Fəzail İsmayıl Böyükkişi - TURAN DÜNYASI

Fəzail İsmayıl Böyükkişi - TURAN DÜNYASI -Poema

ALLAHIN EŞQİ(Allaha xitabən)

Bu eşqlə canıma qəsd eləmişəm,

Bu eşqlə könlümü məst eləmişəm.

Bu eşqlə şövq ilə dilə gəlmişəm,

Bu eşqlə bül-bül tək gülə gəlmişəm.

Bu eşqlə apaydın səma kimiyəm,

Bu eşqlə ən nurlu sima kimiyəm.

Bu eşqsiz dünyada insan heç kimdir,

Bu eşq vətən eşqim, millət eşqimdir.

Bu eşq ailəmə məhəbbətimdir,

Bu eşq xoşbəxtliyim, səadətimdir.

Bu eşqlə qırmışam hey tilsimləri,

Bu eşqlə sevmişəm gül isimləri.

Bu eşqlə haqq sözüm, haqq səsim olub,

Bu eşqlə aldığım nəfəsim olub.

Bu eşqlə yansam da dönmərəm külə,

Bu eşqlə yaşaram ömrümü belə.

Bu eşqim ən çətin imtahanımdır,

Bu eşqim Allahdan ərmağanımdır.

Bu eşqim qənirsiz gözələ bənzər,

Bu eşqim qızılı xəzələ bənzər.

Bu eşqim Füzuli qəzəlimdəndir,

Bu eşqim ilahi gözəlimdəndir.

Bu eşqə toxuna bilməz düşmənim,

Bu eşqim canıma ruh verər mənim.

Bu eşqlə oxşaram gözəllikləri,

Bu eşqlə yaşaram yüz illikləri.

Bu eşqlə zaman tək nəhayətsizəm,

Bu eşqlə dünyadan şikayətsizəm.

Bu eşq Allah eşqi, Allahsız qalma,

Bu eşqi şəhvətlə dəyişik salma.

Bu eşq nə xəyaldır, nədəki röya,

Bu eşqin şahidi hər iki dünya.

Bu eşqin içində bəhrə barlanar,

Bu eşqlə kainat, yer vüqarlanar.

Bu eşqim uludur, sirlə doludur,

Bu eşqim ofsunlu karvan yoludur.

Bu eşqim cismimdən qoparar məni,

Bu eşqim Meraca aparar məni.

Bu eşqim din-iman əhli eşqimdir,

Bu eşqim Məhəmməd, Əli eşqimdir.

Bu eşqlə sanmayın kimsəsizəm mən,

Bu eşqlə Allaha ən əzizəm mən.

Bu eşqlə Adəm tək təmənasızam,

Bu eşqlə həm ata, həm anasızam.

Bu eşqdə Adəmin fitrəti vardır,

Bu eşqdə Həvvanın ülfəti vardır.

Bu eşq sonsuz varım, mənən varlıyam,

Bu eşqlə hamıdan mən ən varlıyam.

Bu eşqdə Məryəmin məlalı vardır,

Bu eşqdə Süleyman cəlalı vardır.

Bu eşqi nə inni-cinni var dinlər,

Bu eşqdə Davudun neyidir inlər.

Bu eşqdir hey tutan haqq divanını,

Bu eşqdir qoparan Nuh tufanını.

Bu eşqdə Allahla danışır Musa,

Bu eşqdə atasız doğulur İsa.

Bu eşqin əzizi hər peyğəmbərdir,

Bu eşqdən yaranan cümlə bəşərdir.

Bu eşqi anlamaq çox-çox çətindir,

Bu eşqin ilki də, sonu da dindir.

Bu eşqin şahidi hər peyğəmdər də,

Allah elçisidir hamsı bir yerdə.

Bu eşqin sahibi o peyğəmdərlər,

Etmiş insanlığa canını sipər.

Hamsının adını bilməsək də biz,

Hamsının ruhudur müqəddəs, əziz.

Bu eşqlə yaşayıb, şəhid olmuşlar.

Sanmayaq onları unudulmuşlar,

Adları həkk olub Lövhu-Məhfuza,

Onların eşqiylə fırlanır fəza.

Bu eşqdən gizlində bir sirr qalanmaz,

Gizlin sirlə sonsuz fəza fırlanmaz.

Bu eşqə Allahdır bir dəlil, sübut,

Odur hökmü qadir, odur son ümüd.

Allahı sevsək də dünyalar qədər,

Nəfsi hər insana yamanlıq edər.

Qəlbində artırar tamah, küdurət,

Bir Allah eşqindən alıb güc-qüdrət.

Nəfsi beşikdəkən boğmaq lazımdır,

Zülmətdən işığa çıxmaq lazımdır.

Bu eşqdə zülmət nur, atəş də buzdur,

Onu əks etdirən Lövhu-Məhfuzdur.

Ordadır “Quran”ın hər bir ayəsi,

Hər kəlməsi insanlığın sayəsi.

Bu eşq ərzi fəlakətdən qurtarar,

İnsanları haqq yoluna qaytarar.

Bu eşqlə göstərər Allah möcüzə,

Odur arxa kömək, xəstə, acizə.

Odur insanları qüdrətli edən,

Yedirən, geydirən, sərvətli edən.

Odur insanlara zirvə aşdıran,

Odur hər müökülü asanlaşdıran.

1-ci hissə

İbrahimin peyğəmbərliyə yetməsi..


İnsan kim, kim insan kimindir Allah?!!

Adəmdən Xatəmə cəmindir Allah?!!

Elə et azmasın onlar düz yolu,

Olsun ortalıqda söhbət, söz yolu.

Bu insan İbrahim milləti idi,

Bu insan İsmayıl hümməti idi.

Bəşər yenə fəlakətdə, dardadır,

İnsanın o eşqi, indi hardadır???

Bu eşqdə İbrahim milləti də var,

Bu eşqdə İsmayıl hümməti də var?

Bu eşqdə İbrahim milləti kimdir?

İbrahim əsli türk peyğəmbərimdir.

Bu eşqlə də onun könlü bil məsti,

Atası düzəldən bütlərdi qəsdi.

Onun atasının adıydı Azər,

Cəhənnəm atəşi, oduydu Azər.

Nəmrud sarayında o əyan idi,

Nəmruda hər sözü xoş bəyan idi.

Nəmrud büt görəndə gəlirdi vəcdə,

Bütlərə Azərlə edirdi səcdə.

İdrahim deyildi öz atası tək,

Harda büt görsəydi, gətirərdi səkk.

O taxta bütlərdən tonqal çatardı,

O daş bütlərisə xıncımlayardı.

Atası Azərə söylərdi belə,

Bütə yox, Allaha sitayiş elə.

Cümlə bütlər yaratmaqda saxtadır,

Bütlər Allah deyil, daşdır, taxtadır.

Gəl, bu həqiqətdən ata ol agah,

Daşı, taxtanı da yaradıb Allah.

Allahdır varı yox, yoxu var edən,

Allahdır insana elm-helm öyrədən.

Allahdır yenilməz, əbədi olan,

Gəldi-gedərgidir nə varsa qalan.

Mömindir Allahı müqəddəs sayan,

Kafirəsə bütü deyildir həyan.

Sən kafir içində öndə gedirsən,

Çünki hər bütündən qazanc güdürsən.

Azər bu sözlərdən qeyzə gələrdi,

Oğlunu özünə düşmən bilərdi.

Əlinə keçənlə onu vurardı,

Nəmrudla oğluna qarşı durardı.

Axırda Nəmrudu qızışdırdı bərk,

Söylədi: «İbrahim kül olsun gərək.

O bizi yandırıb-yaxmaq istəyir,

Bizim səltənəti yıxmaq istəyir.

Odur ki, ən böyük bir tonqal çataq,

Sonra o sərsəmi tonqala ataq.

Onu bərk sarıdaq tərpənənməsin,

Sağ böyründən sol böyrünə dönməsin.

Çağırsın Allahı, tapmasın əlac,

Qalsın uydurduğu taxt-tacı tarac».

Azər sanki tapdalanmış ilandı,

Nəmrudun əmriylə tonqal qalandı.

İbrahim Allaha ən əziz sirdaş,

Sarınıb tonqala atıldı birbaş.

İbrahim aləmə hey nur yayırdı,

Tonqal onu əsla yandırmayırdı.

Alov onun üçün bahar mehiydi,

Sanki dan yerinin şəbnəm şehiydi.

Azərsə tonqala odun atırdı,

Öz oğlunu quru bütə satırdı.

Azərin sirdaşı hökümdarıydı,

Onu düşündürən dünya varıydı.

Bütü görür, haqqı görə bilmirdi,

Allaha könlünü verə bilmirdi.

O qadir Allahı yad eləmirdi,

Öz insan ruhunu şad eləmirdi.

Bu dünyası bir ifritə qarıydı,

Cənnətisə onun şəhvət, varıydı.

Bu dünyanın o dünyadır mabədi,

O dünyası cəhənnəmdir əbədi.

Bunu Azər duydu, oğlu yanmadı,

O Allahı, Allah onu danmadı.

Azər tək Allahı yenə görmədi,

Yenə də bütlərə şəkk gətirmədi.

Camaat İbrahim dininə gəldi,

Azərin naləsi göyə yüksəldi.

Nəmrudla Azərin qolu çatıldı,

Tonqalın içinə onlar atıldı.

Onlar dərhal yanıb külə döndülər,

Cəhənnəmin alt qatına endilər.

İbrahim tonqalda yanmadığından,

Oldu peyğəmbər tək hamıya əyan.

Bəşər qəlbi onun ilə əhd etdi,

İbrahim fitrəti ərzi fəth etdi.

Bu fitrət də dildən-dilə yayıldı,

Bu fitrət də eldən elə yayıldı.

Bəşər duydu tək Allah ən yaxındı,

Sidq-ürəkdən tək Allaha sığındı.

Bəşər saflıq çeşməsindən su idi,

Mömin İbrahimi rəhbəri seçdi.

İbrahim qalmazdı ibadətindən,

Hey nur ələnərdi siyasətindən.

İbrahim zamanı xoş zaman idi,

İbrahim milləti müsəlman idi.

Nəzər bir Allahda, bir də haqdaydı,

Hamı ibadətdə, halalıqdaydı.

Onda nə şaxtaydı, nə də ayazdı,

Onda yer üzündə hər fəsil yazdı.

Onda insan gözü, könlü də toxdu,

Onda bir zəlzələ, vəlvələ yoxdu.

Onda insan nə quduz, nə şagirdi,

Onda göydən yerə ruzi yağırdı.

Onda hamı qadir Allaha yardı,

Onda nə bir ağa, nə də qul vardı.

Onda İbrahim də biçir, əkirdi,

Onda İbrahim də sökür, tikirdi.

Heç kim İbrahimdən seçilməyirdi,

Heç kim şişirdilmir, kiçilməyirdi.

Böyük bir Allahdır, yaradan oydu,

Xeyri də, şəri də aradan oydu.

Onda yox insanın qəlbində kini,

Günəş tək parlardı İbrahim dini.

Bu dində təriqət sözü yoxuydu,

Yetmiş iki millət sözü yoxuydu.

Bu dində İbrahim milləti vardı,

Bu dində İsmayıl hümməti vardı.

İbrahimin dövrü çəkdi min illər,

Bu dövür haqqında nələr deyillər???

Əfsus, həmin dövür qalmış qaranlıq,

Çox dərin xəyala dalım bir anlıq.

Zınrık qaranlığı yarsın nurum hey!!!

İbrahim dövrünü canlandırım hey!!!

2-ci hissə

Bu dövür bəşərin qızıl dövrüdür


Bu dövür İsmayıl dövrüylə birdir,

Onda qadın qadın, ərdəki, ərdir.

Nə əvvəl, nə sonra yox belə dövür,

Bu dövür bəşərin qızıl dövrüdür.

Bu dövrü insanlıq ülvü sayıbdı,

Sonra xəyallarda o yaşayıbdı.

İbrahim zamanı çəkmiş min illər,

Xoşbəxt gəlib, xoşbəxt keçmüş nəsillər.

Onda yer üzünün Şərq gülü olmuş,

Orda Qərb buzlarla örtülü olmuş.

Onda qəzəb şimşəkləri çaxmamış,

Onda Qərbdən Şərqə fitnə axmamış.

İndi budur Şərqə Qərb «hədiyyə»si,

Onda Qərb deyildi, Şərqin yiyəsi.

Onda Qərb nə iblis, cinində idi,

Onda Şərq İbrahim dinində idi.

Onda Şərq İbrahim milləti idi,

Onda Şərq İbrahim dövləti idi.

Bir kimsə etmirdi bütə sitayiş,

Demək çox qədimdi o vaxt, o gərdiş.

Onda tək Allahlı olmuşdu hamı,

Sonrakı əyyamdı Nuhun əyyamı.

Ortaya kafirlik, mürtədlik düşmüş,

Nuh əyyamı gəlib belə yetişmiş.

İbrahim dövründən keçmiş min illər,

Kafirə, mürtədə dönmüş nəsillər.

Onlara qurulmuş haqqın divanı,

Nəhayət qopmuşdur Nuhun tufanı.

Bəs niyə yox olmuş İbrahim dövrü?

Bəs nədən yaranmış bu dövrün cəbri?

O dövür haradır, bu dövür hara?

Cavab çox çətindir bu suallara?

İnternet dövürndə yaşasam da mən,

Diri keçmir Lövhü-Məhfuz önündən.

Bu suala düz cavab da ordadır,

Demək burda ağıl, idrak zordadır.

Hər dərin düşüncə bir maneədir,

Deməli cavab da qaibanədir.


Bu sözü söyləmək olsa da çətin


Adəmdən Xatəmə olan vaxt bitdi,

Vahid din yaratmaq məqamı yetdi.

Burda anlaşılmaz bir sirr yox yəni,

Vahid Allahın da var vahid dini.

Allahın nuruna pərvanəyəm mən!

Haqqın aşiqiyəm, mövlanəyəm mən!

Saflıqdır mərdlikdir Turan dünyası!!!

Yaradan dünyası, "Quran" dünyası!!!

Turansız bu dünya tez olar viran,

Bəşərin nicatı Turandır, Turan.

Allahın hökmüylə gəlirəm dilə,

Bəşərə üz tutub deyirəm belə..

-Mən də türk oğluyam, xoş sabahlıyam!

Tək Tanrı quluyam, tək Allahlıyam!

İbrahim ən əziz türk peyğəmbərim,

İsmayıl peyğəmbər mərdhünəvərim.

Onlara canımı fəda demişəm,

Mömin oğul, mömin ata demişəm.

Allahsızı insan bilmədi onlar,

Kafir qınağına gəlmədi onlar.

İbrahim tonqalda yanmadığı tək,

İsmayıl Minada sınandı gerçək.

İbrahim Allahdan dilədi oğul

Dedi: «Oğlum, olsun Allah sənə qul».

Mən ona İsmayıl adını verrəm,

Elə ki, hüsnündə nurunu görrəm.

Varlığım olsa da o hüsnə heyran,

Oğlumu kəsərəm uğrunda qurban.

Çox qoca yaşdaydı o vaxt İbrahim,

Ata ola bilər, deməzdi heç kim.

İbrahim Allahın lütfünü gördü,

Allah İbrahimə bir oğul verdi.

İsmayılın səsi haqqın səsiydi,

İsmayıl Allahın möcüzəsiydi.

Körpə bir Allahın çox əziz idi,

Çünki gözəllikdə misilsiz idi.

Kim görsə gözləri ziyalanırdı,

Kim görsə siması hayalanırdı.

Qolsuz-anasız da pərvazlanırdı,

Kama çatmayan da murazlanırdı.

Ən ağır xəstə də şəfa tapırdı,

Aşiq də məşuqda vəfa tapırdı.

İsmayıl Allahın saf eşqi idi,

Hər qıfılın var açarı, kilidi.

Bu sirr İbrahimə bir agah idi,

Bir də bunu bilən bir Allah idi.

İbrahim Allaha şükür deyirdi,

İsmayıl bələkdə gülümsəyirdi.

Çoxdakı, körpəydi gəlmirdi dilə,

O da şükürünü deyirdi belə.

Eşidəndə atasının səsini,

Qoxlayanda onun gül nəfəsini.

Özünü Allaha bəndə sayırdı,

Sonsuz kahkaşanı qucaqlayırdı.

Fərəhlə keçirdi günlər, fəsillər,

Uğurla gəlirdi il üstə illər.

Nə dərd vardı, nə də dərdin əlacı,

Yoxuydu ehtiyac, nə ağrı-acı.

Düz, doğruluq, saflıq aşıb, daşardı,

Hamı sağlam, hamı xoşbəxt yaşardı.

İnsanlar çevrilib olmuşdu mələk,

Bir kimsə kiməsə gəlməzdi kələk.

Bir Allah eşqiydi ülvi məhəbbət,

Evlənib tapardı hamı səadət.

Nə zina törər, nə bic doğulardı,

Evlənən bir arvad, bir ər olardı,

Tək arvadın, tək də əri varıydı.

Başqa cür düşünmək onda arıydı.

İsmayıl boy atır, yaşa dolurdu,

Onu görən kəslər xoşhal olurdu.

Onun hamıyla xoş rəftarı vardı,

O, çox səmimiydi, təvazökardı.

O, halal çörəyi bal tək yeyərdi,

Çətin məsələni həll eləyərdi.

(Atam İsmayıl da o qəlbdə idi,

O arzu, o kamda, mətləbdə idi.

Yatmadı, qəflətdə, ayıq oldu O,

İsmayıl adına layiq oldu O.

Yaşadı ömrünü mərdi-mərdanə,

Qaldı xeyirxahlıq ondan nişanə.

Əslimin-nəslimin gözüydü Atam,

Anamın ən şirin sözüydü Atam.

Onu rəhmət ilə yad edir ellər,

Müqəddəs ruhunu şad edir ellər).

İbrahim sevinər onu görəndə,

Deyərdi: «Oğlumdu Allaha bəndə.

Elə ki, İsmayıl on yaşa çatdı,

Atası sübh tezdən onu oyatdı.

Hələ təzə-təzə dan sökülürdü,

Norvuz səhəriydi, aləm gülürdü.

Göydən yerə yağan kam-muraz idi,

Gecə də, gündüz də tən-taraz idi.

Raz-niyaz edirdi bütün canlılar,

Hər canlı varlığın öz namazı var.

İbrahim peyğəmbər bunu duyurdu,

Oğlu İsmayıla belə buyurdu:

«Vaxtdır, dur hamı tək namazı qılaq,

Günortaya yaxın Minada olaq.

Sözlərim gəlməsin kaş ki, baş-ayaq,

Sonra ovumuza orda başlayaq.

Deyim sözlərimi oğlum çox qısa,

Allah uğur versin bu ovumuza.

Ata-oğul sübh namazı qıldılar,

Ox, kaman, qılıncı ələ aldılar.

Tək Allaha sadiq o iki qul,

Bismillah deyərək başladılar yol.

Sevindirmək üçün Mina dağını,

Vəsf edim səfərin mən o çağını.

İbrahim peyğəmbər ahıl yaşdaydı,

İsmayılın yaşı tamam başqaydı.

O hələ on yaşa çatmışdı təzə,

Ona aləm görünürdü möcüzə.

Yuxuda da o sirləri açardı

Ulduzdan ulduza doğru uçardı.

Mələkləri, fələkləri ötərdi,

Haqqın dərgahına doğru gedərdi.

Çıxan dan ulduzu haqq çırağıydı,

Bu da dan yerinin şəbnəm çağıydı.

O dunyaya heyran-heyran baxırdı,

Bulaq tək qaynayır, çay tək axırdı.

Bülbül gül üstündə cəh-cəh vururdu,

Bir Allah eşqinə səcdə dururdu.

Allah yaratdığı ilan da, şir də,

Bir Allah eşqidir hamsı bir yerdə.

Sonsuz kainatdır Allahın dini,

Hamsı da dərk edir Allah eşqini.

Bunlarsız bir varlıq var ola bilməz,

Bunlarsız eşq olmaz, yar ola bilməz.

İsmayıl bunları düşünürdü hey,

Könlündə nədənsə yoxuydu giley.


Şeytanın əngəl törətməsi


Gözünə göründü bu dəm bir qadın,

Bənzəri deyildi doğmanın, yadın.

O çox hiyləgərdi, çox yaramazdı,

Bən-adəm övladı saymaq olmazdı.

Daraq vurmamışdı saçına necə?

Saçı da dolaşıb, olmuşdu kecə…

Gözləri şüşə tək hey parlayırdı,

Baxışı hər yana hiylə yayırdı.

Üzü həm qaraydı, həm də eybəcər,

İsmayıla göz-qaş atıb bu ləçər

Deyirdi: «Sən qayıt yol çox uzaqdır,

Minada bircə ov olmayacaqdır».

O İsmayılı çox uşaq sayırdı,

Gah cırtıq vururdu, gah ağlayırdı.

Gah yalvarır getmə-getmə» – deyirdi,

Dön geri, atana yetmə deyirdi.

İsmayıl yolundan dönmədi geri,

Qarşısından qovmaq üçün ləçəri.

Bir tədbir axtardı, tədbir aradı,

Ananın sovqatı işə yaradı.

Belə ki, səfərə çıxarkən səhər,

İsmayıl cibinə anası Həcər

Xeyli xurma töküb, ye yolda, dedi,

Allaha şükürlər de yolda dedi.

İsmayıl Allaha şükürlər dedi,

Cibindən çıxarıb bir xurma yedi.

Çərtdəyi qadının gözünə atdı,

Çərtdək onun sağ gözünü çıxartdı.

O eybəcər qadın yox olub getdi,

İsmayıl qeyibdən bir səs eşitdi.

Belə söyləyirdi qeybin sahibi,

Kahkaşanın, kainatın qalibi.

Zamanı, məkanı əbədi alan,

Həmdəki lazaman, laməkan olan.

Əhsən, ey İsmayıl İbrahim oğlu,

Sizsiniz Allahın ən sadiq qulu.

Çox çətin sınaqdan keçdin, doğruldun,

Bu gündən atan tək peyğəmbər oldun.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi