Füzuli rayonunda “15 İyun Milli Qurtuluş Günüdür” adlı tədbir keçirilib - FOTOLAR
15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir.
Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.
1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Ulu Öndər Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. Məhz bu addımı ilə Ulu Öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Bu gün Azərbaycan məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllər üzərində uğurla inkişaf edir. Bu inkişaf bizləri firavanlığa, həmrəyliyə, işıqlı sabaha ən başlıcası isə böyük Zəfərə qovuşdurdu. Çünki bizi böyük Zəfərə aparan yolun başlanğıcında 15 iyun Qurtuluş Günü dayanır.
Füzuli rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Füzuli rayon təşkilatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, Füzuli rayon təhsil sektorunun nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Faktinfo.az xəbər verir ki,tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüldü və xatirəsi ehtiramla yad edildi. Daha sonra Mətkəzin foyesində Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs edən kitab sərgisinə baxış keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Daha sonra Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 90-cı illərin əvvəllərində ölkəmizin düşdüyü acınacaqlı vəziyyətdən, xalqımızın üzləşdiyi bəlalardan söz açdı. 15 iyun 1993-cü il tarixinin Azərbaycan xalqı üçün əsil qurtuluş, tariximizin dönüş nöqtəsi olduğunu diqqətə çatdıran rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını uğurla yerinə yetidiyini bir daha diqqətə çatdırdı. Alı Alıyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı böyük Zəfərin mənbəyində məhz Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığını vurğuladı.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, Horadiz şəhər bələdiyyəsinin sədri Tural Nəbiyev və Vətən müharibəsi qazisi Niyaməddin Hüseynov çıxış etdilər. Çıxışçılar 15 iyun –Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatında müstəsna fəaliyyətindən söz açdılar.
Daha sonra Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.Tədbir rayon Mədəniyyət evinin hazırladığı konsert proqramı ilə yekunlaşdı.
Bu xəbər üçün şərh yazın