Türkə haqqı-say.
Türkün «Turan»ıyla keçər hər anı
Türkün diriliyi, Tanrı «Turan»ı.
«Turan» Tanrı nurlu, onda yox kölgə,
«Turan» yer üzünü edər bir ölkə.
«Turanı» yandırar yəcuc-məcuclar,
«Turan»ı, yandıran yanar, puç olar.
Türkü Türk eləyən Tanrı «Turan»dır,
İlk Tanrı qüdrəti sonda «Quran»dır.
Məhəmməd İbrahim yoluyla getdi,
«Quran»la «Turan»ın hoyuna yetdi.
«Turan»dan üç kitab sonradır «Quran»,
Hər iki dünyaya behiştdir «Turan».
«Turan»ın sözünə olundu əməl,
«Turan»dır Tanrıdan doğru-düz təməl.
Tanrı «Turan»ıyla sirləri açdı,
Türk elmi, Türk helmi ərzə nur saçdı.
Tanrı «Turan»ıyla Türkü yüksəltdi,
Tanrının İbrahim dövranı gəldi.
Nə zülüm, nə əzab, nə zillət oldu,
Yetmiş iki millət bir millət oldu,
İbrahim Tanrının aşiqi idi,
Tanrı İbrahimin məşuqu idi.
Tanrı İbrahimə hər an köməkdi,
İbrahim elm, ədəb, əxlaq deməkdi.
Tanrı sınağından İbrahim keçdi,
Tanrı İbrahimi peyğəmbər seçdi.
Fani dünya İbrahimə bir andı,
İbrahimin möcüzəsi «Turan»dı.
Tanrı İbrahimi sözsüz duyurdu,
Tanrı «Turan»ında nələr buyurdu.
Mən Tanrı hökmündən qaça bilmərəm,
«Turan» sirrin bu gün aça bilmərəm.
Tanrı hələ mənə vermir möhləti,
Vaxt çatar eylərik bu söhbəti…
Nə qədər gəzsələr, tapmazlar əmma,
«Turan»da olmayıb, olmaz müəmma.
«Turan»da dünyanın önü də bəlli,
İbrahim milləti, dini də bəlli.
«Turan»da Qiyamət günü də bəlli,
İsmayıl hümməti, dini də bəlli…
İBRAHİM PEYĞƏNBƏRİN SON GÜNLƏRİ
Nuruyla dünyaya hey salsa da şox,
İbrahim peyğəmbər qocalmışdı çox.
Bu dünyaya o dünyadan baxırdı,
Gözlərindən sel tək yaşlar axırdı.
Varlığı dönmüşdü onun xəyala,
Hər addımda yıxılırdı az qala.
Əlləri əsanı tuta bilmirdi,
Bir loxma tikəni uda bilmirdi.
Artıq min yaşını çoxdan keçmişdi,
Bu dünyaya gələn andan köçmüşdü.
Bilirdi məzmunda heç nədir dünya,
İnsan üyütməyə təşnədir dünya.
Dünya dərd-azarı uzaqdı ondan,
Dünya beh-bazarı uzaqdı ondan.
Bu fani dünyada o fəryad gördü,
Könlünü ona yox Allaha verdi.
Bu dünya sərvəti su, gil, torpaq, qum,
Haram şərbəti də, balı da zəqqum.
Olmadı köləsi fani dünyanın,
Oldu ən azına qani dünyanın.
Onda tamah adlı mərəz olmadı,
Xəyanət olmadı, qərəz olmadı.
Qarına, peysərə piy bağlamadı,
Gündə bir gözəli qucaqlamadı.
O dünya varından çox uzaq qaçdı,
Tək qadir Allahdan hey söhbət açdı.
Dinsiz insanları dinə gətirdi,
Möminəni mömin ərə yetirdi.
İstədi yar-yarla tən yarı olsun,
Onun məhək daşı, meyarı olsun.
İstədi saf eşqdən törəsin nəsil,
Yaz fəsli tək keçsin hər il dörd fəsil.
Çünki saf yoğrulsa insan kündəsi,
Elə insan olar Allah bəndəsi.
İbrahim zamanı belə zamandı,
Tək Allah, tək millət, tək müsəlmandı.
Bu ülvü vəhdətdən üzlər ağ idi,
İbrahim zamanı ağ zolaq idi.
Anı da, günü də ağ gətirərdi,
Ruhu da, fikri də sağ gətirərdi.
Bədən də bununla sağlam olardı,
Körpə qocalsa da, qəlb saf qalardı.
Hamı Adəm-Həvva doğması idi,
Yeyilən halallıq loxması idi.
Hamı halal ölçər, halal biçərdi,
Hamı halal yeyər, halal içərdi.
İçilən şərabsa haqqın meyiydi,
Sözlərsə nə fitnə, nə gileyiydi.
Onda insan xoş xəyala dalardı,
Sözlər qeybdən gəlib söhbət olardı.
Hamı İbrahimə bənzədiyindən,
Yer kürəsi idi hamıya vətən.
O yer kürəsində bir dövlət qurdu,
Sərhəd yoxuydusa nə lazım ordu.
İşlər dirənməzdi heç vaxt möhkəmə,
Nə cani olardı, nə də məhkəmə.
Müəllim sənəti uca zirvəydi!!!
Söyləyim o zaman həkimlik nəydi?!!
Təbiət olduqca saf olduğundan,
İnsan sağ doğulub, sağ qaldığından.
Ömür iki min ili ötüb keçərdi,
Min yaşda ölən kəs cavan köçərdi.
O vaxt xəstəliklər çox-çox azıydı,
O vaxt ilin dörd fəsli də yazıydı.
Yarpaqlar heç solmaz, yaşıllaşardı,
Bərəkət il boyu aşıb-daşardı.
Hər canlı təbii dərmanlanardı,
Can ölmü öldürər, can canlanardı.
Həkimlər bu məntiq üstə duraraq,
Qaranlıq zülmətdə yandırar çıraq.
Dirilik suyunu arayardılar,
Ömrü uzatmağa yarayardılar.
Həkimlər ölümdən bac alardılar,
Həkim qüdrətinə mat qalardılar.
Həkim fitrətinə mat qalardılar,
Yoxuydu anadan şikəst doğulan.
Nə vaxtsız ölən var, nə də qocalan.
Nədir qan laxtası, əl-qol üyüşmək,
İnsan beyni, cümlə orqan dəyişmək.
Ən adi cərrahı əməlyatıydı,
Ölünü dirildən o həyatıydı.
Yaxın yol Günəşdi,Qalaktikaydı,
Lazer cərrahlığı ən ibtidaydı.
Hüceyrə toxuma mitoz, meyoz nə?
Anemik xəstə nə, qanı bəyaz nə?
Xərçəng, insult xəstəliyi heç nədir,
Demək indi xəstə heç nədən gedir.
Ah bu dövür fəlakətə can atır,
Qərtmək cırmaqlayıb, yara qanadır.
Bizim dövrün alimləri avamdır,
İbrahim dövrüsə gözəl əyyamdır.
Hamı Allahlıydı, təvazökardı,
Dünyanın nə gözəl dövranı vardı.
İsmayıl dövrüsə ən gözəl oldu,
Dünya din-imanlı insanla doldu.
İBRAHİM PEYĞƏMBƏRİN ƏYYAM- ƏŞRƏFLƏ SÖHBƏTİ
Elə ki, vaxt gəldi vədə yetişdi,
İbrahim peyğəmbər yatağa düşdü.
Duydu ki, yetişib ömrünün sonu,
Can verən özünə qaytarır onu.
Gördü ki, süzülür gözlərindən yaş,
Dedi: «Yük olmayım bir kimsəyə kaş.
Bir sümük bir dəri qalmayım Allah,
Dirikən iskilet olmayım Allah.
İştahım gəlməyir yeyib-içməyə,
Can atıram bu fənadan köçməyə.
Daha həkimlər də tapmayır əlac,
Üzümə axirət qapısını ac.
Hamını eylədim Allahlı bəndən,
Keçdim sınağından alnı açıq mən.
Ən sadıq qulunam yaranan vaxtdan,
Kaş hamı mənim tək keçsin sınaqdan.
Olsam da peyğəmbər, sultan əfəndi,
İlk qazanc bələkdi, son pay kəfəndi.
Hərisi olmadım hakimiyyətin,
Olarsa sultanı bu səltənətin.
İsmayıl peyğəmbər istəkli oğlum,
Mənim eşqim, ruhum, Allaha bağlım.
Desin öz sözünü hər əyan-əşrəf,
Kim olsa o olsun kaş haqqa sələf.
Heç zaman Allahdan üz döndərməsin,
Haqqı tapdalayıb, şər iş görməsin.
Bilsin cümlə bəşər Bəni-Adəmdir,
Ömür gah toy-bayram, gah yas-matəmdir.
İnsan bir-birinə olmasın yağı,
Hamının bir Allah olsun dayağı.
Bütpərəst Nəmrudu kimsə anmasın,
Mən qurduğum Dövlət parçalanmasın».
Əyan-əşrəf ona təzim eylədi,
Sonrasa baş vəzir belə söylədi:
«Ey əziz peyğəmbər, rəhimli sultan,
Allahın olmalı Allah verən can.
Allahdan hey rəhmət dilərik sənə,
Oğlun sultan olar məmləkətinə.
Çünki O, hamıdan mərhəmətlidir,
Ağıllı, insaflı, şücaətlidir.
Vəfatın çox ağır müsibət, kədər,
Biz gedək oğlunla, tək qal peyğəmbər.
Əbədi yaşayar İbrahim dini,
Söylə İsmayıla vəsiyyətini –
Allahın peyğəmbər oyağı olsun!!!
Hər bir müsəlmanın dayağı olsun!!!
Hər sözü əməldə kaş olsun əmin!!!
Körpələr doğulsun möminə, mömin!!!»
Öpüb peyğəmbərin nurlu üzünü,
Belə tamamladı o son sözünü.
Bununla sultan kim məsələ bitdi,
Əyan da, əşrəfdə baş əyib getdi.
İBRAHİM PEYĞƏMBƏRİN OĞLUNA VƏSİYYƏTİ
Dinlə sözlərimi, oğlum İsmayıl,
Nə qədər ömrün var haqqa ol mayıl.
Hər insan ömrünün ilki, sonu var,
Hər sonun da ən sonuncu anı var.
O son an da bir Allaha agahdır,
Onu saxlayan da qadir Allahdır.
İndi o an yaxınlaşır durmadan,
O qadir Allaha can atır Atan.
O verdiyi canı qaytarsın ona,
Bununla ömrünü yetirsin sona.
Oğlum pis əməlim olmayıb heç vaxt,
Odur ki, ölürəm könlü çox rahat.
Döndü istəyimcə bu çərxi-gərdiş,
Ruhumda təlaş yox, canımda təşviş.
Qəlbim də Allahın nuruyla dolu,
Getdiyim yol oldu bir Allah yolu.
Bu fənadan sovuşuram çox şükür!!!
Allahıma qovuşuram çox şükür!!!
Məni çəkən nur içində işıqdır,
Önündə üzüm ağ, alnım açıqdır.
Mən haqqı düşündüm, təmiz yaşadım,
Saf fikir, xeyirxah əməl daşıdım.
Sərvətdən, şəhvətdən uzağa qaçdım,
Şöhrətdən, qeybətdən uzağa qaçdım.
Doğruluğa sonsuz ümid bəslədim,
İnsanları halallığa səslədim.
İnsanlar haqq sevən cəmiyyət oldu,
Dövlət də ən ali bir dövlət oldu.
Haqq oldu dövlətin qanun-qaydası,
Çatdı insanlara xeyri, faydası.
Gül tək açdı xoş əməlin mənası,
Silindi küfürdən könül aynası.
Nə haram, nə zina, nə zillət oldu,
Yetmiş iki millət bir millət oldu.
Bir millət saflaşıb bir hümmət olsun!!!
İlahi ülviyyət, fəzilət olsun!!!
Mənəm-mənəmliyi hamı unutsun,
Türk də türklüyünü ən uca tutsun.
Allaha xoş gələn bu avazdır bil!!!
Türk bəyaz, türklüksə bəmbəyazdır bil!!!
Türk bizim ən ulu babamız oğlum,
Turun ətəyi də obamız oğlum.
Mənə “Turan” gəldi bil ki, qeyibdən,
Bununla qurtardım türkü eyibdən.
Mən küfrü nurumla söndürə bildim!!!
Mən Türkü Turana döndərə bildim!!!
Mən oldum Adəm tək ən adil insan,
Mən Turan bayrağı qaldıran sultan.
Mən Allahı sevdim, saf insan oldum,
Həm peyğəmbər, həm də müsəlman oldum.
Möminsə rəhmətlik cənnətlik olar,
Xoş əməli, sözü yadigar qalar.
Mən verdim insana müsəlmanlığı.
Bununla qazandı o insanlığı,
Müsəlmanın gözü, könlü də toxdur,
Kafirdəsə tamah həddindən çoxdur.
Onlar ac kimsəyə tikə də qıymaz,
Onlar bu dünyanı udsa da doymaz.
Mən sözü müqəddəs tutdum, müqəddəs..,
Mənə söz söylədi, qeybdən gələn kəs.
Müqəddəs “Turan”dır məndən nişanə,
Bəs edər o kitab bu kəhkaşanə.
O insan elmidir, din-imanıdır,
Cümlə məxluqatın son gümanıdır.
Bu kitab ilk öndür, saysız kitabdır,
Bu kitab bənzərsiz, taysız kitabdır.
Ondadır hər sirli elmin açarı
Kainat, məxluqat onun naçarı.
O təşnə saf qəlbin susuzluğudur,
Ünyetməz üfüqün sonsuzluğudur.
Ən ağır xəstəyə səfa var onda,
Etibar, etiqad, vəfa var onda.
O müflisi var-dövlətə çatdırar,
O bədbəxti səadətə çatdırar.
O Allah nurudur, çox şəfqətlidir,
O dosta, qohuma sədaqətlidir.
Odur silən yer üzündən zilləti,
Bir eləyən yetmiş iki milləti.
Turanda Allahsız tayfalar da var,
Turanda çox gizlin mafyalar da var.
Müqəddəs kitaba onlar vurmaz əl,
Bir ayəsinə də etməzlər əməl.
O tayfalarda yox Allahın nuru,
Onlardan müqəddəs kitabı qoru.
Onlar can atar ki, görünə öndə,
Guya ki, onlardır Allahlı bəndə -
Müqəddəs kitabdan faydalanarlar..,
Ondan qanunlanıb, qaydalanarlar...
Ona əl də basıb, alın qoyarlar,
Onlar ürək yarıb, gözlər oyarlar,
Fürsət düşsə ondan betər olarlar,
Şahmar olub şah damarı calarlar.
Onlar bənzər zəhər dolu tuluğa,
Allaha yox, qul olarlar qulluğa.
Qul olarlar vəzifəyə, sərvətə,
Qul olarlar kef-damağa, şəhvətə.
Onlar addımını atar köndələn,
Onların nəfsidir hey darı dələn.
Hələ din nurunu gur saçır oğlum,
Onlar haqq nurundan gen qaçır oğlum.
Onlar bəd niyyətin gizləyələr hey,
Onlar öz əyyamın gözləyərlər hey.
Bil ki, onlar haram geyib, yeyərlər,
Üzəvarı müsəlmanam deyərlər.
Gör onlar kimlərdir bunu elə dərk,
Onların zatında şər kök atıb bərk.
Onlarda ölüncə din-iman olmaz,
Onlar şər əhlidir, müsəlman olmaz.
Elə et onları bay olmasın heç,
Onları fəhminlə, hümmətinlə seç.
Çox çətin bir ömür yaşadım oğlum,
Dünya möhnətini daşıdım oğlum.
“Turan”da açılır hər sirr, müəmma,
“Turan”a yəcuslar qənimdir amma.
Yəcuslar ayırır elmi helimdən,
Fitnə törər yəcus-məcus alimdən;
Yer üzünü fəlakərə sürüklər,
Yəcuc övladı da, qana yeriklər.
Unutma dediyim bu vəsiyyəti,
Məndən millət qaldı, yaşat hümməti.
Onlar bir-birini tamamlasın kaş!!!
Bu haqq yolda bərk dur, nə büdrə, nə çaş!!!
Bu “Turan” haqq sözü deməyin olsun,
O böyük Yaradan köməyin olsun.
Bil ömür baharım Həcərim idi,
Sevgili dildarım Həcərim idi.
Həcərim ruhumu oxşayan idi,
Peyğəmbər qayğısı daşıyan idı.
Hey Allah eşqiylə yanası oldu,
O iki peyğəmbər Anası oldu.
Elə Ana olmaz dünyada heç kim,
Xoşbəxt peyğəmbərəm, O olub eşqim.
Həcərimdən sonra mən yarsız qaldım,
Ömrüm xəzan oldu, baharsız qaldım.
Daha can ağacım quruyub tamam,
Bənzəyər çör-çöpə qurumuş adam.
Həcərim köç edib, köç çatıb mənə,
Allahdan xoşbəxtlik dilərəm sənə.
Mən Bəni-Adəmdən uzaqlaşıb tam,
Oluram Allaha qovuşan adam.
İnan xoşbəxtlərin ən xoşbəxtliyəm!!!
Allahdır sahibim, Allahdır yiyəm!!!
Bu köçü necə var dərk elə qəti,
Buranın orayla yoxdur sərhəddi.
Bəllidir dünyada bir kinsə qalmaz.
Yenə də dünyadan heç nə azalmaz.
Dünyada olmasa, ya olsa insan,
Bunu tutan olmaz Allaha nöqsan.
Anla ki, Allahdır nur içində nur,
Dünyanı nurundan yaradan odur.
Odur kimsə öz-özünü öyməsin,
Haram yeyib, içib, haram geyməsin.
Bu insan bir damla nüftədir əsil,
Bu mayesə buxarlanar dörd fəsil –
Yaz, yay, payız – körpə, cavan, ahıldı,
Qışda da üstünü qocalıq aldı.
Yarpaq ki, saralar, xəzana dönər,
Yazını yazan da, pozana dönər.
Mən də bir insanam son anım yetdi,
Bununla sınanmaq möhlətim bitdi.
Can qurtardım əziyyətdən, əzabdan,
Hey qorxu-təlaşdan, hey iztirabdan.
Deməli, matəmim yas deyil toydur,
Süfrə aç, ehsan ver, ac qarın doydur.
Dünya dəyirman, dən üyütməyi var,
Hər gələn insanın bir getməyi var.
Mən də çox qəmlənib, öyündüm oğlum,
Axırda dən olub, üyündüm oğlum.
Bu canım, cananım alışıb söndü,
Torpaqdan yaranan, torpağa döndü.
