Hüseynqulu Bağırov nazir olmadığı müddətə cavabdehdirmi?

Hüseynqulu Bağırov nazir olmadığı müddətə cavabdehdirmi? - İlqar Hacıyevin " ittiham subutları" məntiqin dili ilə...

Uzun bir müddətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bəzi vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclasının gedişatı medianın gündəm mövzularından birinə çevrilib.

Məhkəmənin ilk aylarında KİV-lər işıqlandırdıqları məhkəmə prosesinin gedişatında nazirliyin bəzi vəzifəli şəxslərinin ittiham olunduqları əməlləri müzakirə edirdilərsə, indi sabiq nazir Hüseynqulu Bağırovdan da bəhs etməyə başlayıblar.

 

Məlumat üçün bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ETSN-nin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi vəzifəsini daşımış İlqar Hacıyev, departamentin digər əməkdaşları Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılıb. Onlar dövlət büdcəsindən ayrılmış 451 min manatı mənimsəməkdə təqsirli bilinirlər.

İttihamda göstərilir ki, təqsirləndirilən şəxslər departament daxilində 107 nəfərin adına kart açaraq, dövlət büdcəsindən ayrılan vəsaiti nağdlaşdıraraq mənimsəyiblər.

         Təqsirləndirilən şəxslərdən Əkbər Həsənov dəymiş zərərin 300 min manatını ödəyib. O bildirib ki, zərərin qalan hissəsini həbsdə olan İlqar Hacıyev ödəməlidir. İlqar Hacıyev isə məhkəmə iclasında ifadə verən zaman bir çox iddialar səsləndirib və sabiq nazir Hüseynqulu Bağırovu günahlandırıb.

İlqar Hacıyevin fikirlərini isə fürsət bilən bəzi media qurumları sabiq naziri hədəf seçərək, həqiqətə uyğun olmayan fikirlər səsləndirməyə başlayıblar. Sabiq nazirin vəkili isə bir müddət əvvəl mətbuat üzərindən açıqlama yayaraq, bəzi saytların məhkəməyə verilə biləcəyini istisna etməyib.


Bəs əslində nə baş verib və sözügedən mənimsəmədən Hüseynqulu Bağırovun xəbəri ola bilərmi?

          

Mövzuya dair internet üzərindən axtarış verib indiyə kimi keçirilən məhkəmə prosesi ilə yaxından tanış olanda, sadə bir məntiq bu sualın cavabını aydın şəkildə ortaya qoyur. Məsələ burasındadır ki, ittihamda yazılan mənimsəmə əməliyyatı 2018-ci ilin son ayları – avqust, sentyabr, oktyabr və noyabr aylarında baş verib. Həmin vaxt isə Hüseynqulu Bağırov nazir olmayıb. Belə ki, o,həmin ilin aprel ayında, mənimsəmə əməliyyatı baş vermiş müddətdən 4 ay əvvəl nazir vəzifəsindən azad edilib. Təkcə bu reallığın özü sübut edir ki, İlqar Hacıyev məsuliyyətdən yayınmaq üçün Hüseynqulu Bağırovun adını çəkə bilər. Və ya sabiq nazirin adını hallandırmaqla ona lazım olan dəstəyi təmin etmək vacibliyindən irəli gələn bir şəkildə çıxış da edə bilər.


Bu sadə gerçəkliyi nəzərdən qaçıran bəzi KİV nümayəndələri sensasiya dalınca qaçaraq, ağına-bozuna baxmadan, işin mahiyyətini səhv istiqamətə yönləndirməyə cəhd göstərirlər. Hətta bir az da irəli gedərək, "Hüseynqulu Bağırov 450 min manatla bağlı dindiriləcək" sərlövhəsi altında xəbər yaymaqla ictimai rəydə elə təəssürat yaratmağa çalışırlar ki, Hüseynqulu Bağırovun nazir olmadığı müddətdə mənimsənilən dövlət vəsaitinə aidiyyatı var.


Bilmək olmur, mətbuat təkzibedilməyən faktlara inanır, anonim şayələrə əsaslanır, yoxsa xəbiscəsinə edilən qeyri-səmimi müraciətə üstünlük verir. Axı fakt elə bir təkzibedilməz dəlildir ki, onu heç cür təhrif etmək olmur. Belə ki, baş vermiş hadisəni ilkin olaraq təhrif etmək olar, amma araşdırmalar istənilən şübhəli nüanslara aydınlıq gətirir. Hüseynqulu Bağırov aprel ayında nazir vəzifəsindən azad edilir, 2018-ci ilin son ayları – avqust, sentyabr, oktyabr və noyabr aylarını əhatə edən dövr ərzində 451 min manatlıq mənimsəmə baş verirsə onu necə, hansı əsasla ittiham etmək olar axı...? Düşündürücüdür...


