AZƏRBAYCANDA “COVID-19 İMMUNİTET SERTİFİKATI" İLƏ BAĞLI DÜZGÜN QƏRAR QƏBUL EDİLDİ? -Elmi araşdırmalarda üst-üstə düşən fakt
Elm adamları koronavirusa qarşı antitellərin insan bədənində nə qədər qala biləcəyini açıqlayıblar.
Bu barədə "Reuters" 6.08.2021-ci il tarixində Barselonanın Qlobal Sağlamlıq İnstitutunun (ISGlobal) saytında yer alan məlumata əsasən xəbər yayımlayıb.
Elmi araşdırmaya görə, yoluxan orqanizmdə antitel səviyyəsi yeddi ay sonra da sabit qalır və ya hətta yüksəlir. Mütəxəssislər insanların 75 faizində xəstəliyin başlanmasından beş ay sonra antitellərin sayının artdığını və koronavirusa yenidən yoluxma faktının olmadığını qeyd ediblər.
Həmçinin, soyuqdəymə səbəbindən xəstələnmiş, eyni zamanda koronavirusa yoluxmuş orqanizmdə də antitellərin əlavə qorunmanı təmin etdiyi ortaya çıxıb.
FAKTİNFO.AZ xəbər verir ki,bu kimi elmi araşdırmalarda üst-üstə düşən fakt onlarladır.Sadəcə Azərbaycan səhiyyəsinə məsul olan qurumlar (TƏBİB),o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dünyadakı elmi araşdırmaları qəbul etmək istəmir.Onlar dünyada baş verənlərdən özlərini və Azərbaycan vətəndaşlarını aldadırmışlar kimi davranırlar.Əks təqdirdə “COVID-19 immunitet sertifikatı” son 6 (altı) ayda analiz nəticəsi pozitiv olan şəxslərlə bərabər,bu virusa yoluxan,əlində rəsmi sənədləri olan bütün şəxslərə şamil olunardı,kütləvi narazılıq yaradılmazdı.
FAKTİNFO.AZ mövzunun aktuallığını nəzərə alıb İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “COVID-19 immunitet sertifikatı”nın tətbiqinə başlanılan ərəfədə, yayımladığı "COVİD-19 immunitet sertifikatı"nın verilməsinə məhdudiyyət qoyulmalı idimi?-Elmi-Tədqiqatlar nələrin üzərində dayanır,(https://www.faktinfo.az/news/covid-19-immunitet-sertifikatinin-verilmesine-mehdudiyyet-qoyulmali-idimi-elmi-tedqiqatlar-neleri-ifade-edir) başlıqlı məqalədən lazımı məqamları oxucuların diqqətinə təqdim edir:
ELMİ-TƏDQİQAT KORONAVİRUSA YOLUXANLARDA ANTİCİSİM BARƏDƏ NƏLƏRİN ÜZƏRİNDƏ DAYANIR?
Dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, Almaniyada alimlər tərəfindən aparılan elmi-tədqiqat işləri təkrar-təkrar bir qənaətin üzərində dayanır. Koronavirusa yoluxan və bu xəstəlikdən sağalan şəxslərdə antitellər yaranır. Koronavirusa təkrar yoluxmaya qarşı sədd rolunu oynayan antitellər verilən analiz zamanı qanda görünməyə bilər. Və yaxud verilən analizlərdə antitellər çox aşağı faizlə aşkarlana bilər. Bu isə xəstənin təkrar koronavirusa yoluxacağına dəlalət etmir. Koronavirusa təkrar yoluxma (peyvənd olunmuş şəxslər də nəzərdə tutulur) virusun mutasiyaları ilə bağlı ola bilər.
İnternet üzərindən axtarış verəndə fikirlərimizi gücləndirən,2 ay əvvəl açıqlanan elmi-tədqiqatın nəticəsinə dayanan arqumentlərlə də tanış olmaq olar. Məsələn qeyd edilir ki, vacib immunitet hüceyrələri virusa yoluxanların, yaxud ona qarşı peyvənd olunanların sümük iliyində yaşayır. Bunu 2 yeni araşdırma üzə çıxarıb. Bu barədə “Naturel” jurnalında dərc olunmuş araşdırmaya görə, yaddaş hüceyrələri sümük iliyində qalır. Bioloji tədqiqat saytı olan “BioRxiv” isə yazır ki, tədqiqata görə, B hüceyrələri ilkin yoluxmadan azı 12 ay (1 il) sonra yetişir və möhkəmlənir. Hər iki tədqiqat koronavirusa yoluxan şəxslər üzərində aparılıb. O da qeyd edilir ki, immunitet azı 1 il, hətta ömürlük də qala bilər. Tədqiqatın nəticəsində bildirilir ki, koronavirusdan sağalan şəxslərə əgər vaksin vurulsa belə, əlavə gücləndirici doza vurmağa ehtiyac yoxdu. Pensilivaniya Universitetinin immunoloqu Skot Hensli tədqiqatların yekunu olaraq, açıqlama ilə çıxış da edib. “Həyatımız boyunca koronavirusa təkrar yoluxma immunitetə görə yox, virusun mutasiyaları ilə bağlı olacaq”.
Nyu York Rokfeller Universitetindən Mişel Nussenzveqin fikrinə görə isə, SARS-COV-2-yə qarşı yaranan B yaddaş hüceyrələri o qədər güclüdür ki, virusun mutasiyasının qarşısını belə ala bilirlər. “Yoluxanlar və vaksinasiya olunanlarda həqiqətən qeyri-adi reaksiya yaranır, dəhşətli dərəcədə anticisim seriyası formalaşır və formalaşmaqda davam edir. Bu anticisimlərin uzun müddət qalacağını gözləyirəm”.
Göründüyü kimi, Azərbaycanda rəsmən koronavirusa yoluxub sağalmış şəxslərin narahatçılıqlarına və narazılıqlarına haqq qazandırmaq mümkündür. Bunu dünya alimlərinin tədqiqatları da təsdiqləyir. Bir də ki, “görünən dağa nə bələdçi”...
Ölkəmizdə 1 il 5 ay bundan əvvəl koronavirusa yoluxanlardan biri də təkrar yoluxmadı. Bu barədə rəsmi məlumat varsa, bu absurd qərarı çıxaranlar bir nümunə göstərsinlər. Buna və dünya alimlərinin tədqiqatlara söykənən araşdırmalarına, məntiqə, ölkəmizdəki müşahidələrə əsaslanaraq, “COVID-19 immunitet sertifikatı” son 6 ayda koronavirus analiz nəticəsi pozitiv olan vətəndaşlara deyil, rəsmən bu virusdan sağalan bütün insanlara şamil edilməli idi.
MÜŞAHİDƏLƏR NƏ DEYİR?
Azərbaycanda pandemiya dövrünü əhatə edən 1 il 5 ay ərzində koronavirusa yoluxub sağalan şəxslərin ikinci dəfə virusa yoluxması müşahidə edilməyib. Bu barədə 1 %-li yekdil fikir yoxdu. Təbii ki, burada rəsmi qaydada qeydiyyata alınan xəstələrdən söhbət gedir. Həmçinin, bu şəxslərin koronavirusun müxtəlif mutasiyasına qarşı müqavimətini də nəzərə aldıqda, bu mərhələlərdə ikinci dəfə yoluxma qeydə alınmayıb.
İnanırıq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yol verdiyi səhvinə yenidən baxmaqla yaranmış narazılıqların qarşısını alacaq.
FUAD İSGƏNDƏROV
FAKTİNFO.AZ SAYTININ BAŞ REDAKTORU
Bu xəbər üçün şərh yazın