Hansı jurnalistlərə ev veriləcək? - Əflatun Amaşovla müsahibə
Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov AzVision.az-ın suallarını cavablandırıb. Ə.Amaşov müsahibədə mətbuatın hazırki durumu, jurnalistlərin ev problemi və bu kimi vacib məqamlardan söz açıb.
Müsahibənin tam variantı ilə videoda tanış ola bilərsiniz:
-Əflatun müəllim, Azərbaycan mətbuatının xəbər siyasəti sizi qane edirmi?
-Azərbaycanda inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən mətbuat vasitələrinə bərabər media mövcuddur. Mətbuat Şurasının sədri olaraq onların adlarını çəkmək istəmirəm. Ölkə daxilində baş verən olaylar Azərbaycan mətbuatında öz əksini tapır. Bu, müxtəlifyönlü mətbuat vasitələri də ola bilər. Hər mətbuat vasitəsindən hadisəni istədiyin tərzdə işıqlandırmasını tələb edə bilmərsən. Çünki Azərbaycanda media rəngarəngdir.
Azərbaycan mətbuatının informasiya siyasətindən razıyam. Ölkədə baş verən proseslər kifayət qədər obyektiv işıqlandırılır və operativ şəkildə ölkə ictimaiyyətinə çatdırılır. Artıq Azərbaycan mətbuatı siyasi yönümdən asılı olmayaraq ölkənin müsbət imici naminə ümummilli məsələlərdə vahid mövqeydən çıxışı edir.
-Gün ərzində hansı saytları izləyirsiniz? Gənc jurnalistlərdən kimlərin imzasını tanıyırsız?
-Azərbaycan mətbuatında xanımlar çoxluq təşkil edir. Əsasən siyasi yönlü yazılarda daha çox xanımlar olur. Azərbaycan mətbuatına çox güclü bir gənclik gəlir. Əminəm ki, həmin gənclik özünün istedadı, hayata baxışı və informasiya zövqü ilə yaşlı nəsli yaxın gələcəkdə üstələyəcək. Bu daha çox internet üzərindən yayımlanan media vasitələrində hiss olunur.
-Bir neçə dəfə Milli Məclisdə xəbər saytlarına dövlət tərəfindən maliyyə yardımının ayrılması ilə bağlı təklif irəli sürmüşdünüz. Hazırda məsələ nə yerdədir?
-Onlayn jurnalistika yeni yaranıb. Reklamları olsa da, sayı azdır. Fəaliyyətini düzgün qurması üçün, heç bir məmurdan, dövlət və ictimai qurumdan, xarici təşkilatlardan asılı olmaması üçün onlayn media özünün maliyyə mənbəyinə malik olmalıdır. Belə şəraitdə reklam yoxdursa, onun maliyyə mənbəyi dövlət olmalıdır. Çünki başqa dövlətin maliyyəsi ilə özünə xəbər portalı yaradanlar, istər-istəməz həmin dövlətin maraqlarına xidmət etmiş olacaq. Hansısa məmurun dəstəyi ilə öz fəaliyyətini quracaqsa, həmin məmuru müdafiə edəcək və birlikdə onun düşmənlərinə qarşı mübarizə aparacaq. Düşünürəm ki, ölkədə ictimai fikirə təsir göstərmək iqtidarında olan ən yaxşı xəbər portallarını da maliyyələşdirmək lazımdır. İnanıram ki, yaxın vaxtlarda internet media da klassik mətbuat vasitələri kimi dövlət büdcəsi tərəfindən maliyyələşəcək.
-MTN olayında reket jurnalistika məsələsi gündəmə gəldi. Hazırda reket qəzetlər və saytlar varmı? Onların qarşısı almaq mümkündürmü?
-Həmin olayda bir sıra KİV-lərin adı hallandı. Hazırda bununla bağlı araşdırma gedir. Əminəm ki, hüquq-mühafizə orqanları bunu obyektiv araşdıracaq, ölkə ictimaiyyətinə dəqiq məlumat veriləcək. Bu, bizim üçün çox önəmlidir.
