“Hər şeyə səbəb olan Əli Abbasov çöldə, biz isə içərdəyik”

“Hər şeyə səbəb olan Əli Abbasov çöldə, biz isə içərdəyik” 

"RABİTƏ İŞİ"ndə SON SÖZLƏRRabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib.

 “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov son sözündə bildirib ki, hələ də nəyə görə həbsdə olduğunu anlamır: “Verilən ittihamların heç birini qəbul etmirəm. Mən özəl bir təşkilatın rəhbəriyəm. Özüm özümə verdiyim suallardan belə başa düşürəm ki, bəlkə başıma gələnlər öz xalqıma yaxşılıq etdiyim və xeyirxah işlər gördüyüm üçündür? Azərbaycanda optik kabel olmadığı üçün onun nə olduğunu bilmirdilər. 1993-cü ildə mən və başqa 4 nəfər bu kabellə bağlı ətraflı məlumat almaq üçün Türkiyəyə göndərildik. Orada optik kabelin calanmasını və fəaliyyətini tək mən öyrənə bildim. Azərbaycandan Türkiyəyə oxumağa göndərilənlər içərisində Türkiyə sertifikatını ilk dəfə mən almışam. Həmin zamandan bu günədək Azərbaycanda çox geniş fəaliyyətlərim oldu. Bu dövr ərzində rabitə sahəsində gördüyüm işlərə görə Tərəqqi medalı ilə təltif edildim. Amma Rabitə Nazirliyində son dövrlərdə yaxşı işləyənlərin nüfuzu qalmadı. Buna səbəb olan Əli Abbasov özü çöldə, azadlıqdadır. Biz isə barmaqlıqlar arxasında qalmışıq”.

 

Namazalı Məmmədov bildirib ki,  atla, eşşəklə kənd ATS-lərinə gedib və orada işləyiblər:

 

“Bunu ancaq rabitədə işləyənlər bilər. Universitetdən gəlmiş müəllim rabitəçinin qədrini nə biləcək ki? İndi də bizi burada qoyub özü kresloda oturur. Mənim onunla bir əlaqəm yoxdur. Bir rabitəçi kimi deyirəm ki, mən nüfuzumu və rabitəçiliyimi qoruyub saxlamışam. Əli müəllimdən də onu kirlətməyini gözləməzdim. Qazandıqlarımı tək yesəydim, mənim də başımın altında nağd şəkildə pulum və işləyən obyektlərim olardı. Xahiş edirəm dediklərimi ciddiyə alasınız və ədalətdi qərar verəsiniz. Rabitə Nazirliyinin indiki rəhbərliyinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlar sağ olsunlar ki, Əli Abbasovun yerə vurduğu  rabitəçi kimi nüfuzumu çox yüksəklərə qaldırdılar. Onların mənə verdiyi məktubu siz nəzərə almasanız da, o məktub mənim üçün azadlıq deməkdir. Azərbaycan Respublikasının qanunlarında əgər zərərçəkmişin sənə qarşı heç bir iddiası yoxdursa və hərəkətində ictimaiyyətə zəruri zərərin yoxdursa səni həbsdə saxlamırlar. Yəqin ki, kiminsə balışının altında varı mülkü var. Verib canını qurtarır. Kimin yoxdursa , bizim kimi barmaqlar arxasında çürüyür. Mən bilsəydim ki, mənim elədiyim yaxşılıqlar nəzərə alınmayacaq, pulumu yığardım yastığımın altına. İndi də 70-ci maddənin nəticəsini gözləyərdim”.

 

 

Daha sonra BTRİB-in baş mühasibi Anar Mustafayev söz deyib. O bildirib ki, verilən ittihamlar əsassızdır: "Maliyyə Nazirliyinin mütəxəssisləri yanlış araşdırma aparaq hesablamalarda səhv edib. Elə bir qurum varmı ki, mənfəətsiz işləsin? Onların hesablamalarına görə biz ancaq borca işləmişik. Biz dəfələrlə vəsatət verdik ki, Maliyyə Nazirliyinin mütəxəssisləri məhkəməyə dəvət edilsin və biz  suallarımız onlara verək. Biz qiymətlərdə çox az məbləğə işləmişik. Namazalı müəllim şahiddir, soruşa bilərsiniz".

 

 

Anar Mustafev zalda olan jurnalistlərə müraciət edərək bu hissəni ictimaiyyətə çatmasını istəyib: "Bizə işləri götürmək üçün pul ayrılırdı. Maliyyə Nazirliyinə mən gedirdim. İstintaqda bu işləri 27 əmsalla qiymətləndiriblər. O vaxt bizə bu işləri görmək üçün 16 əmsalla verirdilər. Biz onlara deyirdik ki, 16 əmsalla mümkün deyil. Ondan sonra 17 əmsalla verdilər. Yenə sərf eləmirdi. Geri qaytardıq. Sonra zəng edib 21 əmsalla verdilər.  Bizə verilən ittihamlar əslində Maliyyə Nazirliyinə verilməlidir. Onlar tərəfindən aparılan yoxlamalar yalnız formal olub".

 

Sonda Anar Mustafayev barəsində bəraət hökmünün çıxarılması istəyib: "Burdada olmasa mən nə vaxtsa bəraət alacam. Ən sonda rəhbərlərim Beytulla, Vidadi, Məhəmməd müəllimdən elədikləri üçün halallıq istəyirəm. Haqqınızı halal edin".

 

Proses davam edir.(lent.az)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi