"Gənclərdə bir az sönüklük var"- Qurban Yetirmişli
"Gənclərə müraciət edirəm. Çox narazılığım var. Bugünkü gənclər istəyirlər ki, birdən-birə varlansınlar, pul arxasınca qaçırlar.
Bizim təşkilatda magistrı bitirənlər, bakalavrlar üçün ingilis, rus dilləri, kompüterdən tutmuş seysmologiya və digər sahələr üzrə dərslər keçirilir. Gəlirər, kadr yetişdirirsən, sonra xaricə qaçırlar, təhsillərini xaricdə davam etdirirlər. Deyirəm ki, qalın orada, bu da bizim xalqımızın, respublikamızın adıdır. Çətinlik olur, müvəqqətidir, gərək, dözəsən. Gənclərdə bir az sönüklük var”.
Faktinfo.az xəbər verir ki, bu sözləri Respublika Seysmoliji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA TV-yə müsahibəsində deyib.
“Çürük bir quruluş olsa da, Sovetlər quruluşu çox şeyi qadağan edirdi, amma təhsili, tərbiyə ideologiyası çox möhkəm idi. Cavan oğlanlar uzun saç saxlayırdılar. Şahidi olmuşam ki, həmin dövrdə polislər küçədə uzun saç saxlayanların saçını tutub qayçılayırdı. Amma indi internetdə nələr göstərirlər, çox əxlaqsız... Yeniyetmələr də baxırlar, narkotik aludəçisi olurlar, pozulurlar. Gərək, yeniyetməlik dövründə olarkən uşaqlara ciddi nəzarət edəsən. Kimlərlə oturub-durur, hara getdi, haradan gəldi... Başlı-başına buraxmaq olmaz. Cavan uşağa maşın alırlar. Sosial şəbəkələrdən, yeni telefonlardan istifadə etmirəm. Xəbərlərdə eşitdim ki, kimsə o qədər əməliyyatlar etdirib, bədəni çürüyür. Dəhşətdir. Gərək, belə şeylərə qadağa qoysunlar. Addımbaşı özəl klinakalardır. Ordan-burdan həkimlər gəlir, reklam verirlər. Elə bil ki, cavan qızları bir konveyer buraxır, hamısının sifəti bir-birinə oxşayır. Sonra da əzabını çəkir, xəstəliklərə düçar olurlar. Çünki reklamlar bunları aldadır, yoldan çıxarır”, - o deyib.
Q.Yetirmişli bildirib ki, indiki cavanların çoxu saqqal saxlayırlar: “Bunun əleyhinəyəm. Uzun saç saxlamaq, “bantik”lə bağlamaq... Belə şeyləri qəbul edə bilmirəm. Keçən gün biri televiziyaya çıxıb, müğənnidir. Şalvarının dizləri cırıq, bədəni açıq, hopbanıb düşür. Adını çəkmək istəmirəm. Dedim ki, daha o kanala müsahibə verməyəcəyəm. Müdriyyəti efirə belə şeyləri qoymasın. Gənclər də belə şeyləri götürürlər də. Bizim təşkilatda cırıq şalvar geyinməyə qadağa qoymuşam. Gedin baxın, hamısı ağ köynəkdə... Qışda da klassik şalvar, cırıq-cırıq yox. Demişəm ki, idarədən çıxandan sonra nə istəyirsiniz, geyinin. Deyə bilərsiniz ki, köhnə fikirliyəm, geridə qalmışam, amma bu, sizin tərbiyənizdə böyük rol oynayır”.
Bu xəbər üçün şərh yazın