İLHAM ƏLİYEVİN ƏMİSİ NƏVƏSİ SAXLANILDI! – Riyad Əliyevə 30 sutka həbs verildi!
İş adamı, prezident İlham Əliyevin əmisi oğlu İlqar Əliyevin oğlu Riyad Əliyev saxlanılıb və 30 sutka inzibati həbs cəzasına məhkum edilib. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mötəbər qaynaqlardan məlum olub. Riyad Əliyevin DYP əməkdaşları ilə mübahisə etdiyi və onların qanuni tələblərinə məhəl qoymadığı üçün saxlanıldığı bildirilir.
Məlumata görə bir neçə gün əvvəl Bakı şəhəri Dövlət Yol polisi İdarəsinin iki əməkdaşı –polis serjantları Samir Şirinov və Sənan Həsənəliyev günorta saat 15 radələrində Bakıxanov qəsəbəsinin ərazisində xidmətdə olarkən görünüşü məhdudlaşdıran və istifadəsi qanunla qadağan olunmuş tünd rəngli şüşələrlə idarə edilən “Mersedes S65 AMGL”markalı avtomobili saxlayıblar.
YPX əməkdaşları sürücüdən sənədləri təqdim etməyi tələb ediblər. Lakin bu vaxt avtomobilin sərnişini düşərək DYP əməkdaşları ilə onları saxladıqları üçün mübahisə etməyə başlayıb. Polislərin bütün israrlarına baxmayaraq həmin şəxs mübahisəni davam etdirib, DYP əməkdaşlarına müqavimət göstərib. Lakin o, saxlanılıb və şəxsiyyəti aydınlaşdırılanda Bakı şəhər sakini Riyad Əliyev olduğu müəyyən edilib.
Riyad Əliyev mərhum Aqil Əliyevin (prezident İlham Əliyevin əmisi) nəvəsidir və onun adına “Riyad” mühafizə şirkətinin olduğu məlumdur.
Məlumata görə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərən, onlara tabe olmayan R.Əliyevin barəsində toplanmış materiallar Yasamal rayon məhkəməsinə göndərilib. Bu gün fevralın 21-də məhkəmənin qərarı ilə R.Əliyev barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın