İlyas İsmayılov Əli İnsanovun müdafiəsinə qalxdı-

İlyas İsmayılov Əli İnsanovun müdafiəsinə qalxdı- "Onun həbsdə saxlanması bizə hörmət gətirmir"

“Tarixdə mərhəmətli, ədalətli və öz millətinin dəyərlərinə, ənənələrinə sayğı göstərən dövlət başçıları, hökmdarlar həmişə hörmətlə yad edilib.

Mən çox ümid edirəm ki, prezident İlham Əlyev bu təcrübədən çıxış edərək, növbəti əfv sərəncamı imzalayarkən,  görkəmli alim Əli İnsanovun da adını azad ediləcək şəxslərin siyahısına əlavə edəcək”.

Bu fikirləri Strateq.az-a açıqlamasında Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov deyib.

İlyas İsmayılov bildirib ki, artıq 73 yaşını haqlamış və 14 ildir dustaq həyatı yaşayan görkəmli alimin həbsdə saxlanması təkcə hakimiyyətə yox, elə bir millət kimi, bizim özümüzə də hörmət, başucalığı gətirmir: “Milləti qabağa aparan, ona yol göstərən alimləridir və bu səbəbdən dövlət başçıları həmişə öz alimlərini qorumağa can atmalıdır. Qoca tarix alim-hökmdar dialoqları, alimlər üstündə çıxan savaşlar, alimlərin qorunması üçün ölkə rəhbərlərinin keçirdikləri xüsusi əməliyyatlar barədə heyrətamiz nümunələrlə doludur… Ancaq biz nə edirik? Onsuz da çox az sayda olan həqiqi elm sahiblərimizi, əsl alimlərimizi qorumaq, onlara fəaliyyətləri üçün yüksək şərait yaratmaq əvəzinə, onları  min bir əziyyətə, məhrumiyyətlərə düçar edirik, həbsə atırıq.

Alim cəmiyyətin dəyəridir. Təsadüfi deyil ki, Məhəmməd Peyğəmbər “Aimin mürəkkəbi ilə  şəhidin qanı göylər üçün eyni rəngdədir” deyirdi. Axı sındırılmış, alçaldılmış, təhqir edilmiş alimlərlə biz cəmiyyəti necə inkişaf etdirərik? Bu bir həqiqətdir ki, Əli İnsanov Azərbaycanın dünya miqyasında tanınan alimlərindəndir. İndi onu gülünc və siyasi mahiyyətli olduğu açıq-aşkar görünən ittihamlarla həbsdə saxlamağın nə adı var?! 

Mən hesab edirəm ki, Əli İnsanovun işi təkcə hüquq-mühafizə orqanlarının yox, həm də bizim cəmiyyətin vicdan məsələsi olmalıdır. Belə laqeyd münasibət nə hakimiyyətə, nə də bir millət kimi, bizə hörmət gətirmir”.

İlyas İsmayılov açıqlamasında hələ respublika prokuroru işlədiyi illərdə rastlaşdığı bir alimin həbsiylə bağlı hadisəni də nəql edib: “Mən respublika prokuroru təyin olunmazdan əvvəl – Abbas Zamanovun vaxtında Özbəkistandan Azərbaycana dəvət edilmiş Nadir Mehdiyev adlı nüfuzlu bir alimi həbs etmişdilər. İşi Moskvada Proşkin familiyalı mühüm işlər müstəntiqi aparırdı. Nadir Mehdiyev, indi dünyasını dəyişdiyinə görə adlarını çəkmədiyim bəzi adamlarla yola getmirdi və buna görə də Mərkəzi Komitənin əliylə də onun azad edilməsinin qarşısını alırdılar. Buradan SSRİ rəhbərliyinə, SSRİ Baş Prokuroru adına məktublar təşkil edilirdi ki, onu həbsdə saxlasınlar.  

Mən Moskvaya Kollegiyaya gedən zaman SSRİ Baş prokuroru Aleksandr Mixayloviç Rekunkov həmin məktubları göstərərək, dedi: “Yoldaş İsmayılov, mən sizin milləti heç cür başa düşə bilmirəm. Mənə göndərilən məktublarda alimin buraxılmasını yox, həbsdə saxlanmasını istəyirlər!”

Mən Bakıya qayıtdıqan dərhal sonra bu məsələni rəhmətlik Kamran Bağırova da danışdım və məlum oldu ki, Nadir Mehdiyevin həbsdə saxlanması üçün ona da güclü təzyiq edilir…

Br müddət sonra Mehdiyev azadlığa buraxıldı və Azərbaycandan getdi… Yəni, sözümün canı odur ki, alimlərin cəmiyyətə verdikləri fayda daha çoxdur, nəinki vurduqarı ziyan. Üstəlik, Əli İnsanov ittiham olunduğu əsas maddələrlə cəzasını çoxdan çəkib qurtarıb. Onu təzədən gülünc ittihamlarla içəridə saxlamağın nə adı var?! Axı bu, nə ədalətə, nə mərhəmətə, nə də dəyərlərə hörmətə sığır?! Əksinə, onu içəridə saxladıqca, cəmiyyətdə o fikir güclənir ki, hakimiyyət məhz Əli İnsanovun siyasi iddalarından çəkinərək, onu zorla içəridə saxlayır.”

İlyas İsmayılov Əli İnsanovun müdafiəsinə qalxdı-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər