İnstitut direktoru ilə şöbə müdiri arasında qalmaqal:

İnstitut direktoru ilə şöbə müdiri arasında qalmaqal: "Uydurmalarınızı sabun köpüyü sayacağam"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu filologiya elmlər doktoru İdris Abbasovun ittihamlarına cavab verib.

Akademikin cavab açıqlamasında deyilir:

“Vaxt qızıldır, İdris Abbasov!

İctimaiyyəti çaşdırmaq, sosial şəbəkədə mənfi rəy yaratmaq niyyətinizin puçluğunun və əsassızlığının sübutu olaraq iki ittihamınıza qısaca cavab vermək məcburiyyətindəyəm:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan qazandığım qrant layihəsi xətti ilə görülən işlərin hesabatı adı çəkilən quruma hər 3 aydan bir təqdim olunmuşdur. Bunun sizə, hətta Dilçilik İnstitutuna da heç bir aidiyyəti yoxdur. Amma yenə də ictamaiyyət üçün qısaca açıqlama verirəm. Qrantdan alınan əməkhaqqı hesabına 2 kitab (biri 250 səh, digəri 500 səh) və 60-dan çox məqalə hazırlanmışdır. Bir də ki, layihədə mənimlə yanaşı, daha 6 nəfər elmi işçi iştirak etmişdir. Odur ki, “100 minlərlə vəsaiti mənimsəmək” ittihamınıza görə cavab verməli olacaqsınız.

2. Plagiat saydığınız kitabın müəlliflərindən birini – gənc və istedadlı bir xanımı mən yox, AMEA-nın Rəyasət Heyətinin çox nüfuzlu komissiyası mükafatlandırmışdır. Həm də həmin gənc xanım (Şəbnəm Həsənli-Qəribova) plagiat saydığınız kitaba görə yox, 87 məqaləsinə (sizin neçə məqaləniz var?) və 7 kitabına (bəs sizin?) görə mükafatlandırılıb. Onu da diqqətə çatdırım ki, bu mükafatı almağa təkcə Dilçilik İnstitutundan daha iki gənc xanım namizəd idi.

Haqq nazilər, amma üzülməz. Bir də onu bilin ki, mən ömrüm boyu nə qazanmışamsa, Ulu Tanrının və alın tərimin hesabına olub. Ömrümün mənalı hissəsini də, əsasən, XV-XVI əsrlərə aid Azərbaycan-türk əlyazma kitablarının tədqiqinə və nəşrinə həsr etmişəm. Və bununla fəxr edirəm. Bəs siz? Sizdə, yəqin ki, sosial şəbəkə statusları üstünlük təşkil edər. Allah köməyiniz olsun.

P.S. Bundan sonra uydurmalarınızı sabun köpüyü sayacağam. Suallarınızı da vəkilim (özü də sosial şəbəkədə yox) cavablandıracaq”./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi