Heydərovdan şok iddialar: AAAF-dan hansı məmurlar pay alıb?
Azərbaycanda tanınmış iş adamı, ölkənin ən böyük tikinti şirkətlərindən biri olan AAAF İnşaat MMC-nin rəhbəri Tofiq Heydərov çox ilginc açıqlamalarla çıxış edib.
Özünün sosial şəbəkə hesabında yaydığı açıqlamada iş adamı bildirir ki, təsis etdiyi şirkətlər indiyədək Azərbaycanın regionlanlarında idman və digər sahələrin inkişafına 500 milyon manatdan artıq sərmayə cəlb edib:
“On minlərlə iş yerlərinin açılması, idmanda qazanılan uğurlar və dövlət büdcəsinə külli-miqdarda ödənilən vəsaitlər bizim işlərin uğurlu alınmasından xəbər verir. Bu uğurlar heç də hər zaman asan başa gəlmir. Bəzən qarşılaşdığımız problemlər həllini tapmayanda yeni layihələrin ərsəyə gəlməsi sual altında qalır və biznesin inkişafına böyük zərbələr dəyir”.
Təsis etdiyi şirkətlərdən biri olan AAAF İnşaat MMC-nin qarşılaşdığı problemləri yazan T.Heydərovun bildirdiyinə görə, AAAF İnşaat MMC regionlarda inşa etdiyi idman zallarından başqa əsasən Xırdalan şəhərində 4 böyük layihənin inşasına başlayıb: “AAAF park” (519 000m2), AAAF tələbə şəhərciyi (280 000 m2), Abşeron city (65 800 m2) və AAAF (Bakı -Sumqayıt şossesi. 94 000 m2)”.
İki məmur özəl şirkətdə necə payçı olub?
T.Heydərov AAAF İnşaat MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yüksək vəzifəli şəxsinin, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin böyük təzyiqləri ilə üzləşdiyini qeyd edir: “AAAF İnşaat MMC-yə qarşı yaradılan süni maneələr bütün qurumlar tərəfindən olsa da, bu gün əsas Abşeron İcra Hakimiyyəti və Dövlət Vergi Xidmətinin istintaq idarəsi haqqında yazacam: Xırdalanda AAAF park layihəsindən başqa, digər üç layihə Abşeron İcra Hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcova, Vergi İstintaq İdarəsinin əməkdaşı Pərvin Əliyevə və digər şəxsə məxsus olan layihələrdir. Dəfələrlə müraciət etməyimə əhəmiyyət verməyən bu insanlar özlərini Firon kimi aparmağa davam edirlər. Borclarını ödəmək əvəzinə, hər zaman tutduqları mövqedən istifadə etməklə məni belə borclu çıxarmağı bacarırlar.
Şirkətlərimizə 2012-ci ildən başlayaraq əsassız müdaxilələr sayəsində AAAF İnşaat MMC-nin 50 faiz təsisçi payı və direktor vəzifəsi vergi istintaq idarəsinin əməkdaşı olan Pərvin Əliyevə verilib. Bu gün bu layihələrdən yaranan külli miqdarda vergi və digər borclar ödənilmədiyindən MMC çıxılmaz bir vəziyyətə düşüb. 8 ildir ki, MMC-nin hesabları bağlıdır və öhdəliyində isə minlərlə ailənin mənzillərinin təhvil verilməsi kimi böyük çətinlikləri var.
Bundan başqa, AAAF İnşaat MMC tərəfindən razılaşdırılmış qaydada tikilən mənzillərin müəyyən hissəsi mənzil fonduna verilmişdir. Əlavə olaraq isə zirzəmi və mansard mərtəbələrin idmançılara və idmana xərclənməsi tikintinin böyük sahəsini təşkil etmişdir. Bu sahələrin vergi borclarının ödənilməsinin bizə yüklənilməsi ədalətsizlikdir. İcra hakimiyyətindən mənzil fonduna verilən evlər barədə arayış verilsə də, vergilərdən bu borcların yalnız bir qismi silinmişdir”.
İradə Gülməmmədova “Gənclər Şəhərciyi”nə niyə mane oldu?
T.Heydərov Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın şirkətə yaratdığı problemləri də qeyd edib: “Ən acınacaqlısı “Gənclər Şəhərciyi” layihəsidir ki, on milyonlarla vəsait xərclədiyimiz halda tikinti əsassız olaraq hörmətli İradə xanım tərəfindən dayandırılmışdı. Mənə ən çox təsir edən odur ki, biz bu layihəni Cənab Prezident İlham Əliyevin sahibkalara müraciətindən sonra başlamışdıq. O zaman vəziyyət yaxşı deyildi, bütün təşkilatlara vətəndaşların işlə təmin olması tapşırığı verilmişdi. Biz də dövlətimizə dəstək olaraq iş adamlarını cəlb edib gözəl layihələrə start vermişdik. Amma bütün sənədlər qaydasında olduğu halda, belə addımın atılması xainlikdən başqa bir şey deyil”.
İş adamı AAAF Park sakinlərinə də müraciət edib: “Əziz AAAF Park sakinləri, biz düşdüyümüz bu vəziyyətlərə görə sizlərin haqqına girmək məcburiyyətində qalmışıq. İnşa edilən binaların əksər hissəsini başqaları inşa etsə də, problemlərin həlli hər zaman mənim üzərimə qalıbdır. Digər layihələrdə hər bir binanı inşa edən şəxs artıq öz adına inşa edir və bizə qarşı heç bir problem də yaranmır. AAAF Park ərazisi o zaman ABB-də olduğu üçün bütün işlər bizim adımıza görülüb. Bizim işimiz idman kompleksləri inşa etməkdir. AAAF Park müasir bir idman kompleksidir, 8 hektar ərazidə hər şey idman üçün qurulmuşdu. Bu gün artıq burada idmandan əsər-əlamət qalmayıb. Parkın içində şərab evləri belə açılıb.
Dünən yenidən bir neçə sakinimiz yeni təyin olunmuş icra başçısına məndən şikayət ediblər. Abdin müəllim idmanı çox gözəl bilən rəhbərdi, mən inanıram ki, tez bir zamanda AAAf parkın yenidən ən gözəl bir məkana çevrilməyində bizə köməklik göstərəcək.
2013 və 2017-ci illərdə iki dəfə sosial şəbəkələrdə mənim həbs olunmağım barədə yalan informasiyalar yayıldı. AAAF -ı çökdürmək və ələ keçirmək istəyənlər buna nail ola bilməsələr də, minlərlə sakinləri evlərini qaytarmağa, kreditlərini ödəməməyə və ən əsası isə tikintilərin yubanmağına səbəb ola bildilər. Bu günədək 70 faiz ev alanlar kreditləri vaxtlı-vaxtında ödəyə bilmirlər. 30 faiz müştərilər isə evin pullarını tam və vaxtlı-vaxtında ödəyən sakinlərdi və haqlı olaraq narazılıqlarını bildirirlər. Amma işlərdən kənarda qalsam da, son illərdə 28 və 29 saylı küçələrində inşaatın bitməsi üçün kənardan 10 milyon manatdan artıq vəsait cəlb edə bilmişəm. Bunun nəticəsində bu gün işlər gedir. Yoxsa 30 milyon manatdan artıq borcu olan müştərilərin ümüdünə qalarsa, tikinti bundan sonra beş ilə belə qurtara bilməz. Aldığımız borclar və etdiyimiz güzəştlər hesabına bir ilin ərzində Allahın köməkliyi ilə AAAF Parkda bütün işlər yekunlaşmalıdır.
İndiyə qədər kredit borcu olan müştərilərimizə borclarının 50 faizinə qədər güzəştlər etmişik. Bu güzəştlərə heç bir şirkətlərdə rast gəlməmişəm. Mən bir təsisçi kimi sona qədər müştərilərin yanında olacam, tez-tez görüşlərimizi təşkil edib sizlərlə yaxın təmasda olacam.
Bizim heç bir inşa etdiyimiz bina yarımçıq qalmayıb. Mən üç ildən artıqdır ki, Xırdalandakı işlərimi dondurmuş və idarəçiliyi vicdanlı şəxslərə həvalə etmişdim. Bu gün yenidən faktiki rəhbər kimi sizinlə bir olub qarşılaşdığımız problemləri tez bir zamanda aradan qaldıracağıq.
Bu müqəddəs ramazan ayında Sizlərə Allahdan sağlamlıq və bərəkətli ömür arzulayıram”.
P.S. İş adamının yazdıqları ilə bağlı müvafiq qurumlardan mövqe olarsa, yaymağa hazırıq.
/Musavat.com
Bu xəbər üçün şərh yazın