“GÖMRÜKDƏ İNHİSARÇILIĞIN YENİ NÖVÜ TƏTBİQ EDİLİR” – Ekspertlər komitə sədrnin fikirlərini alt-üst etdi
“Bu inhisarçıları da ancaq komitə rəhbərliyi bilir”
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda inhisarçılıq olmadığını bəyan edib. Bu barədə o, dekabrın 27-də kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirib.
Komitə sədri bildirib ki, ölkədə inhisarçılığın olduğunu deyənlər fakt göstərsinlər: “Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Bu, mümkün olan şey deyil. Belə fakt varsa, birini göstərin”.
Səfər Mehdiyevin sözlərinə görə, Azərbaycanda lisenziyası tələb olunan mallar, aksiz markalanmalı mallar da daxil olmaqla və qanunvericiliyə uyğun olan istənilən məhsulu icazə lisenziyası ilə ölkəyə alıb gətirmək mümkündür. Banan və digər kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ümumiyyətlə sərbəstdir”.
Komitə sədri deyib ki, inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcək: “Gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil. Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Biz inhisarçılığı deyil, daxili bazarı qoruyuruq. Daxili bazarı və yerli istehsalı qorumaq məqsədi ilə hansısa xammalın rüsumlarını aşağı salırıqsa, bu da Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab Prezident tərəfindən verilib”.
İqtisadçı-alim, keçmiş deputat Nazim Bəydəmirli isə mediaya açıqlamasında Azərbaycanda inhisarçılığın yeni formasının tətbiq olunduğunu bildirib.
Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, xarici iqtisadi əlaqələrlə məşğul olan istənilən adi sahibkarın gətirdiyi malın ödədiyi vəsaiti bank hesabı ilə olsa da belə müvafiq komitə invoysları qəbul etmir: “Səbəb göstərirlər ki, bu, bazar qiymətindən aşağı olduğundan yeni invoys tətbiq edəcəklər. Digər inhisarçı şirkət malı neçəyə alsa da, hətta invoysları dəyişdirsə də, onunku “yaşıl xətt”lə keçir. Beləliklə, adi sahibkarın gətirdiyi maldan gömrük rüsumu və əlavə dəyər vergisi daha çox tutulur, inhisarçı şirkətlərdən isə əksinə, az alınır. Əslində, brokerlərin komitədən nümayişkəranə şəkildə kənarlaşdırılması inhisarçılığın bitməsi anlamına gəlmir. Bu mənada inhisarçılığın yeni növü tətbiq edilib”.
Nazim Bəydəmirli dediklərini isbatlamaq üçün misallar çəkərək bildirib ki, sahibkar Rusiyadan Azərbaycan üzərindən İrana taxta göndərir. Bir vaqon burda qeydiyyatdan keçməsi adi şirkətə 2500 dollara başa gəlirsə, inhisarçı şirkətə 1500 dollara başa gəlir.
Digər bir misal olaraq deyib ki, İrandan armatur idxal edən adi şirkətə, qonşu ölkədə yerli valyutanın devalvasiyasına görə mal dollar ekvalentində ucuz başa gəlir. Fiziki və hüquqi şəxs buna 370 dollar ödəyibsə, üstəlik 30-35 dollar nəqliyyat xərcləri çəkibsə, təxminən 410 dollara Azərbaycana çıxır. Amma gömrük rəsmiləşdirilməsi zamanı alış qiymətinə istinad edilmir və 500 dollardan qiymət qoyub süni qiymət artımı yaradırlar.
Daha bir misal kimi o, idxal olunan malın beynəlxalq kodunun olmasına, bu kodun invoys və bəyannamə sənədlərində necə olmasına baxmayaraq gömrük komitəsinin onu 5, 10, 15 faiz gömrük rüsumları ilə rəsmləşdirməsini həyata keçirdiyini deyib: “Sahibkar da heç nəyi sübut edə bilmir. Bəlli məsələdir ki, inhisarçı şirkət gömrük rüsumu olan malları 5 faiz, adi sahibkar ən yaxşı halda 10 faizə rəsmiləşdirəcək. Beləliklə bu yeni inhisarçılıq da belə həyata keçiriləcək. Bu inhisarçıları da ancaq komitə rəhbərliyi bilir. Sahibkar da onunla rəqabətdə olan şirkətin hansı rüsum ödədiyini öyrənə bilmir, çünki kommersiya sirri var deyib o məlumatları vermirlər”.
Sabiq deputat hesab edir ki, tam şəffaflığın yaradılması üçün Dövlət Gömrük Komitəsi ləğv olunmalıdır.
İqtisadçı Natiq Cəfərli müvafiq qanunvericiliyi xatırladaraq bildirib ki, hər hansı bir bazar seqmentində 30 faizdən yuxarı pay sahibi olan şirkət varsa, bu, artıq inhisarçı sayılır. Beləliklə, antiinhisar qanunvericiliyi həmin şirkətə tətbiq olunmalıdır : “Əgər hörmətli komitə sədri Mehdiyev bazarı araşdırsa, bəzi şirkətlərin hegemonluğunu görər. Məsələn, “Azərsun” şirkəti çay bazarının az qala 90 faizinə nəzarət edir ki, bu, inhisar deməkdir. Yaxud kərə yağı gətirən ticarət şirkətləri var, bunlar ən azı 40 faiz paya sahibdirlər. İmişli rayonundakı Şəkər Zavodu eyni qaydada inhisarçı sayılır. İnhisarçılıq o demək deyil ki, sərhəddə hər hansı formada əlisilahlı adamlar dayanıb mal gətirən sıravi sahibkara imkan vermir. İnhisarçılıq bazar payı ilə ölçülür və rəsmi məlumatlarda da hansı şirkətlərin hansı paya malik olması öz təsdiqini tapır”.
Natiq Cəfərli təklif edib ki, Səfər Mehdiyev inhisarçı axtarırsa, komitənin Analitik Şöbəsinə tapşırıq versin, qoy, bu qurum bazar araşdırması aparsın ki, ölkəyə gətirilən məhsulun növləri üzrə hansı şirkətlər neçə faizlik paya sahibdirlər: “Bundan sonra siyahını götürüb inhisarçıların adlarını tapa bilər. Qeyri-rəsmi yol da var. Daha çox misallardan biri bananla bağlıdır. Araşdırsalar bu malı nə qədər şirkət gətirir. Yəni məhsul növləri və ayrı-ayrı seqmentlər üzrə çox asanlıqla komitənin rəqəmləri əsasında inhisarçıların kimlərdən ibarət olduğunu müəyyənləşdirə bilərlər”.
Bu xəbər üçün şərh yazın