Bu palçıq, qəlibə belə salındı,
Əvvəl can verildi, sonra alındı.
Ortada bir müddət yaşamaq oldü,
Əziyyət, ehtiyac, kef-damaq oldü.
Hər iki dünyanın yoxdur qərəzi,
Onlarda qurulub mizan-tərəzi.
Kim dünya varından hədsiz həzz aldı,
Burda tökdü əti, iskelet qaldı.
Qazancı dünyadan bu hasil oldu,
Getdi, cəhənnəmə o vasil oldu.
Əsil haqq-hesabda ordadır oğlum,
Mən rahat yatdığım gordadır oğlum.
Daha ruhum göyə eyləyir pərvaz,
Gəlsin Dədə Qorqud çalsın qopuz, saz.
Qopuz, saz türklüyün nişanəsidir,
Ana zümzüməsi, ər nərəsidir.
Zümzümə körpəyə hey çalar layla,
Nərə ordu yenər hayla-harayla.
Qorquddur hər türkün azman ozanı,
Belə söylər: «Haqq alnıma yazanı.
Bu fani dünyada etibar hanı?
Köçdü türkün peyğəmbəri, sultanı.
Bir ibrət almazmı bunu görənlər,
Hanı dünya mənim deyən ərənlər???
Bədənindən uçan kimi canları,
Yer yeyər, göy udar bil ki, onları.
Müxtəsəri fani dünya belədir,
Kim Allaha, kim sərvətə kölədir.
Doldurma toyuq tək dənliyi oğlum,
Dəyişmə xoruz tək hinliyi oğlum.
İtirmə, sındırma şəxsiyyətini,
Qoru hörmətini, ləyaqətini.
Bir dəfə ki, doğulasan, öləsən,
Onda niyə tamlığını böləsən?!!
Sərvəti yox, sən Allahı seç oğlum,
Bu dünyadan mən tək rahat köç, oğlum”.
Deyərək dünyadan köçdü İbrahim,
O mürsəl peyğəmbər, o böyük alim.
ŞƏMSƏDDİNİN İSMAYILA BAŞ SAĞLIĞI VERMƏSİ
Elə ki, İbrahim köçdü dünyadan.
İbrahim milləti, cümlə müsəlman.
Matəm libasına büründü tamam,
Göylər də mükəddər göründü tamam.
Nə gürşad oynadı, nə şimşək çaxdı,
Ağ bəmbə buluddan gur leysan yağdı.
Sənə rəhmət olsun İbrahim –deyə,
Hamının nəzəri tikildi göyə.
Hamı bir Allahdan rəhmət dilədi,
Allah da dünyanı nura bələdi.
Hamı da göylər tək coşub çağladı,
Hamı da göylər tək səssiz ağladı.
Hamının könlü də nur ilə doldu,
Hamı öz dininə vəfalı oldu.
Bu din nə xəyal, nə fərziyə gəldi,
Baş nazir Şəmsəddin kürsüyə gəldi.
Dedi: «Əbədidir İbrahim dini,
Dəfn komisyasının sədri tək məni,
Dövləti- alinin heyəti seçib,
Axı həm peyğəmbər, həm sultan köçüb.
Əvvəl salamlayım burda hamını,
Möhtəşəm müsəlman izdihamını.
Dinləyin siz məni bacı, qardaşlar,
Əziz məsləkdaşlar, əziz sirdaşlar.
Köç edir dünyadan ən nurlu insan,
İbrahim peyğəmbər, İbrahim sultan.
Ondan əvvəl bilin dünya necəydi? –
Gündüzlər də ay qaranlıq gecəydi.
Çünki insan qəlbi qapqara idi,
Başçı dinsiz Nəmrud avara idi.
Sərvət, şəhvət düşkünüydü o adam,
O bütə sitayiş eylərdi müdam.
Onda haqqı deyən dil dolaşardı,
Azğınlıq, pozğunluq həddin aşardı.
Belə bir zamanda dindi İbrahim,
Bir millət, müsəlman dindi İbrahim.
Bu gözəl dünyanı O qurub getdi,
Türk oğlu türklüyün hoyuna yetdi.
O nə bütbərəstdi, nə zalim idi,
O bir mühəndisdi, bir alim idi.
Ona dünya nə möcüzə siriydi,
O dahi filosof, mütəfəkkiriydi.
O könlü sevdalı kövrək şairdi,
Bədahətən çox şeirlər deyirdi.
O riyaziyyatın leylacı idi,
İqtisadiyyat onun baş tacı idi.
Sosyal ədalətə mizan verərdi,
Qaranlıqda qara tükü görərdi.
Ən bölünməz zərrəni də bölərdi,
Yüz min illər sonranı da bilərdi.
Siyasi müşkülü həll eləyərdi,
Yer göydədir, hey fırlanır deyərdi.
Çıxmayır Günəşin cazibəsindən,
Yaranır nur ilə, nurun bəhsindən.
Günəş öz nurunu Allahdan alır,
Hər canlı cansızın qaydına qalır.
O nursuz kainat çökər, dağılar,
O nurla ölənlər bir də doğular.
İbrahimə gəlib müqəddəs kitab,
Ordadır hər çətin suala cavab.
O kitabda cəm olunub elmlər,
O kitab Günəşdir, ulduz alimlər.
İbrahim o nurla ziyalandı hey,
Ədəblə, əxlaqla həyalandı hey.
O kitab “Turan”dır, min bir surəsi,
Hər surəsində var yeddi ayəsi.
Hər ayədə çox aydındır hər cümlə,
Nə az, nə çox, cəmi yeddicə kəlmə.
Hər kəlmə səs deyil, Tanrı nurudur,
Ürək həyəcanı, qəlb qürurudur.
O ruhu hey oxşar bahar mehi tək,
Könlü oxşar dan yerinin şehi tək.
O ağlı, o huşu elə cəmləyər,
İnsan nə dərd çəkər, nə sitəmləyər.
İnsanda nə rişxənd, nə günah olar,
İnsan alicənab, xeyirxah olar.
İnsan insanlığa hey arxa durar,
Cənnəti, behişti burdakən qurar.
O könüldən ədavəti götürdü,
O bəşəri haqq dininə gətirdi.
O sağaltı Nəmrud vuran xəncəri,
Darda dayaq oldu ona Həcəri.
O Allah eşqinə, Həcər eşqinə,
Zərrə yer vermədi qəlbində kinə.
O dünya evini nurla bələdi,
Yetmiş iki milləti bir elədi.
Dünyaya bir daha gəlməz yəqindi.
Bunu dildə belə demək çətindi,
İbrahim nə dərddi, nə də illətdi.
Anlayın İbrahim necə millətdi?!
Necə mübarizdi, necə qüdrətdi?!
Necə din-imandı, necə fitrətdi?!
Elmiylə, helmiylə göstərdi təmkin,
Mümkün olmayanı eylədi mümkün.
Nəmrudlar getdiyi yolla getmədi,
İnsanı nəfsinin qulu etmədi.
Xeyri, şəri, haqq-nahaqqı aratdı,
İnsanda tamaha nifrət yaratdı.
Bu haqda çox sözlər söyləyə billəm,
Amma dostlar, mən peyğəmbər deyiləm
İbrahim dininə çox sadiqəm həm,
Həm də məmləkətin baş naziriyəm.
Yazılır hər sözüm Lövhü- Məhfusa,
Odur söhbətimi eləyim qısa.
Oğlu İsmayıla verirəm sözü,
Onun bu millətdə hümmətdir özü.
Odur dünyaların sirrindən hali,
Onu sultan seçib dövləti-ali.
Varlığı halallıq, nəfəsi gülab,
İbrahim diniylə etdi inqilab.
Yararsız insanı, yararlı etdi,
Həm namus, qeyrətli, həm arlı etdi.
Mən də İbrahimə demişəm bunu,
İndisə belədir sözümün sonu:
– Ey əziz peyğəmbər, qüdrətli sultan,
Atan köç elədi, sənindi fərman.
Söylə haqq sözünü, söylə millətə,
Millətin düşməsin heç vaxt zillətə.
Hümmətin millətin dayağı olsun!!!
Türklüyün dövlətin bayrağı olsun!!!
“Turan”ın dünyadan bac ala bilsin!!!
Ağsaqqal körpə tək saf qala bilsin!!!
Heç vaxt bükülməsin qamətin, qəddin!!!
Sənə başsağlığı verir Şəmsəddin!!!
Fitrətin, qüdrətin önündə matam!!!
Atanın ruhunu şad elə müdam!!!»
İSMAYIL PEYĞƏMBƏRİN ATASININ
YAS MƏRASİMİNƏ GƏLƏNLƏRƏ MİNNƏTDARLIĞI
Möhtərəm milləti, hümməti ali,
Atamın dəfninə gələn əhali.
Bu dünyanı karvan yolu bilənlər,
Doğulanlar, yaşayanlar, ölənlər.
Hər ilkin bir sonu olduğu kimi,
Gül qönçəsi açıb solduğu kimi.
Atamın ömrü də sona yetişdi,
Qönçə xəzan oldu, torpağa düşdü.
Atam olduğundan Allahlı bəndə,
O ölüm haqqında hər düşünəndə.
Dalıb dərin fikrə gülümsəyərdi,
Sonra köks ötürüb belə deyərdi:
“İnsan da canlıdır, fərdidir oğlum,
Olum da, ölüm də şərdtidir oğlum.
İnsanın nəşəsi, fəryadı həyat,
Üfüqdür, sahilsiz dəryadır həyat.
Xəstəni loğman tək sağaltmalıyıq,
Ölüncə xeyirxah iş tutmalıyıq.
Xoş əməli uğurluluq gözəldir,
Təbiilik, düz-doğruluq gözəldir.
Onda çıxa bilməz insanlıq yaddan.
Onda insan hey həzz alar həyatdan,
Onda həyat axarıyla gedər bil,
Hamı bir-birinə hörmət edər bil.
Bəlli bələk, kəfən bələr insanı???
Tamahsa xırdalar, bölər insanı.
Bir millət, bir hümmət, bir dövlət olsa.
Sapsağlam ruh-bədən, cəmiyyət olsa,
İnsanlar yeriməz təpəsi üstə.
İnsanlar nur saçar, durmazlar qəsdə.
Şükür Atam dinsiz Nəmrud olmadı,
Bu dünya varına tamah salmadı.
Pis əməl tutmadı, bilmədi fəsad,
Yaşadı qorxusuz, yaşadı azad.
Sözü əməlinin təsdiqi oldu,
Ona tək Tanrının rəhməti qaldı.
Çox da heyif deyib, fəğan qopardıq,
İbrahim kəfənə bürünüb artıq.
Elə bil heç onun canı olmayıb,
Onda dirilikdən nişan qalmayıb.
Cəbrayıl getməmiş, Əzrayıl gəldi,
Qan ki, laxtalandı, nəfəs kəsildi.
Ölümə çarə yox, ola da bilməz.
Min loğman gəlsə də ölən dirilməz.
Bir Allah yoxu var, varı yox edər.
Loğman kamalı da ölüncə yetər.
Millət, hümmət yer üzünün şərəfi,
Burdadır sarayın əyan-əşrəfi.
Hökumət, parlaman ölçüb-biçibdir,
Məni bu dövlətə sultan seçibdir.
İstərəm sultanı bu millət seçə,
O da millət üçün canından keçə.
Əsil başçı yuxarıdan seçilməz,
Qalxar haqqın dərgahına, kiçilməz.
Günəş kimi hər könülə nur verər,
Hər qəlbə həm fərəh, həm qürur verər…
Peyğəmbəri seçən Allahdır bəli!!!
Sultanısa bütün millət seçməli!!!
Bu dəm dilə gəldi insan dənizi:-
Biz öz sultanımız seçmişik sizi.
“Ağılla, kamalla, sidqi-ürəklə!!!
Bu günlə, sabahla, xoş gələcəklə!!!
Ucalt millətini, öz hümmətində!!!
Dolandır,xoşbəxt et, məmləkətində!!!
Sevək dağımızı, aranımızı!!!
Basaq bağrımıza “Turan”ımızı!!!
Ona yaman gözlər dəyməsin heç vaxt,
Haqqın tərəzisi əyməsin heç vaxt.
“Turan” türklüyümüz, diriliyimiz!!!
Daha da möhtəşəm Turan quraq biz!!!”
Millət sözlərini deyib bitirdi,
İsmayıl millətə diqqət yetirdi,
Söyləydi: “Heyranam bu ülviyyətə.
Hər sözünüzdəki səmimiyyətə.
Düşündüm səsiniz bulaq səsidir,
Ən gözəl şəlalə zümzüməsidir.
Odur ki sizlərin sultanıyam mən,
Sizlərin həm ruhu, həm canıyam mən.
Daim haqqın tərəfdarı olaram!!!
Allaha qul, Sizə sultan olaram!!!
Bəllidir atamın matəm günüdür!!!
Bu matəm atamın toy-düyünüdür!!!
Atam alilərin alisi idi,
Bu dünya sirrindən halisi idi.
Yoxdur nəciblikdə atamdan anrı.
Odur ki, peyğəmbər seçmişdi Tanrı.
Saf eşqi Anama bağladığından,
Anam tək dünyada asan verdi can.
Ölüncə düşmədi eşqdən, həvəsdən,
Canı da quş kimi üçdü qəfəsdən.
Çünki bir Allaha sadiq qul oldu.
Onun nur hüsnünə hey səcdə qıldı.
Hey saf düşüncəyə xəyala daldı.
Hökmüylə dünyanı nizama saldı,
Atam Adəm-Xatəm yoluyla getdi.
Haqqı,ədaləti bərqərar etdi.
Türklük nə qərəzlə,nə acıqladı.
O Türklük sözünü tam açıqladı.
Söylədi: “Biz Turan vətəndaşıyıq”.
Dünya üzüyünün almaz, qaşıyıq.
Bizim nə silahımız nə ordumuz var,
Bir millət, bir hümmət, bir yurdumuz var!!!
Millət, hümmət ilə durar yanaşı,
Yurdu sevməkdə də deyilik naşı.
Vətən!-İmamımız, saf niyyətimiz,
Millət bəlli, nədir bəs hümmətimiz.
Hümmətdir ülvi müsəlmanlığımız,
Hümmətdir qüdrətli sultanlığımız.
Hümmətlə dolanar yer-göyüm fəzam,
Hümmətdir ilahi nizam-intizam,
Hümmətsiz din necə təriqət olar.
Millətdə nə birlik, nə vəhdət olar.
Sultanlıq itirər öz qüdrətini,
Fitnələr parçalar məmləkətini.
Qanlı hərb dünyanı başına alar,
Çox abad şəhərlər xaraba qalar.
İnsan bir-birini qırdıqca qırar.
Sağ qalan bir xəlvət bucaq axtarar.
Qalan insanda da qalmaz fəzilət,
Hər tayfa adlanar bir yeni millət.
Hər yeni tayfada bir din uydurar,
Tayfa dövlət qurub, qarın doydurar.
Açıq bildirirəm əhli-əyala,
Qoymaram “Turan”ı dönsün xəyala.
Qoymaram sərvəti qamarlasınlar,
“Turan”ı dağıdıb, hamarlasınlar,
Necə ki, mən varam millətimləyəm,
Necəki, mən varam hümmətimləyəm!!!
Mən öz Türklüyümün sadiq yarıyam!!!
Mən öz hümmətimin fədakarıyam!!!
Mən ölüncə hümmətimi yenmərəm,
Hümmətimlə millətimdən dönmərəm,
Mənim peyğəmbərlik fitrətim budur,
Doğruluq, ədalət qüdrətim budur.
Mərdliyim, namusum,qeyrətim budur,
Saflığa , mərdliyə heyrətim budur.
Hələ sərhədsizdir məmləkətimiz,
Hələ haqqı deyir hökumətimiz.
Hələ insanlarda yoxdur bir günah,
Hələ hamımıza Allahdır pənah.
Hələ nəfis, tamah nədir bilinmir,
Hələ şöhrət, sərvət üçün ölünmür.
Hələ doğulmayır bir ağıldan kəm,
Hələ, qız xatındır , oğul da ərdəm.
Hələ düşüncəmiz haçalanmayıb,
Hələ saf eşqimiz parçalanmayıb.
Hələ Bəni-Adəm xəyanət bilmir?
Hələ kimsə bir kimsəyə əyilmir.
Hələ göydən yerə elm-ürfan yağır,
Hələ nə zalim var, nədəki fağır.
Hələ namus qızdır, qeyrət oğuldur.
Hələ azad insan Allaha quldur,
Hələ qadir Allah dərin mənadır.
Hələ əziz insan Ata-Anadır?
Hələ yox həyatda belə bir eyib,
Hələ qohum –qardaş ögeyləşməyib.
Hələ insan öz həddini aşmayıb,
Hələ ağıl qıjqırmayıb, daşmayıb.
Hələ insan dili doğru söz deyir.
Hələ şair kamil, ülvidür şeir.
Hələ hamı bir Allaha can atır.
Hələ Ata-Ata, Ana-Anadır.
Hələ can bir qəlbdir qohum-qələvə,
Hələ can bir qəlbdir hamı əlavə.
Hələ qanımız saf, ruhumuz safdır.
Hələ gülüşümüz, ahımız safdır.
Hələ yalan sözlər demək eyibdir?
Hələ sözlərimiz çürüməyibdir.
Hələ mənliyimiz ləkələnməyib,
Hələ gözlərimiz kölgələnməyib.
Hələ haqq eşidən qulaq kar deyil.
Hələ haqqı görən göz də kor deyil.
Hələ Bəni- Adəm gözəllik qurur.
Hələ gözəllikdə ona göz vurur.
Hələ insan insan kimi anılır,
Hələ alın təri inci sanılır.
Hələ zəhmət çəkən barını görür.
Hələ yar tən olan yarını görür.
Hələ şor-şor, yağ-yağ, baldakı baldır.
Hələ qızıl,gümüş mis tək metaldır.
Hələ misin gümüş deyil təzadı.
Hələ törətməyir qızıl fəsadı.
Hələ üzdə həya, hikmət dərində,
Hələ yerindədir hər şey yerində,
Hələ pul əməyin düz ölçüsüdür.
Hələ pul faydalı söz ölçüsüdür,
Hələ Nəmrudlar da taxtda deyillər,
Hələ əyanlar da saxta deyillər.
Sağ olsun baş nazir Şəmsəddin xaqan,
Yoxdur məmləkətdə haqsızlıq, fəğan!
Sağ olsun, milləti, hümməti ali,
Atamın dəfninə gələn əhali…
Cənazə namazı mənlə qıldınız,
Mənim kədərimə şərik oldunuz.
Kaş ki, pis əməldən biz uzaq olaq!!!
Qiyamət günündə üzü ağ olaq!!!
SON
SEVDA ÇİÇƏKLƏDİ KÖNÜL BAĞIMDA
Poemanın son hissəsi
(Rəhmətlik atam İsmayıl Hümbət oğlu Böyükkişinin və anam Gülövşə xanım Məstər qızı Böyükkişinin qızının 90 illiyinə həsr etdiyim “Sevda çiçəklədi könül bağımda” poemamdan kiçik bir parçamı oxucuların diqqətinə təqdim edirəm.)
Oxuculara ixtisarla təqdim etdiyim bu poemalarım insanpərvər və mütərəqqi fikirlərə zəngindir.Bu poemalarımda TANRIÇILIĞI,TURANÇILIĞI,TÜRKÇÜLÜYÜ poeziyanın əsrarəngiz dili ilə tərənnüm etmişəm. İnanıram ki, TÜRK DÜNYASI durduqca bu poemalarım dünya türklərinə və saf könüllü insanlara ruh yüksəkliyi verəcək,qəlbləri riqqətə gətirəcəkdir.
/Müəllif
Ömür şimşək çaxmasına bənzəyir,
Gecə nə yatdım ki, nə yuxu görəm?
Əsli möhnətinə Kərəm dözməyir,
Lələni köməyə çağırır Kərəm.
Anam, Atam çoxdan gedib rəhmətə,
Özüməm ələnən öz ələyimdə.
Vaxt çatır, mənə də yetişir vədə,
Kövrəklik çağlayar qan-iliyimdə.
Ah-nalə nə gərək, a şair könlüm,
Sözlərim əfsanə, fərziyə gələ.
Ağılla nərə çək, a şair könlüm,
Yerlər də, göylər də lərzəyə gələ.
Hoyuma yetmirmi daha dost, sirdaş???
Sözlərim misraya çətin düzülür…
A fani dünyaya gəlmiyən qardaş,
Gözümdən de niyə leysan süzülür???
Söyləmə şairlik dərd-bəla-qada,
Şairlik ömrünün baş bəlasıdır.
Mən dünya qəribi oldum dünyada,
Eh, fani dünyada kim qalasıdır???
Bu sözümü kim istəyir yoxlasın,
Ağlını başına şair yığammaz.
Xalqı, camaatı Allah saxlasın,
Vallah məndən xalq şairi çıxammaz.
Şair deyiləndə söz kimdən gedir –
Ona Füzuli tək dərd mübtəladır.
Dəllal bir söz deyib, min xeyir güdür,
Şairə haqq sözü min bir bəladır.
Murdar nəzərlərdə gözdən düşürəm,
Məni saf insanlar anlayır yalnız.
Mən şər qüvvələrlə hey döyüşürəm,
Mənim vaxtım yox ki, mən olam yalqız.
Şair müftə yazıb, müftə yaradır,
Kaşki oxuyalar bircə şerini.
Sanma onun ömrü-günü qaradır,
San Haqqın dərgahı onun yerini.
Çatmasam da şan-şöhrətə, ad-sana,
Könlümü şərə yox, xeyrə vermişəm.
Ömürümdən qiymətli nə var dünyada,
Ömrümü xoşluqla şerə vermişəm.
Şeir xəstələnmir, şeir ölməyir,
Şeirdən dərd, bəla, qada uzaqdır.
Şair qəlbi qocalmaq nə bilməyir,
Şair yüz yaşda da körpə uşaqdır.
Könlüm gözəllikdən ayıl-mayıldı,
Təbim gözəllikdən güc aldı ancaq.
Qeybdən gələn şerim nur tək yayıldı,
Haqq şairi oldum kövrək, utancaq.
Sanmayın saf eşqi qor olan küləm,
Sanmayın həsrətdən bağrım yarılıb.
Sanın gül üstünə qonan bülbüləm,
Sanın aşiq-məşuquna sarılıb.
Sevdim gözəlliyi körpəliyimdən,
Mayam da, südüm də halaldır mənim.
Günəşim, al Günəş, onu deyim mən,
Ayım da bədirli hilaldır mənim.
Cəmi gözəlliyin məndə var olmuş,
Saf insan hamıdan öndədir Allah.
Xoşbəxtlik, səadət mənə yar olmuş,
Adəm də, Xatəm də məndədir Allah.
Bilirsən, çoxdandır ağır xəstəyəm,
Yanıb-yaxılıram cızdağım çıxır.
Bəlkə can üstəyəm, son nəfəsdəyəm,
Bəlkə yazdıqlarım göz dağım çıxır.
Bildim öz yerimi, söz yerimi mən,
Söz mülkündə kəhkaşanı almışam.
Sözə halal etdim öz ömrümü mən,
Çoxdakı dərmana möhtac qlmışam.
Hanı elə həmdəm, elə dost-sirdaş???
Niyə köç üstəsə əzizlənmirəm???
Mış-mış yox, Mustafa söyləyim birbaş,
Səbəb Bakımızdı Təbrizlənmirəm…
Vətən yadlar üçün doğmalanarsa,
Yağlanar, buğlanar gödən şairi.
Vətəni büsbütün yağmalanarsa,
Əlbəttə, sayılmaz vətən şairi.
Namərdlər mərd şair başı yeyərlər,
Ciyər-övgəsindən cız-bız edərlər.
Ac qurdlar vətəni dilimləyərlər,
Eşşək arısı tək vız-vız edərlər.
Xəqanim, Nizamim girsə daxmama,
Baxıb qəmli-qəmli gülümsəyərlər.
Onlara bu gərdiş gəlməz müəmma,
Tufu olsun bu gərdişə deyərlər.
Bütöv vətən hər dərdimin əlacı,
Kimsə kəsə bilməz bu haqq səsimi.
Mənəm Azadlığın Mənsur Həllacı
Mənəm Sührəverdi, mənəm Nəsimi.
Məndə var təvazö, məndə var səbir,
Məndə var elm, helm, var ali savad.
Mən Seyid Əziməm, mən Səhhət, Sabir,
Mən Məhəmməd Hadi, mən Əhməd Cavad.
Yad kəsdə olmayıb məndəki cürət,
Türkəm, Tanrıma, boz qurduma qulam.
Mən Namik Kamalam, mən Tofik Fikrət,
Mən Akif Məhmət tək yurduma qulam.
Mən zülmə hər zaman qaldırram qiyam,
Qəlbimdə zalıma tufan var mənim.
Mən Mete, Atilla, mən Subutayam,
Mən türkəxorlara qəniməm, qənim.
Yunan Diogen ki, qıjqırtdı ağlı,
Qırdım qoşununu – qanad-qolunu.
Mənəm Türk Alp-Aslan, Məlik şah oğlu,
Mənəm fəth eləyən Anadolunu.
Mənim Babəkim var, Səttarxanım var,
Onlar can içində canımda candır.
Mənim sönməz ruhum, həyəcanım var,
Əzəli, əbədi Azərbaycandır!!!
Mən Fatehəm İstambulu almışam!!!
Məni Osman Qazi doğub Türk Anam!!!
Mən Böyük Nadirəm: - Turan olmuşam!!!
Mən İbrahim xanam: - Azərbaycanam!!!
Türk olmayıb heç vaxt nahaqq qan tökən,
Bu Nadirdə, İbrahimdə doğrulub,
Onların atası adi kürk tikən,
Türk əfşar nəslimin zirvəsi olub.
Mən həmən Türk idim, mənim son zaman,
Sultan Mehmədlərim1 dadıma yetdi.
Sonra şər qüvvələr tor qurdu yaman,
Mənim Türklüyümü tarimar etdi.
1 Sultan Mehmedlər deyiləndə sonuncu Osmanlı sultanları
– V Sultan Mehmed və VI Sultan Mehmed nəzərdə tutulur.
Mən Oğuz türküyəm yerim, göyüm var,
Mən Bilgəyəm köküm üstə duranam.
Mən xaqan, mən sultan, paşam, bəyim var,
Mən həm Azərbaycan, mən həm Turanam!!!
Mən cümlə hümməti sirdaşı seçən,
Tanrı qibləsinə yüksələn türkəm!!!
Sıldırım qayalar, uçrumlar keçən,
Türklük zirvəsinə yüksələn türkəm!!!
Türklüyüm hiyləyə, fitnəyə qənim,
Tayfaya, mafyaya yer yoxdur onda.
Ən gözəl dünyamdır türk dünyam mənim,
Bir kimsədən gizlin sirr yoxdur onda.
Türk dünyamda dönük bir yar da yoxdur,
Tanrının eşqidir hamıya əyan.
Zalım yox, məzlum yox, kor, kar da yoxdur,
Nə bərk qışqıran var, nə pıçıldayan.
Türk dünyamda insan insan doğması,
Türk dünyamda haqq tanrıdı, Mövladı.
Türk dünyamın halallıqdır loxması,
Türk dünyamda hamı Adəm övladı.
Türk dünyamın türk övladı qürurlu,
Tanrıya qul olan mərd türk məndədir.
Türk qəlbi dumduru, türk könlü nurlu,
Türkdə gözəl əməl, sözdən öndədir.
Zəngindən zəngindir türkün biliyi,
Elmindən helmisə əngindən əngin.
Sən türkü sayma gəl şəxs əvəzliyi,
Anla aşiqidir türk bəyaz rəngin.
Türk gözəl mənalar daşıyır düzdür,
Türkü xorlayanlar dayazdır, dayaz.
Bəyazsa türk sevən ən nəcib sözdür!!!
Türk ruhu, siması bəyazdır, bəyaz!!!
Bəyaz türkün təmiz qanı, canıdır!!!
Bəyaz türkün namus, qeyrət, arıdır!!!
Bəyaz gözəlliyin tərcümanıdır!!!
Bəyaz insanlığın çalarlarıdır!!!
Nə rəng varsa da pərdə-pərdədir,
Bir-birini tez-tez ötüb keçəndir.
Haqqın dərgahsa bəyaz rəngdədir,
Bəyaz Tanrı sevib, Tanrı seçəndir.
Tanrının yolunun bəyazdır uğru,
Haqqın dərgahının bəyazdır naxşı
Ey Tanrım, sən bəyaz türkünü qoru,
Dönüb bəyazlaşsın bəşərin baxşı.
Məni gözəl duysun öz türk millətim,
Könlünə nur versin, qəlbinə sevgi.
Onu gəlib xoşbəxt eləməz heç kim,
O yadı doğmadan ayırsın təki.
Mənim sevdalıdır könlüm binadan,
Saflıq, gözəllikdir yaşadan məni.
Yarandım sevdalı ata-anadan,
İnsanlıq sevəcək başadan məni.
Ağacı yaşadar əmici tellər,
İnsanlıq, gözəllik o tellərimdir.
Məni yenə bilməz fitnələr, fellər,
Mənim arxam, ünüm türk ellərimdir.
Türk verməz kiməsə əzab, iztirab,
Mərhəmətdir, fəzilətdir hünərim.
Türk nəcib, xeyirxah, türk alicənab,
İbrahim, İsmayıl türk peyğəmbərim.
Xırda hisslər qata bilməz başımı,
Havadan asılı qalmaz əlim də.
İtirmərəm ağılımı, hüşümü,
Çünki hər vaxt şükürlər var dilimdə.
Bu dünyadan niyə olsun gileyim,
Dünya boşalmalı, dünya dolmalı.
Dünya fanidirsə, ona nə deyim???
Bir gün açılan gül bir gün solmalı.
Bəllidir insanın Adəmdir zatı,
Adəmə xor baxan iblisə dönər.
Yalanın, haramın var necə qatı???
İnsan ona uysa insanlıq sönər.
İnsan ki, qohuma biganə olar,
Ona qəzəblənər onu Yaradan.
İnsan ki, sərvətlə divanə olar,
İnsanlıq büsbütün çıxar sıradan.
Tanrının hokum bu: - Adəm Xatəmə,
Hər insane yaranıb gül bitirməyə.
Insanlıq itirən bais matəmə,
Kaş ki, insanlığın Türk itirməyə…
İnsanlıq uçrumdan yuvarlanarsa,
Bu bir fəlakətdir, bir müsibətdir.
Bunu görüb Bəni-Adəm danarsa –
Qopan qiyamətdir, son nəhayətdir,
Mən Tanrı eşqində vəfalı qaldım,
Körpə uşaq, cavan, ahıl çağımda,
Sevdalı-sevdalı xəyala daldım,
Sevda çiçəklədi könül bağımda!!!
Sevda hey çiçəklər könül bağımda!!
SON
Bu xəbər üçün şərh yazın