Gizli arxivlər sirləri açır-

Gizli arxivlər sirləri açır- Rudolf İvanovun əsərləri Rusiya və Azərbaycan alimləri arasında körpü rolunu oynayır

Faktinfo.az Rudolf İvanovun axırıncı kitabı haqqında Akademik İsa Həbibbəylinin KİV-də dərc olunmuş yazısını oxuculara təqdim edir:

Rudolf İvanovun axırıncı kitabının qəhrəmanı Nəcəf Nərimanov 1940-cı ildə Kiyev Hərbi Məktəbini bitirib. 

Böyük Vətən müharibəsi dövründə Stalinqrad və Cənub cəbhələrində vuruşub. II qvardiya mexanikləşdirilmiş korpusun 58-ci əlahiddə qvardiya batalyonunda tank təmiri üzrə taqım komandiri olub.

Nəcəf Nərimanovun komandiri olduğu taqım bütövlükdə 105 maşına qulluq edib. Qvardiyada baş leytenant-texnik Nəcəf Nərimanov 1943-cü ilin sentyabr ayının 10-da Ukraynanın Volnovax şəhəri yaxınlığında qəhrəmancasına həlak olub.

8 mart 1944-cü il tarixli, № 161-li əmrlə ölümündən sonra, Nəcəf Nərimanov 1-ci dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilib. (Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin materiallarına əsasən).

Rudolf İvanovun XX əsrin əvvəllərində Rus ordusunda xidmət etmiş general Maqsud Əlixanovun həyatından, hərbi xidmət illərindən və zəngin publisistikasından bəhs edən “General Maqsud Əlixanov: şərəf və faciə” (2013-cü il) və “Dağıstan dağlarında” (2005-ci il) adlı oçerklərində Azərbaycan tarixinə dair son dərəcə maraqlı, zəngin materiallar öz əksini tapıb. Bununla yanaşı, Rudolf Nikolayeviçin elmi yaradıcılığında Azərbaycan mövzusu, tarixi hadisələrə geniş şəkildə yer verilib, hadisələrin daha qabarıq şəkildə təzahür etməsi qələmə alınıb.

O cümlədən,müəllif on ildən artıqdır ki, bir çox  tarixi hadisələrin iştirakçısı olmuş Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini araşdırır, həqiqəti əks etdirən dolğun məlumat və mətnlər üzərində çalışır. Bu səbəbdən Rudolf İvanov müasir dövr rus Azərbaycanşünaslığının ən görkəmli nümayəndələrindən hesab olunur.

Fikrimizcə, fədakar alim nümunəsi sayılmağa layiq professor Rudolf Nikolayeviç İvanovu Rusiya Azərbaycanşünaslıq elminin banisi hesab etmək olar. Onun elmi yaradıcılığının xarakterik xüsusiyyətləri nadir arxiv mənbələrindən daim istifadə etməklə bərabər, araşdırmalarının yekununda mütləq çoxluğun sezə bildiyi obyektivlikdir. Rudolf İvanovun arxiv mənbələrinə istinadı  kifayət qədər cəlbediciliyi və maraq dairəsində olması ilə də seçilir. Belə ki,Rusiya arxivlərinin fondlarında Azərbaycanda baş vermiş tarixi hadisələrə və ayrı-ayrı tarixi şəxsiyyətlərə aid qovluqların titul səhifələrində Rudolf İvanovun bu materiallara üz tutması barədə qeydlər yer alır.

Elmi ictimaiyyətə açıq olan sənədlərdən istifadə ilə yanaşı,Rudolf İvanovun tədqiqatlarında xüsusi icazə ilə verilən yüzlərlə siyasi,hərbi və tarixi sənədlərdən  də istifadə edilməsini müşahidə etmək,bunların elmi ictimaiyyətə çatdırılmasına əminlik mümkündü.

Eləcə də,Rudolf İvanovun tarixi şəxsiyyətlərə həsr olunmuş monoqrafiyaları çox mühüm, sanballı əsərlər kimi tanınmaqla bərabər, həm də etibarlı mənbə sayılır. Onun tədqiqatları tarixi salnamələr olaraq, istifadə zamanı faktoqrafik, statistik və bioqrafik materillar kimi böyük əhəmiyyət kəsb edir. Bu əsərlər yeni tədqiqat işlərinin aparılması üçün açıq arxiv rolunu oynayır.

Mübaliğəsiz demək olar ki, Azərbaycan və Rusiya arxivlərindən əldə olunmuş, Rudolf İvanovun yazdığı əsərlərin özülünü təşkil edən nadir tarixi sənədlər geniş ictimaiyyətin ixtiyarına verildi. Rudolf İvanovun qazandığı və gəldiyi nəticələrin miqyasına nəzər yetirib deyə bilərik ki, o, az qala bütöv bir elmi-tədqiqat institutunun işini görmüşdür.

Bu mənada Rudolf İvanovun əsərləri Rusiya arxivləri ilə Azərbaycan alimləri arasında salınmış möhkəm körpü rolunu oynayır. Uzun illərin elmi fəaliyyəti sayəsində qurulan bu körpü elmi əməkdaşlığa uğurla xidmət edir və Azərbaycan-Rusiya münasibətlərinin real tarixinin öyrənilməsi üçün etibarlı zəmin yaradır. “Əlahəzrətin general-adyutantı” (2006-2008-ci illər) monoqrafiyasında rus-yapon və Birinci Dünya müharibəsi cəbhələrində alay komandiri kimi döyüş yolu keçmiş əfsanəvi Qafqaz Atlı diviziyasının (“Vəhşi diviziya") əsasını qoymuş general-leytenant, general-adyutant Hüseynxan Naxçıvanskinin tərcümeyi-halı təsvir olunub.

Hüseynxan Naxçıvanskinin əyilməzliyini, sadiqliyini, ərliyini sübut edən canlı və konkret faktlar subuta yetirilib.

“Sovet İttifaqı naminə...” (2007, 2008, 2009-cu illər) monoqrafiyasını isə general Cəmşid Naxçıvanskinin şanlı və faciəvi taleyinin ədəbi-tarixi epopeyası adlandırsaq, səhv etmərik.

Nəhayət, “Kəlbəli xan Naxçıvanski, Zəmanəsi və İrsi” kitabı məşhur generallar sülaləsinə həsr olunmuş silsilənin axırıncı kitabıdır.

Bundan başqa, Rudolf İvanov “Təcavüz” kitabını yazıb (2009-cu il). Kitabda arxiv sənədlərinin dili ilə XX əsr Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda aparılmış repressiyanın tarixi dərslərindən söhbət açılır. Azərbaycana həsr edilmiş, tarixi və siyasi əhəmiyyətinə görə seçilən bu fundamental əsərdən sonra, yeni tədqiqatlara başlayan Rudolf İvanovun böyük siyasətçi və dövlət xadimi, görkəmli yazıçı Nəriman Nərimanov haqqında “Ölümcül toqquşma” adlı bir kitab yazması heç də təsadüfi sayıla bilməz.

Bizim fikrimizcə, bu kitab Azərbaycanda gedən hərbi-tarixi və siyasi proseslərin iki əsrlik tarixinin məntiqi sonluğudur. O, “Ölümcül toqquşma” kitabında Sovet hakimiyyəti dövründə Azərbaycan SSRİ XKS-nin Zaqafqaziya Federasiyası SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri işləmiş N.Nərimanovun (N.Nərimanov bütün bu vəzifələri tutan ilk şəxs idi) işlədiyi vəzifələrdəki fəaliyyətini və həyatının son illərini də qələmə alıb.

Məlum olduğu kimi, Azərbaycan sovet elmində həmin tarixi dövr haqqında çox yazılıb. O da həqiqətdir ki, təkcə N.Nərimanov barəsində deyil,Sovet dövlətində mühüm vəzifələr tutmuş bütün  siyasi xadimlərin fəaliyyəti haqqında həqiqətləri arxiv sənədlərinə əsaslanmadan geniş ictimaiyyətə çatdırmaq mümkün olmayıb.

Nəriman Nərimanov və onun müasirləri barədə Rusiyanın və Azərbaycanın arxivlərində qorunan sənədlərlə uzun illər ərzində yalnız “xüsusi icazə” ilə tanış olmaq mümkün idi.  Bu da tədqiqatçıların işini xeyli çətinləşdirirdi.

Akademik İsa Həbibbəyli,

AMEA-nın vitse-prezidenti,

Milli Məclisin deputatı

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi