Gigiyena və Epidemiologiya Mərkəzi:"Eyni əlamətlər infeksiyanın su ilə yoluxması haqqında fikir söyləməyə imkan verir”
“Bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların “ratovirus”la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yoluxması haqqında fikir söyləməyə imkan verir”.
Bu barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev deyib. Onun sözlərinə görə, supaylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərindən su nümunələri götürəcəklər:
“Sumqayıtda uşaqlar arasında kütləvi yoluxma halı baş verən ərazilərdə supaylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərindən su nümunələri götürüləcək. Hazırda əhali arasında sanitariya-müalicə tədbirləri həyata keçirilir, çiy sudan istifadə etməmək, meyvə-tərəvəzlərin çiy su ilə yuyulmaması, şəxsi gigiyena qaydalarına əməl olunması barədə sanitar-epidemik maarifləndirmə tədbirləri aparılır”.
İ.Abdullayev qeyd edib ki, hazırda suda heç bir problem yoxdur:
“Suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir. Amma problemin iyunun 7-də, 8-də, 9-da başladığı məlum deyil. Ola bilsin ki, qısa bir vaxtda problem olub”.
Nazirlik rəsmisinin bildirdiyinə görə, vəziyyətin nəzarətdə saxlanması üçün müayinələr qarşıdakı günlərdə davam etdiriləcək.
Bu xəbər üçün şərh yazın