İki elmi-tədqiqat institutu Neft-Kimya Prosesləri İnstitutuna birləşdirilə bilər
Son vaxtlar müxtəlif sahələri əhatə edən struktur islahatlarının Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) da yan keçməyəcəyi gözlənilir.
Qeyd edək ki, AMEA-nın nəzdində 34 elmi-tədqiqat institutu mövcuddur. Bu tip elmi müəssisələrin sayının çoxluğu onunla bağlıdır ki, oxşar sahə üzrə 3-4, bəzi hallarda isə daha çox elmi-tədqiqat institutu fəaliyyət göstərir.
Faktinfo.az xatırladır ki, Avropanın inkişaf etmiş heç bir ölkəsində Elmlər Akademiyası adlı qurum yoxdur. Həmin ölkələrdə olan elmi-tədqiqat institutları nüfuzlu universitetlərin nəzdində fəaliyyət göstərir.
Bütün bunlar nəzərə alınaraq Azərbaycanda elm sahəsində hökm sürən pərakəndəliyi, dağınıqlığı aradan qaldırmaq üçün böyük ehtimalla yaxın vaxtlarda AMEA-da bir sıra islahatlar həyata keçiriləcək. Bu mənada birləşdiriləcəyi gözlənilən qurumlar arasında Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-Üzvi Kimya, Aşqarlar Kimyası İnstitutlarının da adı keçir. Adı çəkilən elmi müəssisələr arasında daha çox populyar olanı, ölkə elminə və iqtisadiyyatına daha çox fayda verəni heç şübhəsiz ki, Neft-Kimya Prosesləri İnstitutudur. Bu qurumun təkcə ölkə iqtisadiyyatının sütunlarından sayılan “Sokar”la birgə gördüyü işləri,verdiyi səmərələşdirici təklifləri,eləcə də ekoloji tarazlığın qorunması məqsədilə benzin və dizel yanacağının tərkibinin saflaşdırılmasına dair tədqiqatlarının nəticələrini yada salmaq, yəqin ki, kifayət edər.
Həmin institutların rəhbərləri arasında ən nüfuzlusu, ictimai-siyasi arenada ən aktiv olanı,kimya elminə ən çox töhfə verəni də məhz Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovdur. Məhz bütün bunlara görə belə qənaətə gəlmək olar ki, əgər bu 3 elmi tədqiqat inistitutunun birləşməsi məsələsi gerçəkləşərsə, böyük ehtimalla digər 2 institut Neft-Kimya Prosesləri İnstitutunun tabeliyinə veriləcək.
Ancaq bəzi maraqlı şəxslər bu reallıqla barışmaq istəmədiyindən indidən narahatlıq keçirir və buna görə məqsədli şəkildə Neft-Kimya Prosesləri İnstitutunun direktoru ilə bağlı KİV-lərə həqiqətə uyğun olmayan,böhtan xarakterli məlumatlar ötürürlər.
Ancaq biz akademik Vaqif Abbasovun Azərbaycan xalqı qarşısında, kimya elmi sahəsində göstərdiyi müstəsna xidmətləri yaxşı bildiyimizdən həmin faktları ciddiyə almırıq və hesab edirik ki, görünən dağa bələdçi nə gərək?
Faktinfo.az
Bu xəbər üçün şərh yazın