GÜLNARƏ CƏMALƏDDİNİN KÖNÜLLƏRƏ HAKİM SÖZÜ

GÜLNARƏ CƏMALƏDDİNİN KÖNÜLLƏRƏ HAKİM SÖZÜ 

Söz də sərvətdir.

Dəyərini bütün zamanlarda qoruyub saxlayan, nəsilbənəsil zəngiləşdirən, çəkisini və sambalını qat-qat artıran sərvət. Üzü klassiklərdən ta müasir dövrümüzədək söz qazandığı hörməti, qədir qiymətini saxaya bilib. Təbii ki, sevilən, şüurlara hakim kəsilən söz. Yaddaşlara ömürlük həkk olan, gecəli-gündüzlü səni arxasınca dartıb aparan söz. İllah da bu söz insanın daxili dünyasıda olan gizlinləri oyada, yuxulu dünyanı ayılda. O zaman söz söz olaraq əbədi yaşamaq haqqı qazanır, üstündə tufanlar qopsa, bədxahların gözünə ox olsa belə sevilir, oxunur və müəllifinə böyük və heç nə ilə ölçülməyən sayqı və məhəbbət qazandırır.

Bu fikirlər Gülnarə Cəmaləddinin sosial şəbəkələrdə yayılan və mənim əlimdə, həm də stolüstü kitabım olan “Qəhvə rəngi” kitabını oxuyandan sonra yaranıb. Sözün sehri həqiqi mənada məni bu xanımın yaradıcılığına bağlayıb. Ara-sıra sosial şəbəkələrdə şerlərinə fikir bildirib yaradıcılığına olan səmimi hisslərimi ifadə etməyə çalışmışam. Amma bu qısa fikirlər bir də baxıb görmüşəm kü, balaca bir ürəyə dünya boyda sevgi yerləşdirən Gülnarə xanım üçün mən tərəfdən ədalətsizlikdir. Elə bu səbəbdən, həm də sözünün işığında dünənimi, bu günümü, sevgimi, həsrətimi, kədər və acımı gördüyüm Gülnarə 

Cəmaləddin yaradıcılığı haqqında düşündüklərimi bir az geniş formada demək istədim. Nə dərəcə də nail olacam bilmirəm, amma, bu addımı ağıllı və məntiqli sözün divanəsi, sözün misralarda dünya yaratdığını dərk edən insan kimi deməyi boynumun haqqı bildim. Yenidən həmin kitabı vərəqləyirəm. Fəlsəfi dəyərin, az sözlə böyük məna ifadə etməyin, çevrərəyə özünə məxsus, həm də düşünərək baxmağın tilsiminə yenidən düşürəm. Azadlığa öz baxışı olan şairə xanımın dediyi hər kəlmə məna yükü ilə yüklənir beynimə. Burda müqayisə olduqca cadə, lakin olduqca da məntiqlidir.

Azadlıq! Nə biçim şey bu?!

bir içim su.

Dəxi içmək nə çətin, ya Rəbb!

Nə çətin şey.

İçdikcə içilməz.

Bu azadlığın dəyər və mahiyyətidir. Şairin söz dünyasından süzülüb gələn misralarda bir içim su qədər yaxın olan azadlığın qan qoxusu, mavi dumana bükülüb keçilməz, durulduqca bal kimi olması, içildikcə zəhər tək acılığı o qədər səmimi deyilib ki, bunu hər kəs asanlıqla, ruhunun süzgəcindən keçirib yaddaşına yaza bilər. Gülnarə Cəmaləddinin yaradıcılığında Vətən sevgisi də təbiidir və duyumla deyim arasında isti bir sevgi var. Duyduğunu elə deyir ki, söz gözündə daha da müqəddəsləşir. Yəni, Günarənin ruhundan qopan söz ruhları silkələyir.

“Bu ocaq” şerində isə nisgil qarışıq məhəbbət döyür adamın könül qapısını.

Bu ocaqda əlim daha isinməz,

Kül olası baxtımmıdı bu ocaq ?!

Səngiyəndə qar üzünə bələnən,

Çevriləsi taxdımmıdımı bu ocaq?”

Baxtın kül olması, səngiyəndə qara bənzər külə dönməsi və bu paraleldə ocaqda daha əlin isinməməsi və ya çevriləsi taxta bənzədilməsi əslində inqilabdır. Ocağa, yurda məhəbbətlə yoğrulan, məhəbbətin hasil olmadğ anların üsyanıdır. Şair sonunda dedikləri ilə əslində mövzuya öz möhrünü vurur.

Keçir məni ağrıların gözündən,

Dərdlərimi daşa desəm daş ağlar!

Bu dünyanın ocaq daşı satılıb,

Bağla daha ürəyinə daş, ağla!

Ağrıların gözündən keçən, dərdlərini dediyi daş ağlayan ocaq, indi hardasan harayı bütün qəlbləri silkələyir. Və bilirik ki, axtardığımız ocağın daşı belə satılıb. Elə bu üzdən də ürəyimizə daş bağlayıb ağlamalıyıq. Yaxın illərin ən acı həqiqətini bu misralarla tarix edib Gülnarə xanım. Bilinən tarixin acı səhifələrinə bir şair duyumundan yaranan həqiqət qatıb.

Kitabda oxunan, oxunduqca düşüncələrlə baş-başa qaldığım şerlər çoxdu. Bu çoxluqda dünənimi yaşadan, elə bil bilərəkdən məni və ya mənləri yazdığı bir şerdən də demək istəyirəm. “ Sən elə oynayırsan” adlı şer bir ruh dünyasıdı sanki. Oynayan adam, sən elə oyna ki, boyundan yuxarı olmasın oynamağın. Elə boyun boyda oyna.

Sən elə oynayırsan,

Dərdi, qəmi yox kimi.

Oyna başına dönüm

Gözü, könlü tox kimi

Başına dönüm, oyna,

Oyna, doyunca oyna.

Boynundan yuxarı yox,

Oyna boyunca, oyna.

Bu nə havadı belə,

Səni başdan elədi.

Üzünü gör görmüşün

İşi başdan delədi.

Oyna, başına dönüm,

Nə göyçək oynayırsan.

Ya sən dəli olubsan,

Ya gerçək oynayırsan.

Çox böyük məna yatır bu misraların altında. Daha doğrusu bu mənalar bir şair ürəyinin fəryadı, harayıdı. Sadəcə elə oynayaq, elə düşünüb danışaq ki, boyumuzdan yuxarı olmasın. Eyhamlar nə sərrastdır, İlahi. Baxın, Gülnarə Cəmaləddin yaradıcılığının dühasına və böyüklüyünə. Bunu hamımız düşünə bilərik. Amma etiraf edək ki, hamımız düşündüyümüzü bu cür ifadə edə bilmərik. Deyə bildiyi, qəlblərə hakim kəsildiyi üçün Gülnarə xanım özünü təsdiq zirvəsindədir. Onun zirvə ömrü isə hələ çox şer divanələrinin ömünə işıq paylayacaq, könüllərini ovsunlayacaq və bu misraları yaradanı zirvədən-zirvəyə aparacaqdı.

Həmişə dünya gözəl dünyadı deyiblər və ya özümüz də belə demişik. Amma gözəlliyi gözdən salmağa çalışmaq əslində xəbislik, xəyanət və ən azı insafsızlıqdı. Gözəllik öz üzünə, öz sözünə qalsa həmişə könüllərin şahı olar. Gülnarə xanımın dediyi kimi yalan başa keçməsə, düz düzdə qalmasa, saflığı ilə həyat verən su dibə çəkilib lim üzə çıxmasa dünya gözəl dünya kimi qalardı dünyaya baxanların gözündə.

Dünya gözəl idi üzünə qalsa,

Dünya nağıl idi sözünə qalsa,

Onunla dost idim, düzünə qalsa,

Adamlar dünyanı saldı gözümdən.

Yalan başa keçdi, düz düzdə qaldı,

Su dibə çəkildi, lim üzdə qaldı,

Yaxşı nə gördümsə o üzdə qaldı,

Adamlar dünyanı saldı gözümdən.

Hər şeyin yaxşısın bilirdim onda,

Ağrıya, acıya dözürdüm onda,

Ölürdüm dərdindən, ölürdüm onda,

Adamlar dünyanı saldı gözümdən.

Gülnarə Cəmaləddinin bütün şerləri məna tutumuna, fəlsəfi yükünə, fikrin obrazlı və ictinmai auditoriyaya çatırılmasına görə fərqlidir, sadədir, sadə olduğu qədər də ürəyə yatandır. Onu yaradıcılığı tək bir istiqamətdə görünmür. Vətən, ana, təbiət, insani hisslərin ilahiliyi, sevgi ruhlu şerləri oxunaqlıdır, seviləndir. “Bir ovuc torpaq”, “Üzü atama yazılan şerlər” və “Mənə yalan danış” bölmələrində toplanan şerlər bir-birindən gözəl, sadə və ürəklərə yol tapandır. “İnanma mən sənə dönəm təzədən” şerində saflğı ilə sevgi dünyasına inanan bir insanın aldadılan obrazı canlanır göz önündə. Özü də çox təbii və inandırıcı təqdim olunur bu insan.

Çevirmə adətə göz yaşlarını,

Ağlama könlümü ovutmaq üçün.

Min dona, min cildə salma özünü,

Yenidən ömrümə qayıtmaq üçün.

Şer o zaman sevilən olur ki, şairin ürək döyüntüləri olan misralar tək özünü deyil cəmiyyəti ifadə edir və oxuyan hər kəs yazılan poetik yaradıcılıqda özünü görür. Baxın, biz də olsaq saxta sevgidən sızlayaraq belə deyərdik. Təbii deyə bilsəydik...

Ayrıldıq üz-üzə, səssiz-səmirsiz,

Yolun başında sən, ayağında mən.

Yeriş öyrənirəm yerimək üçün,

İnanma mən sənə dönəm təzədən.

Gülnarə Cəmaləddin Azərbaycanın ən dilbər guşəsində, dinin, imanın halallığını saxladığı Yardımlı rayonunda doğulub. Qol-qola çatılan dağların ətəyində, bütün obanın Dədə Qurban dediyi müdrik bir insanın ocağında, bu nurani kişinin nəsihəti, tərbiyəsi ilə böyüyüb. Dədə Qurban bulağından su içib, paklaşıb, durulub, suların şırıltısında, çiçəklərin pıçıltısında, quşların cəh-cəhində addım-addım üzü gələcəyə yol alıb. Böyüdükcə içində aşıb-daşan sözlərin harayını eşidib. Bəzən heç dinləmək istəməyib bu harayı. Amma illər Gülnarənin ömründə tarixə çevrildikcə o, bu haraya boyun əymək, içinin söz yükünü çevrəsi ilə paylaşmaq məcburiyyətində qalıb və bunları geniş auditoriyaya çatdırmaq istəyib. Və beləcə günlərin birində daxili dünyasından qopan misraları qələmə alıb, söz səltənətində ilk addımlarını atıb. 

Bu ağrılı, daşlı-kəsəkli yolda isə Gülnarə xanımın qolundan ustad şairimiz Sabir Sarvan tutub. O Sabir Sarvan ki, qəlbində istedada həmişə sevgi, əməllərində onlara qayğı olub. Gülnarənin ömür salnaməsinin ən dəyərli illəri də məhz bu insanla işlədiyi, təzəcə yazdığı şerlərin birgə müzakirəsi zamanı yazılıb. Sədaqət, səmimiyyət, əsil insani hisslərlə şair yaddaşına yazılanlar isə heç vaxt unudulmur, zaman-zaman xatırlanır, xoş duyğularla yad edilir.

Gülnarə Cəmaləddinin kövrək addımları zaman keçdikcə püxtələşib, püxtələşdikcə mətinləşib, şer dünyasına yeni nəfəs gətirib və bu dünyada öz dəst-xəttini, izini qoyub. İndi o, sevilir, çünki oxunur. Oxunan, sevilən hər kəs də yazmağa, yaratmağa daha haqlı olur.

Sözü sərvət bilib söz dünyasında sevilənlər təbii hamı tərəfindən bir mənalı qarşılanmır. Ona daş atanlar, hər misrasında qüsur tapmağa çalışanlar çox olur. Bir şair qəlbini bulandırmaq, ilhamınının qabağına daş dığırlamaq istəyənlər hardan biləydilər istedad qaynayan və çağlayan bulaqdır. Ha qabağını almağa cəhd eləsən də o dönüb başqa yerdən çıxacaq. Necə ki, Dədə Qurban bulağı əsrlərin o tayından üzü bəri çağlayır, elin obanın imdadına yetir. Həmin bulaqdan su içən xanım şairimizin də istedadı çağladıqca çağlayacaq və minləri, milyonları öz sehri ilə ovsunlayacaq, poeziya atəşi ilə qovrulanların məlhəminə çevriləcək.

Qalib RƏHİMLİ

GÜLNARƏ CƏMALƏDDİNİN KÖNÜLLƏRƏ HAKİM SÖZÜ
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi