İcra başçısı Əziz Əzizovun qeyri-etik hərəkəti: Bıçağı şəhid anasına verib... - Foto
Bu gün şəhid leytenant Samir Əliheydər oğlu Əliyevin 21-ci doğum günü qeyd edilib.
Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə salınan parkın və inşa edilən bulağın açılış mərasimi də keçirilib.
Açılış mərasimində icra başçısı Əziz Əzizov, müavinləri, şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, şəhid anaları, 55 saylı tam orta məktəbin pedaqoji və şagird heyəti, Samir Əliyevin hərbiçi yoldaşları iştirak ediblər.
Mərasimdə şəhidin fotosu həkk olunmuş tort və tortun kəsilməsi üçün şəhid anasının əlinə bıçaq verilməsi sosial şəbəkələrdə kəskin etiraza səbəb olub.
Fotodan da göründüyü kimi, ana şəhid oğlunun şəkli əks olunan tortu kəsə bilmir və ağır sarsıntı keçirir.
Sosial şəbəkə istifadəçiləri bu məqamda Suraxanı icra başçısı Əziz Əzizovun duruşuna (fotoda görünür – red.) diqqət çəkiblər. Ə.Əzizovun şəhidin anım tədbirində davranışı, şəhid anasına qarşı bu cür qeyri-etik hərəkəti anlamadan gülümsəyərək durması tənqid edilib.
Qeyd edək ki, bir müddət öncə analoji hadisə şəhid atasına qarşı edilmişdi. Şəhid atası da əlində bıçaq torta yaxınlaşarkən oğlunun fotosunu görüb sarsılmış və hönkürmüşdü.
Hələ o zaman şəhidlərin fotosunun anım və ya ad günlərində tort üzərinə vurmaq və həmin tortun kəsilməsinin onun valideynlərindən tələb etmək ən sərt şəkildə qınanılmış, bu, rüsvayçı hərəkət adlandırılmışdı.
Görünür, Suraxanı İH-də ya ictimai rəyi nəzərə almır, ya dünyadan xəbərləri yoxdur, ya da şəhid valideyninə əzab verməkdən zövq alırlar.
Hər 3 hal utancverici olmaqla bərabər, əhali ilə işləməli olan quruma yalnız üzqaralığı gətirir.
Bu xəbər üçün şərh yazın