Azərbaycanda və dünyanın müxtəlif yerlərində reket jurnalistika deyilən anlayış var. Bu gün Azərbaycanda reket jurnalistika çox deyil. Bunun da obyektiv və subyektiv səbəbləri var. İlk növbədə Azərbaycanın Kütləvi İnformasiya Vasitələri (KİV) özlərini cəmiyyətə yetərincə tanıtmayıblar. Bir çox insanlar həqiqi mətbuat nümunələrini reket jurnalistikadan seçmir. Ona görə də bu məsələdə onların “tilovuna” düşürlər. Bunlar daha çox müəllimlər, həkimlər, iş adamlarıdır. Başqa sahələrdə uğur əldə etməyən şəxslər reket mediada cəmləşirlər. Bunlar “işgüzar” insanlardır. Harada olsalar, bu işi görməlidirlər. Baxırlar media bazarında sakitlik var və bu bazara daxil olurlar. Özləri üçün bir xəbər portalı yaradır və baxırlar kimlərə necə reaksiya vermək olar. Onlar müxtəlif insanların haqqında məlumatlar yayır, qorxutmaq və şantaj yolu ilə pul əldə edirdilər. Onlar daha çox ünvansız saytlardan istifadə edirlər. Xəbər portalı yaradırlar və heç bir ünvan göstərmirlər. Kimlərinsə haqqında böhtan xarakterli materiallar yayırlar.
Reketçilik jurnalistikanın problemi olduğu kimi cəmiyyətin, ayrı-ayrı hüquq-mühafizə orqanlarının da problemidir. Bu, Mətbuat Şurasını narahat edir. Mətbuat Şurasında müxtəlif komissiyalar var və onlardan biri də Reketçiliyə qarşı Mübarizə Komissiyasıdır. Biz bu komissiyanın fəaliyyətini genişləndirmək üçün qərar qəbul etmişik. Media rəhbərlərini ora dəvət etmişik. Eyni zamanda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrini də ora dəvət edəcəyik. Elə məqamlar ola bilər ki, həmin məsələnin müzakirəsində ikitərəfli münasibət lazım olsun.
Biz jurnalistikanı ittiham etməyək ki, rüşvət almısan. Rüşvət alan tərəf nə qədər cinayətkar hesab olunursa, rüşvət verən tərəf də o qədər cinayətkardır.
-Əflatun müəllim, jurnalistlərin binası nə vaxt təhvil veriləcək?
-Yaya qədər tikinti başa çatsa, Milli Mətbuat Günündə jurnalistlərimiz yeni mənzillə təmin oluna biləcək. Bu təminat dünyanın heç bir yerində rast gəlinmir. Azərbaycan yeganə ölkədir ki, jurnalistlər üçün 156 mənzilli bina tikildi və təmənnasız olaraq jurnalistikanın inkişafında xidmətləri olan media nümayəndələrinə verildi. Evlər hazır olandan sonra jurnalistlərə təhvil veriləcək.
256 mənzildən ibarət binada son tamamlanma işləri aparılır. Yəqin ki, 256 jurnalist ailəsi sevinəcək. Bununla bağlı Mətbuat Şurasına müraciətlər daxil olur. Ötən dəfə bütün məktubları topladıq və onların əsasında siyahı tərtib edib müvafiq qurumlara göndərdik. Bizə gələn məktubları yenə toplayırıq və həmin məktubları siyahı əsasında müvafiq quruma təqdim edəcəyik. İstəyirik ki, mənzillər ünvanlarına düzgün çatdırılsın. Yəni jurnalistika sahəsində fəaliyyət göstərən insanlara verilsin. Məqsədimiz odur ki, hər şey şəffaf olsun və heç kimin hüququ tapdanmasın.
Bu xəbər üçün şərh yazın