“İnşallah sağ qalmaz” ifadəsi Xalidə Bayramovaya məxsusdur – Sevinc Abbasova + VİDEO
Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.
Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Məhkəməyə Səbail rayon icra başçısının müavini Xalidə Bayramova ifadə verib və daha sonra məhkəməni tərk edib.
Keçmiş direktoru Sevinc Abbasova daha sonra jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, təcili yardım 84 dəqiqə gec çağırılıb:
“Elina Hacıyeva məsələsi adi məsələ deyildi. Psixatrop maddənin təsiri altında intihar hadisəsi halı olduğu üçün polislər müəyyən araşdırmalar apardı. Sonra biz onu yola salanda uşaq salamat idi. Xəstəxanaya da yanına getmişəm. Məni reanimasiyaya buraxmadılar. Uşaq tək olduğu üçün onu xəstəxanada qoyub gecə bilmədim.
Uşaqla da çox mehriban söhbətimiz olub. Eliniçka məni görən kimi tez qaça-qaça gəlib salamlaşırdı. “İnşallah sağ qalmaz” ifadəsi ilə bağlı 20-yə yaxın adam Prokurorluğa çağırılıdı. Onların səs analizlərini götürdülər. Müasir texnologiyalar vasitəsi ilə səsyazısını yoxladılar və məlum oldu ki, o, Xoşqədəm xanımın sensasiya yaratmaq arzusudur. Oradaki səs Xalidə Bayramovaya məxsusdur”.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.
Bu xəbər üçün şərh yazın