Hərbi prokurordan Elmar Vəliyevə sui-qəsdlə bağlı qəribə açıqlama: "Yunis Səfərov ermənidir, Rusiya xüsusi xidmət oqranlarına işləyib"
Baş Prokurorun müavini, Hərbi prokror Xanlar Vəliyev qardaşı Elmar Vəliyevə qarşı sui-qəsd barədə danışıb.
Faktinfo.az Bizimyol.info-ya istinadən xəbər verir ki, o, qardaşının səhhətinin yaxşı olduğunu, İsrailə aparılması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını deyib:
“Harda olmasının fərqi yoxdu, əsas odur ki, yaxşıdır. İnşalah, daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlət məmuru kimi çalışıb və dövlətinə sədaqətlə xidmət edib. Onun bütün xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri sırasındadır. Sözsüz ki, bu, ölkə prezidentinin də diqqəti, qayğısıdır. Hər kəs Allahı ilə işini görsün! Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir.”
Hərbi prokuror daha sonra qeyd edib ki, Elmar Vəliyevə sui-qəsd radikal dinçilərin işidir:
“O adamın özü, anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s. insani emosiyalardır, bu, mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya vurasan, döyəsən… Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız Quranı başdan ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt mövhumatçı olmamışıq. Həmişə də bizə deyib ki, Allaha inanın, dinə inanın”.
X.Vəliyev sonda qeyd edib: “Bir daha deyirəm, Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Onun haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə müəyyən müalicə prosesləri, reabilitasiyalar keçməlidir. O da yavaş-yavaş aparılır. Daha da yaxşı olacaq”.
Xatırladaq ki, bu gün Baş Prokurorluq və DİN məlum hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir:
“… Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.
2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün «Kapitalbank»ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək «Makarov» markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralyıb hadisə yerindən qaçmışdır”.
Qeyd edək ki, Hərbi prokuror Xanlar Vəliyevin mətbuata dedikləri, rəsmi açıqlama ilə ziddiyət təşkil edir.
Bu xəbər üçün şərh yazın