Digər tərəfdən, sabiq departament direktoru Əkbər Həsənov mətbuata açıqlamasında bildirib ki, sabiq nazir Hüseynqulu Bağırovun rəhbərliyi dövründə də dəfələrlə audit yoxlamaları aparılıb. Həmin yoxlamalarda heç zaman qanun pozuntuları aşkar edilməyib.

Sitat: "Hətta sonuncu dəfə 2017-ci ildə Hesablama Palatası tərəfindən nazirlikdə və onun tabeliyində olan qurumlarda yoxlamalar aparılmış və bu zaman hər hansı bir pozuntu aşkar edilməmişdir. Bir məsələni də qeyd edim ki, Hüseynqulu Bağırovun rəhbərliyi altında işləmiş şəxslər indi də yeni nazirlə çalışır. Hətta, onlar arasında daha yüksək vəzifələrə təyin edilənlər də var. Məsələn, departamentin əvvəlki direktoru olmuş Xəlil Ramazanov hazırda yeni nazirin müşaviri vəzifəsində çalışır. Əgər bu cür qanunsuzluqlar uzun müddət olsaydı, indi həmin şəxslərə yüksək vəzifə verib, etimad göstərərdilər?!"

         

  Bu cür açıqlamanın özü bütün mətləblərə birmənalı şəkildə aydınlıq gətirir desək, yəqin ki, səhv etmiş olmarıq. Deməli, İlqar Hacıyevin "ittiham subutları" ilə təfəkkürləri səfərbər etməsinin həqiqətlə heç bir əlaqəsi yoxdur. Çünki, sabiq departament direktoru Əkbər Həsənovun mətbuata açıqlamasında 2017-ci ildə Hesablama Palatası tərəfindən nazirlikdə aparılan yoxlamaların şəffaflığı əks etdirməsini səsləndirməsi rəsmi bir dövlət qurumuna istinaddır.

         Həmçinin, internet üzərindən axtarış verdikdə aydın olur ki, sabiq departament rəhbəri Əkbər Həsənov çalışdığı müddətdə nazir Hüseynqulu Bağırova hər ay 10 min manat nağd pul verməsi ilə bağlı İlqar Hacıyevin səsləndirdiyi fikirlərə də münasibət bildirib.

"Bu fikirlər tamamilə cəfəngiyyatdır. İlqar Hacıyev öz əməllərini gizlətmək üçün belə danışır. Gah mənim üstümə gəlir, gah da Hüseynqulu Bağırovun adını çəkir, ona şər atır ki, vəziyyətdən çıxsın. İlqar Hacıyev özü istintaqa 154 min manatı ödəyəcəyini deyirdi, hətta bunun üçün 20 dekabr 2019-cu ilə qədər vaxt da almışdı. Ancaq sonradan fikrini dəyişdi və şər-böhtan yolu tutmağa başladı".


Göründüyü kimi, İlqar Hacıyevin Hüseynqulu Bağırova qarşı süni ittiham subutlarının həqiqətlə əlaqəsi ikinci halda da təsdiqlənmir. Verilmiş ifadələr onun düzgün danışmadığını aşkarlayır. Sabiq nazirə qarşı səsləndirilən ittihamlar həqiqi təkzibolunmaz faktların qarşısında bağça uşağına cəhd göstərilən əxlaq dərsi kimi cılızlaşır, etibarlılığını itirir.

       

   O ki, qaldı Əkbər Həsənovun Qərb Universitetinin yeni korpusunun tikintisində onlardan vəsait tələb edilməsi məsələsinə, bunun da yalan olduğunu sabiq departament direktoru belə əsaslandırıb. Əkbər Həsənov: "Yeri gəlmişkən, bu məsələ ilə bağlı Qərbi Kaspi Universitetindən mediaya belə bir açıqlama verilib. Universitetin binalarının tikintisi birinci qəpiyindən axırıncı qəpiyinədək universitetin və onun yaratdığı təşkilatların mənbəyi məlum olan vəsaitlərin hesabına ödənilib. Bunu yoxlamaq çətin deyil. İstənilən şəxs universitetin binalarının tikintisi ilə bağlı müqavilələr, bank ödəmə sənədləri ilə tanış ola bilər".


Bütün bu fikirlərdən sonra belə qənaətə gəlmək olar ki, departamentin baş mühasibi olmuş İlqar Hacıyevin sabiq nazir Hüseynqulu Bağırovla bağlı səsləndirdiyi ittihamların həqiqətlə bağlılığı yoxdur, bəlkə də emosional vəziyyətdə səsləndirilən fikirlərdir. Bu təqdirdə mətbuatın emosional təsvirə əsaslanıb ictimai rəyi çaşdırması isə özünü tədricdir.

Firuddin Oruc

 Faktinfo.az








Birinci məlumatlanmaq üçün facebook səhifəmizi