Hüseyn Cavidin “Şeyda” pyesi süjet xəttinin zənginliyinə, həm də məzmun bitkinliyinə görə əhəmiyyətlidir

Hüseyn Cavidin “Şeyda” pyesi süjet xəttinin zənginliyinə, həm də məzmun bitkinliyinə görə əhəmiyyətlidir 

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur.

Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir. Dramaturqun pyesləri ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “Şeyda” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. Hüseyn Cavidin “Şeyda” pyesində maddi zənginlik üçün ruhlarını şeytana satan insanların aqibəti təsvir olunur. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar.

Hüseyn Cavid “Şeyda” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. İnsanın sevgidən, vicdandan, mərhəmətdən, əxlaqdan uzaq olmasının nə ilə nəticələnəcəyini göstərir. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavidin “Şeyda” faciəsi 5 pərdəlidir. Əsərdə mətbəə işçilərinin həyatından, mübarizəsindən, yaşamından, xarakterindən danışılır. Ədib əsərində mətbəə müdiri- Məcid əfəndi, onun oğlu- Əşrəf, mürəttiblər-Şeyda Rəmzi, Rəuf, Qara Musa, Məsud, Yusif,alman rəssamı- Maks Müller,  Müllerin qızı- Roza, Rozanın anası- Mariya kimi yadda qalan obrazlar yaratmışdır. Əsər baş qəhrəman öldüyü üçün faciədir. Hüseyn Cavidin “Şeyda” faciəsinin süjet xəttini yardımçı obrazlar olan- məzarçı, qara geyimli mələk, digər mürəttiblər, çalğıçılar, polislər və həbsxana məmurları daha da zənginləşdirirlər. Əsərdə lirik şeirlərə geniş yer verilmişdir. Ümumilikdə faciə nəsrlə yazılmışdır. Əsər bir qapısı ilə iki pəncərəsi olan mətbəə otağının təsviri ilə başlayır. “Divarlarda təqvimlər, xəritələr, teleqraf kağızları və məktublar asılmış... Sağda və solda sandalyələr və bir neçə masa... Masalar üzərində idarəyə məxsus kitablar, risalələr, məcmuələr, qəzetlər və sairə…”

Hüseyn Cavid “Şeyda” pyesində Məcid əfəndi, Əşrəf, Şeyda, Rəuf, Qara Musa, Məsud, Yusif, Maks Müller, Roza, Mariya kimi obrazların nitqi və əməlləri vasitəsilə onların xarakterini oxucuya çatdırmışdır. Dramaturq pyesdə nakam sevgi xətti yaratmışdır. Bu sevgi rəssamın qızı, gözəl Rozanın uzun, qumral kirpiklərinə, cazibəli, mavi gözlərinə, məsumanə baxışlarına, mələkanə ədalarına vurulan Şeydanın timsalında özünü göstərir. Bu zavallı gənc Şeyda Rozanın eşqindən iztirab və sevinclə qarışıq bir duyğu yaşayaraq, bu nakam sevgisinin qurbanı olur. Bu xəyalpərvər gənc olduqca kasıb və kimsəsiz idi. Əsərdə onun rəqibi ondan var-dövlətcə qat-qat yüksək olan mətbəə müdiri Məcid əfəndinin oğlu Əşrəf idi. Əşrəf əsərdə Avropadan yeni gəlmiş atasının pulu ilə lüks həyat yaşayan bir gənc kimi təsvir olunur. Atasının var-dövlətinə güvənən Əşrəf rəssam almaniyalı Maks Müllerin qızı mademuazel Rozaya sevgi duymağa və göstərməyə başlayır. Şeyda mətbəə müdiri Məcid əfəndinin varlı oğlu Əşrəfi özünə rəqib biləndən sonra bu füsunkar gözələ duyduğu sevgini gizlətməyə başlayır.

 Hüseyn Cavid “Şeyda” faciəsində çox acılı insan talehlərini qələmə almışdır. Bunların biri də Qara Musadır. O, əsərdə çox güclü xarakterli, mərd, qorxmaz, qisasçı ruhlu təsvir olunmuşdur. Belə ki, Musa, qara bənizli, ortayaşlı, ortaboylu, qorqunc simalı bir tipdir. Sol əli biləyinin yarısına qədər ağ bez ilə sarınmış, üzərindəki paltar olduqca əski və yamaqlıdır. Bu iki qardaşın həyatda heç cür bəxti gətirməmişdir. Belə ki, qardaşı Yusif vərəmin son dövrlərini keçirməkdə olan solğun bənizli bir gənc kimi saralıb, solmuşdur. Musanın əli mətbəədə iş zamanı kəsilmişdir və gündən-günə də daha da pisləşirdi. Musa əsər boyunca Məcid əfəndidən özünün və vərəmli qardaşının haqqını istəyir. Musanı əsərdə belə qəddar və qisasçı edən qardaşı Yusifin gözünün qarşısında iztirablar içində öskürüb, qan qusması idi. Musanı o bədbəxt qardaşının iztirab və zülmlər içində sönüb bitməsi məhv edirdi. Qardaşının bu cür şiddətli öskürəklər içində boğularaq qalması ona öz kəsilmiş əlinin dərdini unutdururdu. Yusif tam altı il həbsxanadan fərqi olmayan mətbəədə çalışmışdı. Bu tozlu, çətin mühit onun ciyərini məhv etmişdi. Yusif və qardaşı Qara Musa mətbəənin tozunu udaraq, burda alın təri tökmüşdülər. Əsərdə insaf və mərhəməti olmayan mətbəə müdiri- Məcid əfəndi Yusiflə Musaya zillət və səfalətdən başqa bir şey vermir. Yusiflə Musanın bu acınacaqlı aqibətini görən mətbəə işçilərinin hamısı susur. Onlar bu əsarət altında əzilməyə məhkum qalırlar. Halbuki onlar özlərindəki gücün fərqində belə deyillər. Bütün cahanı bəsləyən, bütün orduları silahlandıran, bütün sərmayədarları – bütün sahibkarları sərsəmlətən hər kəsin aciz sandığı fəhlə əlləridir. Bu gün yer yüzünün bütün səadət və fəlakəti yalnız o əllərdən asılıdır. Bu fəhlə əlləri qarşısında bütün bəşəriyyət, bütün dünya hərəkətsiz qalacaqdır. Lakin bu qədər mürəttiblər özlərindəki gücdən xəbərsizcəsinə mətbəədə Yusiflə Musanın çarəsizliyinə tamaşa edirlər. Məcid əfəndini belə qəddar və zalım edən də məhz mətbəə işçilərinin susması idi. Məcid əfəndinin xarakterindəki qorxaqlıq Şeydanın Nikolayın haqqında yazdığı fikirlərə görə onu qovmasında bilinir. Məcid əfəndinin qorxusu o idi ki, mürəttiblər mətbəəni inqilab ocağına çevirərlər və bu onun həbsi ilə nəticələnər. Məcid əfəndi mətbəədə əlini itirərək, tək əli ilə qalan Musanın vərəmli qardaşına baxmaq üçün ondan iş istəməsini çox böyük hiddətlə qarşılayır. Musanı təhqir edərək qovur. Ona tək əldən səs çıxmaz deyir. Musa o əlini bu mətbəədə itirdiyini, ona görə də ona burada iş verilməsini tələb edir. Qarşılığında isə Məcid əfəndi onu mətbəədən qovur. Musanın Məcid əfəndidən istədiyi yalnız bir iş, bir vəzifə idi.

Hüseyn Cavid “Şeyda” faciəsində çox acılı insan talehləri yaşayan Yusif və qardaşı Qara Musanın birisinin xəstə, o biri birisinin də şikəst olmasının səbəbkarı kimi Məcid əfəndini və onun oğlu Əşrəfi görür. Maaşlar az, amma iş qucaq-qucaq...

Hüseyn Cavid “Şeyda” faciəsində Musa obrazının adını təsadüfən seçməmişdi. Əsərdə bu obrazın inqilabçı ruhu Peyğəmbər Hz. Musa ilə müqayisə olunur. “Fironu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi. Lakin sarsılmaz bir ruh ilə meydana atıldı. Öylə qəddar, zalım bir imperatora qalib gəldi”.

“Şeyda” faciəsində Əşrəfin var-dövlətinin qurbanı olan obrazlardan biri də Şeydadır. Belə ki, onun  məcnun qəlbi pula dəyişdirildi. Roza tərəfindən sevgisi rəğbət görmədi. Bu sevgi hüsran ilə bitdi.

Hüseyn Cavid “Şeyda” faciəsində Musa obrazının bütün dəyişimini əsər boyunca olduqca dolğun bir şəkildə təsvir etmişdir. Belə ki, o özünü əsərin sonunda “səfillər kralı”, “sərsərilər sultanı” adlandırır. Qardaşını itirən Musanın tək məqsədi qisas almaq idi. O, həyatda yaşamaq səbəbini belə izah edir. “Gedəcək bir yerim yoq... Yalnız bir şikar izliyorum. Boğub parçalamaq için bir tilki arıyorum”.

Dramaturq pyesdə nakam sevgi qurbanı olan Şeydanın Roza ilə Əşrəfin qol-qola gəlib- getdiklərini görərkən məhv olmasını böyük yazıçı ustalığı ilə qələmə almışdır. Roza ilə Əşrəf bağçada eşq yaşayarkən, Musa əlindəki tapança ilə onların qarşısına çıxıb, Əşrəfdən hesab istəyir. Musa Əşrəfə atası Məcid əfəndinin ona qarşı etdiyi bütün insafsızlıqları sayır. Əşrəfə atasının onun tək əlinə lağ edərək, tək əldən səs çıxmaz deməsini ona xatırladaraq, bu tək əllə vərəmli qardaşını necə qara torpağa gömdüyünü anladır. Eyni zamanda bu  tək əli ilə onu və atasını necə öldürəcəyini deyir. Əşrəf o mundar, zəngin, vicdansız, etibarsız, oğru siması ilə Musaya çoxlu pul təklif edir. İntiqam eşqi ilə alışıb yanan Musa Əşrəfi öldürür. Əşrəflə Musanın arasına girən Rozada köksünə dəyən güllədən yerindəcə ölür. Şeyda Rozanın ölümünə heç cür inanmaq istəmir və onun eşqindən dəli olur. Əşrəfi öldürəndən sonra Musanın tək amalı olur ki, Məcid əfəndini öldürsün. Musa çox yaxşı bilirdi ki, Məcid əfəndi oğlunu qəbiristanlıqda mütləq ziyarət etməyə gələcəkdir. Ona görə də onu məhz orda gözləyirdi. Musa düşmənini əsla bağışlamır. O, Məcid əfəndini köksündən vuraraq, öldürür. Bu işdə Musaya yardımçı olan məzarçını da onunla birlikdə tutub, həbs edirlər. Həbs olunan Musa və məzarçı həbsxanada Şeyda, Rəuf, Məsudu da görürlər. Onlarda inqilab etməkdə günahkar bilinərək, həbs olunmuşlar. Lakin bu inqilab zəfərlə bitir. “İştə inqilab marşı, inqilab nəğməsi! Of, nihayət istibdad heykəli devrildi. Rusiya çarlığı məhv oldu, qara bulutlar çəkildi. Arqadaşlar, artıq zəncirlər qırıldı, haqq yerini buldu. İştə səadət günəşi parlıyor, hürriyyət pərisi gülümsüyor. İştə bu gün məzlumlar için şərəfli bir bayram, zalımlar için qorqunc bir intiqam günüdür”.

İnqilab nəticəsində həbs olunanlar azadlığa çıxır. Musada öz azadlığına qovuşur. Lakin Şeyda bu günü görmür. O artıq ölmüşdü.

Hüseyn Cavidin “Şeyda” pyesi “Rəmzi” və “Nakam” adları ilə də tanınır. “Şeyda” faciəsində həm cəmiyyətin sosial ziddiyyətlərinə, həm də ayrı- ayrı fərdlərin dünyagörüşlərinə, mənəviyyatlarındakı təzadlara geniş yer verilmişdir. Əsər həm süjet xəttinin zənginliyinə, həm də məzmun bitkinliyinə görə olduqca əhəmiyyətlidir.


Həcər Atakişiyeva

Faktinfo.az 




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər